«Azərbaycan hakimiyyəti Sədərək gömrüyünün sədrinin həbsinə sevinməlidir»
Turqut Ər: « Türkiyədə heç zaman “dərin dövlət” olmayıb»
Türkiyədə hazırda cərəyan edən hadisələrlə bağlı müxtəlif yozumlar mövcuddur. Hazırda qardaş ölkədə baş verənlər ölkədə bir siyasi ajiotaj yaradıb. Hadisələr istər dünya, istərsə də Azərbaycan mətbuatı tərəfindən yaxından izlənilir. Amma belə yozumlar da var ki, baş verən hadisələr Ərdoğan hökumətini sarsıtmağa xidmət edir. Türkiyədə siyasi ehtirasları artıran hadisələrin qarşıdan gələn bələdiyyə seçkilərinin də nəticələrinə təsir edəcəyi ehtimal olunur. Çünki korrupsiya və rüşvət ittihamları AKP-nin mövqeylərini zəiflətmiş oldu. Hadisələrin pərdəarxası məqamlarına aydınlıq gətirməsi üçün Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı və “Azadlıqdan Tiranlığa” kitabının müəllifi Turqut Ərə müraciət etdik:
– Rüşvətxorluğun, korrupsiyanın, oğurluğun pərdəarxası məqamları olmur. Ortada cinayət işləmiş insanlar var. Edilən cinayətin cəzası nədirsə, Türkiyə dövlətinin hüququnun nəzərdə tutduğu cəzalar tətbiq olunmalıdır. Həqiqi demokratik ölkələrdə bu cür tədbirlər görülür. Normal dövlətlərdə də əgər kobud qanun pozuntuları baş verirsə, bu qanunsuzluqlar mütləq ortaya çıxardılır və günahkarlar cəzasını alır. Bu məsələləri araşdıran ədliyyə, polis sistemləri millətindir. Ona görə rəsmi orqanlar bu hüquq pozuntularını, rüşvətxorluğu mütləq araşdıracaq. Çünki hər şeydən əvvəl bu müvafiq orqanların bir nömrəli vəzifəsidir. Ikinci, bu araşdırmanın aparılmasını millət tələb edir. Burada baş verənlərin üstünü ört-basdır etmək, faktları gizlətmək kimi məsələlər mümkün deyil. Türkiyə demokratiya ilə idarə olunan ölkədir. Hazırda əsas məsələ, əsas diqqət yetirilən hadisə ortaya çıxarılan olayların olub-olmamasıdır. Hazırda aparılan araşdırmalar da həqiqətin ortaya çıxarılmasına hesablanıb. Türkiyədə dövləti sarsıda biləcək istənilən hadisələrə qarşı ciddi tədbirlər görülür.
– Indiyə qədər belə təəssürat yaranmışdı ki, AKP ölkədə baş verənlərə nəzarət edir. Amma hazırda ortada olan faktlar onu deməyə əsas verir ki, hətta AKP belə hazırlanan əməliyyatlardan xəbərsiz olub. Bu nəyin görsənişidir?
– AKP və Türkiyə hökuməti ayrı-ayrı müzakirə mövzularıdır. Dövlət mühüm məsələdir. Əgər dövlətin əsasları möhkəmdirsə, o zaman hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, qanun qorunacaq. Demokratiyası olan ölkələrdə heç bir hökumət baş verən qanunsuzluğu, korrupsiya halını gizlədə bilməz. Əgər qanun qorunursa, hakimiyyətdə AKP-nin və MHP-nin olmasından asılı deyil. Önəmli olan dövlətin idarə edilməsidir.
“Türkiyədə dövlətçilik ənənələri möhkəmdir”
– Belə bir fikirlər də var ki, hazırda baş verənlər dövlətin içərisində mövcud olan bir “dərin dövlət” tərəfindən həyata keçirilib. Bu mülahizələr nə dərəcədə əsaslıdır?
