«Avropa Birliyinin bu yeni mərhələsində Azərbaycan önəmli yer tutur»
“Türkiyə realist dövlətdir və regionda, Qarabağ probleminin həllində Qərbin siyasətini yürüdür”
Vəfa Quluzadə: «Kürdüstan məsələsinin qabardılması Rusiyanın təşəbbüsüdür»
Ukraynadakı siyasi böhran hakimiyyətin çıxılmaz durumu davam etməkdədir. Hazırda beyin mərkəzlərini belə əsas düşündürən sual Ukraynanın gələcək idarəçiliyi ilə bağlıdır. Görünən odur ki, Yanukoviç hökuməti artıq əvvəlki siyasətini olduğu kimi davam etdirə bilməyəcək. Avropa Birliyinin gələcəkdə hazırkı rəhbərlik, yoxsa yeni qüvvələrlə əməkdaşlıq etməyə üstünlük verəcəyi də gündəmdə olan əsas suallardandır. Müsahibimiz politoloq Vəfa Quluzadə ilə söhbətimizə Ukraynada baş verən proseslərə münasibət öyrənməklə başlasaq da, gündəmdə olan digər suallara da cavab aldıq:
– Hazırda Maydana toplaşanlar bütün Ukraynanın arzusunu ifadə edirlər. Hətta Ukraynanın Şərqində yaşayanlar belə Yanukoviçə qarşıdır. Düzdür, Ukraynanın Şərqi rusyönümlüdür. Burada yerləşən sənaye obyektləri sovet dövründən qalmadır. Buranın əhalisi yalnız SSRI-dən qalma müəssisələrdə çalışırlar. Ona görə bəzən Şərqi Ukrayna Avropaya inteqrasiyadan çəkinir. Avropaya inteqrasiya Şərqi Ukraynanın tez bir zamanda çökməsinə səbəb olacaq. Amma Ukraynada yaşayanlar bilirlər ki, bu inteqrasiya prosesi əvvəl-axır baş verməlidir. Yəni Avropaya inteqrasiya Ukraynanın həm qərbinin, həm də şərqinin maraqlarına tam uyğundur. Ona görə əminəm ki, proseslər ona gətirib çıxaracaq ki, Ukraynanı bürüyən etiraz hərəkatı dövləti vahid formada vəziyyətdən çıxaracaq. Bu yolda yeganə əngəl Rusiyadır. Rusiya Ukraynanın Avropaya inteqrasiyasını əngəlləmək üçün hər bir addıma hazırdır. Rusiya bu istiqamətdə qazın qiymətini aşağı salmağa, Ukraynaya geniş ticari güzəştlər vermək fikrindədir. Rusiyanın məqsədi Ukraynanı Gömrük Ittifaqına çəkməkdir. Amma Ukrayna Gömrük Ittifaqına daxil olmayacaq. Yanukoviçin Rusiyaya səfəri zamanı Gömrük Ittifaqı ilə bağlı məsələlər həllini tapmayacaq. Nəinki Ukrayna, Belarus da Avropa Birliyi ilə yaxın zamanlarda əməkdaşlığı dərinləşdirəcək. SSRI çoxdan çöküb. Amma bu imperiyanın ənənələri, zavod, fabrikləri, kadrları hələ gündəmdədir. Amma artıq 20 ildən sonra bu faktorlar da yerini dəyişməkdədir
“Avropa imperialist Rusiyanın yenidən dirçəlməsinə imkan verməməlidir”
– Aparıcı beyin mərkəzləri belə Avropa Birliyinin Ukrayna ilə bağlı bu qədər dirəniş göstərəcəyini gözləmirdi. Ukraynada baş verənlərə Avropa Birliyinin göstərdiyi dəstək, ABŞ siyasilərinin Maydanda aksiyaçılara simvolik olaraq yemək paylaması əslində demokratik qüvvələrə verilən dəstəkdir. Baş verənlər Ukraynaya bir dəstəkdir, yoxsa daha çox bununla Rusiyaya mesaj ünvanlanır…
– Əgər biz Avropanın yürütdüyü siyasətə diqqət yetirsək, iki yönümlü siyasəti görərik. Bir tərəfdən Avropa inkişaf etmiş, olduqca varlı, gələcək əsrdə yaşayan bir cəmiyyətdir. Bu baxımdan keçmiş sovet ölkələri ilə əməkdaşlıq əslində Avropa üçün başağrısıdır. Amma Avropa eyni zamanda NATO-nun üzvüdür və ABŞ-ın hərbi müttəfiqidir. Ona görə Avropa Amerika ilə bərabər Rusiyanın sovet dövründə olduğu kimi neft dolları hesabına əsgəri qüvvəsini bərpa edərək Ukrayna və digər postsovet ölkələrini təhdid etməsinə imkan verməyəcək. Avropa artıq bu reallığı anlayır. Əgər Avropa keçmiş sovet ölkələri ilə məşğul olmasa Qərb böyük təhlükələrlə üzləşəcəkdir. Rusiya özünün sosial, tibb, təhsil problemlərinə göz yumaraq silahlanmaya üstünlük verir. Rusiyada həmişə xalq dilənçi vəziyyətində olsa da, dövlət güclü olub. Çar dövründə də belə olub, SSRI zamanı da. SSRI dünya müharibəsindən sonra qısa müddətdə nüvə proyektini reallaşdırdı. Bu xalqın dilənçiliyi nəticəsində yarandı. O zaman Kremlin Amerika ilə silah yarışına girməsi, nəticə etibarı ilə SSRI-nin dağılmasıyla sonuclandı. O zaman SSRI dünyaya güc göstərə bildi, bir çox məsələlərdə ABŞ Kremllə hesablaşmalı oldu. Amma bütün bunlar SSRI-nin çöküşünün qarşısını almadı. Indi Rusiya inkişaf üçün başqa yol tanımır. Məsələn, Rusiya Almaniya kimi öz iqtisadiyyatını inkişaf etdirə bilməz. Almaniyadakı intellektual potensial Rusiyada yoxdur. Üstəlik sərhədlər açılandan sonra Rusiyadakı intellektual potensial Avropaya köç etməyə başladı. Rusiya hazırda yalnız neft dollarının hesabına nəfəs alır. Bu baxımdan çox yaxşı oldu ki, Rusiya Kalininqradda öz raketlərini yerləşdirdi. Bu Avropa üçün Rusiyanın yenidən təhlükəyə çevrilməsinin anonsu oldu. Qərb artıq bu raketlərin onlara tuşlandığını bilir.
