İctimai Palatanın aprelin 2-dəki aksiyasında iştirak edəcək gənclər təşkilatlarının üzvlərinin sayı günü-gündən artmaqdadır. Aksiyanın şüarlarını bəyənən və onların hazırkı reallıqlarla səsləşdiyini daha iki gənclər təşkilatının təmsilçisi bəyan edir. Söhbət “Azad Gənclik” və “10 dekabr” Gənclər təşkilatlarından gedir.
«Siyasi azadlıqların vəziyyəti 2 aprel aksiyasının keçirilməsini zəruri edir»
“10 dekabr” Gənclər təşkilatının təmsilçisi Nahid İsmayıl bildirdi ki, hazırda Azərbaycanda siyasi azadlıqların vəziyyəti, söz və mətbuat azadlığına olan basqılar 2 aprel aksiyasının keçirilməsini zəruri edir: “Azərbaycanda vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Məhz siyasi azadlıqların məhdudlaşdırılması, sərbəst toplaşmaq azadlığına imkanın yaradılmaması hazırkı vəziyyətin ciddiliyini göstərir. Ona görə aprelin 2-dəki aksiya bu baxımdan vacibdir. Həmin gün təşkilatımızın üzvləri öz dəstəklərini nümayiş etdirmək üçün mitinqçilər arasında olacaqlar”.
«Bu cür aksiyalara zərurət yaranması təsadüfi deyil»
“Azad Gənclik” təşkilatının rəhbəri Ülvi Həsənli də bildirdi ki, IP-nın aksiyası Azərbaycandakı mövcud reallıqlar nəzərə alınarsa, çox aktualdır: “Ölkədəki korrupsiyanın səviyyəsi milli təhlükəsizliyə təhdidedici həddə çatıb. Cəmiyyətdəki narazılığın həddi bu cür aksiyaların keçirilməsini zərurətə çevirir. Aprelin 2-dəki aksiyanın tələblərini bölüşürük. Bizim gənclər təşkilatının fəalları da aksiyada ön sıralarda olacaqlar”.