– Bu yanlış yanaşmadır. Bu sadəcə olaraq türk mətbuatının bir uydurmasıdır. Türkiyə dövlətinin içərisində heç zaman “dərin dövlət” mövcud olmayıb. Türkiyə dövlətinin təməlləri çox möhkəm qurulub. Türkiyə demokratiya ilə idarə olunan bir ölkədir. Dövlət seçkilərdə vətəndaşın səsverməsi ilə idarə olunur. Və bu sistem baş verən cinayətləri aradan qaldırmağa qadirdir.
– Baş verənlər eyni zamanda Ərdoğanla Fətullah Gülənin tərəfdarlarının qarşıdurması kimi təqdim edilir. Yəni pozulan münasibətlərin nəticəsi kimi bu hal meydana gəlib. Hətta belə bir fərziyyədə irəli sürülür ki, burada hədəf Ərdoğan hökumətidir və Fətullah Gülən bu planı Israil ilə birgə həyata keçirib?
– Bu mövzuda hər hansı fikir söyləmək üçün hələ tezdir. Düşünürəm ki, biz hazırda aparılan istintaqın, məhkəmələrin nəticəsini gözləməliyik. Əgər irəli sürülən bu fərziyyələrlə bağlı araşdırmanın nəticəsi olaraq müəyyən məqamlar, faktlar ortaya çıxarsa, o zaman nəsə söyləmək olar.
– Ümumiyyətlə Fətullah Gülənlə Ərdoğan arasında ixtilafın kökü nədədir? Belə hesab olunur ki, Fətullah Gülənin Ərdoğana qarşı çıxmasının səbəbi baş nazirin Israillə bağlı apardığı siyasətdir.
– Mən də davamlı olaraq bu cür məlumatlara rast gəlirəm. Amma düşünmürəm ki, bu fərziyələr həqiqətə uyğundur. Hazırda ortada olan məqamlara diqqət yetirmək lazımdır. Ortada olan isə budur ki, cinayətə yol verildiyi iddiası var. Bu cinayətlərin nə dərəcədə törədildiyi, ortada olan bütün faktlar araşdırıldıqdan sonra nəsə fikir söyləmək olar. Ona görə bütün bu məqamlar hərtərəfli araşdırılmadan nə dövlətə, nə də başqa şəxslərə ittiham irəli sürmək lazım deyil. Məsələn, Rza Zərrabın nə iqtidara, nə də başqa şəxslərə aidiyyatı var. O, Bakıda anadan olub. Indi araşdırılmalıdır ki, onun atdığı addımlar haradan qaynaqlanıb. Bütün bunlar araşdırıldıqdan sonra konkret fikir söyləmək olar. Mənim fikrimcə, bu məsələdə tələsmək lazım deyil.
Türkiyədə hakimiyyət dəyişikliyi olacaqmı?
– Hazırda Türkiyə cəmiyyətində baş verən proseslər qarşıdan gələn bələdiyyə seçkilərinin nəticələrinə necə təsir göstərəcək?
– Hazırda baş verənlər əlbbətdəki Türkiyə toplumunu etkilədi. Türkiyə vətəndaşı əgər bu cinayətlərə yol verilibsə, onun hərtərəfli araşdırılmasını istəyir. Amma baş verən hadisələr Türkiyədə hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Hər bir halda baş verənlər Türkiyədə hazırkı hakimiyyətin siyasətinin “yürümədiyi” təəssüratını yaratmış olacaq.
– Türkiyədə Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov da həbs olunub. O, hazırda Ərzurum həbsxanasında saxlanılır. Cinayət işlərinin araşdırılması bu baxımdan Azərbaycanda da diqqətlə izlənilir. Ona görə bu hadisələr Azərbaycana hansı təsirləri göstərə bilər?
– Əvvəlla, onu qeyd etmək istərdim ki, baş verən hadisələr iki dövlət arasında əlaqələrə təsir etməyəcək. Azərbaycan və Türkiyə bir millətdir. Heç kim bizim millətlər arasında ixtilaf sala bilməz. Azərbaycanın Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidovun rüşvət aldığı iddia olunur. O, bu rüşvəti, bu əməliyyatları Türkiyə tərəfində yerləşən həmkarları vasitəsilə həyata keçirib. Hazırda Azərbaycanın Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov həbsdədir. Onun baş verənlərdə günahının olub-olmaması araşdırılır. Əslində Azərbaycan hakimiyyəti Mirməhhəmməd Seyidovun həbs olunmasına sevinməlidir. Belə bir əməliyyatın keçirilməsi alqışlanmalıdır. Çünki cinayətdə ittiham olunan şəxs saxlanılıb. Hazırda eyni zamanda o diqqətlə izlənilməlidir ki, bu həbslərdən sonra istər Azərbaycan gömrüyündə, istərsə də Türkiyə tərəfində yenidən belə xoşagəlməz hallara yol verilməsin.
“Iran və Azərbaycan da araşdırmaya başlamalıdır”
– Iranın çirkli pullarının Türkiyəyə axıdılaraq bu ölkədə yuyulması faktını necə qiymətləndirirsiniz? Bu nəyin görsənişi sayıla bilər?
– Bəli bu məqamlara diqqət yetirmək lazımdır. Istər Iran, iəstərsə də Azərbaycan hakimiyyəti Türkiyədə baş verənlərə baxaraq, örnək götürməlidir. Məlumdur ki, Iranda demokratik ənənələr baxımından əziyyət çəkir, Azərbaycanda isə demokratiyadan danışmağa heç dəyməz. Amma Türkiyədə demokratik ənənələr, qanunun müdafiə olunması mövcuddur. Əgər baş verən hadisələrdə Iranın və Azərbaycanın adı hallanırsa, normal dövlətlər buna biganə qalmamalıdır. Iran və Azərbaycan da adları hallanan məsələlərlə bağlı öz dövlətlərində Türkiyə ilə paralel tədqiqata başlamalıdır. Əgər Türkiyədəki olaylarla bağlı yeni məqamlar varsa, onları da bu dövlətlər ortaya çıxarmalıdır. Amma Iran və Azərbaycandan belə bir araşdırmanın aparılmasını gözləməyə dəyməz. Çünki bu dövlətlər totalitar ölkələrdir. Demokratik qurluşa, ənənələrə sadiq olmadıqları üçün bu dövlətlərdən hər hansı araşdırma gözləməyə dəyməz. Azərbaycanda hansı səsli-küylü hadisələrin üstü açıldı, həmin olayları məhkəmələr ifşa etdi.
– Türkiyədə aparılan araşdırmalar Azərbaycanın Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidovdan başqa şəxslərin adlarının açıqlanmasına səbəb ola bilərmi?
– Araşdırmaların nəticəsinə diqqətlə baxmaq lazımdır. Sizdəki nazirlərin on səkkiz yaşlı övladları dünyanın hər yerində mülklərə sahibdirlər. Amma Türkiyədə nazirlərin övladlarını həbs etdilər. Türkiyədən bu məsələlərdə misal götürmək lazımdır. Türkiyə dövləti sağlam ölkə olduğuna görə cinayəti törədənə qarşı mübarizə aparır, hamı sosial, iqtisadi durumundan asılı olmayaraq qanun qarşısında bərabərdir.
– Hazırda daha çox verilən suallardan biri də Ərdoğan hökumətinin hansı addımları ata biləcəyi ilə bağlıdır. Ərdoğan əks addımlar kimi nələri edə bilər? Ərdoğan AKP-ni düşdüyü vəziyyətdən qurtara biləcəkmi?
– Ərdoğan cəsur bir baş nazirdir. Baş verənlərdən çıxardığım nəticə ondan ibarətdir ki, Ərdoğan aparılan istintaqın gedişinə müdaxilə etməyəcəkdir. Ərdoğan da hamı kimi qanunun işləməsinin, cinayətkarların cəzasını almasının tərəfdarıdır. Ərdoğanın bu vəziyyətdən çıxması tədqiqatların hərə tərəfli aparılmasından asılıdır. Yəni hazırkı hakimiyyətin baş verənlərdən qarşıdan gələn seçkilərdə, ümumiyyətlə siyasi proseslərdə ciddi xələl görəcəyini düşünmürəm. Əlbətdə xalq araşdırmanın aparılmasının tərəfdarıdır. Düşünürəm ki, Ərdoğan da bu siyasəti dəstəkləyərək vəziyyətdən qurtula biləcək.
Xəyal