Kreml taleyi ilə barışıbmı?
– Hazırda Ukraynada baş verənlərdə Rusiyanın fəallığı nəzərə çarpmır. Bu Avropa Birliyinin aktivliyinin fonunda Rusiyanın addımlarının görünməməsidir, yoxsa Kreml artıq öz taleyi ilə barışıb?
– Rusiyanın fəallığı bu dövlətin xüsusi xidmət orqanlarının bütün MDB məkanında işləməsindən ibarətdir. Rusiya hazırda Ukrayna ilə yanaşı Azərbaycana təzyiqlər edir. Azərbaycan da bu üzdən Avropa Birliyinə inteqrasiyadan çəkinir. Düzdür Azərbaycan Gömrük Ittifaqına da gedə bilmir. Rusiya Azərbaycana neft və qazla bağlı təzyiq edə bilmir. Amma Qarabağ məsələsinin həlli istiqamətində Rusiyanın təzyiqləri hiss edilir. Rusiya Azərbaycanı mütəmadi olaraq hədələyir ki, bir gün münaqişəni yenidən alovlandıraraq, Azərbaycanı çökdürə bilər. Rusiyanın hər bir keçmiş sovet ölkəsinə qarşı təzyiq vasitəsi var. Rusiyadan fərqli olaraq ABŞ cazibədar ölkədir. Amerika haqqında nə qədər tənqidi fikirlər söyləsən də, yenə də ABŞ və onun demokratiyası cazibədardır. Bütün Latın Amerikası ölkələrinin vətəndaşları Amerikaya can atır. Avropa da iqtisadi problemlərinə rəğmən cazibədardır. Sorğular da göstərir ki, MDB ölkələrinin vətəndaşları sərhədlər açılarsa böyük məmnuniyyətlə Avropaya yaşamağa gedəcəklər. Rusiyanın bu cazibədarlığı yoxdur. Rusiya təhlükəli ölkədir. Amma bu təzyiq rıçaqları Rusiyaya nifrət yaradır. Rusiya rəsmiləri Makkeyn kimi gedib Maydanda çıxış edə bilməzlər. Rusiya hazırda Ukraynanı bir dövlət kimi alçaldır, onları bir xalq saymır. Belə olan halda Ukrayna necə Rusiya ilə birgə olmağa üstünlük verə bilər? Ukrayna Rusiya ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Amma Kiyev daha Rusiyanın müstəmləkəsi olmaq istəmir. Rusiya isə bu reallığı anlamaq istəmir. Krım və Sevastopoldə Rusiya öz təbliğatını geniş formada aparır. Bütün bunlar münasibətləri çətinləşdirən məqamlardır. Ilk baxışdan Rusiyanın Ukraynada heç bir fəaliyyət göstərmədiyi nəzərə çarpsa da, bu belə deyil.
– “Şərq Tərəfdaşlığı layihəsində altı dövlət iştirak edir. Bunlar Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstandır. Bu dövlətləri də şərti olaraq 3 qrupa ayırmaq olar. Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı olan dövlətlər, tərəddüd edənlər və bu əməkdaşlığa maraq göstərməyənlər. Sizcə, Ukraynadan sonra Avropa Birliyinin diqqəti onunla əməkdaşlıqda tərəddüd edən Azərbaycana yönələcək, yoxsa Brüssel Ermənistan və Belarusu hədəf seçəcək?
– Bütün keçmiş sovet ərazisi Avropa Birliyinin diqqətindədir. Avropa Birliyi keçmiş sovet ölkələri ilə yeni mərhələyə başlayır və bu mərhələdə Cənubi Qafqaz, xüsusilə Azərbaycan önəmli yer tutur. Birinci mərhələ sovet ittifaqını çökdürmək idi. Bu baş verdi. Artıq sovet təhlükəsi yoxdur. Artıq biz yeni mərhələni yaşayırıq. Bu yeni mərhələdə xalqlar Avropa ilə əməkdaşlığa yetişiblər. Məsələn, Ukrayna xalqı Avropaya inteqrasiya tərəfdarıdır. MDB məkanında yeni nəsil formalaşıb. Bu yeni nəsil Qərblə daha fəal münasibətlərin qurulmasında maraqlıdır. Ermənistan da Avropa Birliyi ilə inteqrasiyada maraqlıdır. Əslində Ermənistan Rusiyadan Azərbaycandan daha çox çəkib. Azərbaycanın təbii resursları bu dövləti bir qədər vəziyyətdən çıxarır. Amma Ermənistanda bu imkanlar yoxdur. Bu baxımdan Azərbaycan və digər sovet ölkələri Avropa Birliyinin gündəmində olub. Bundan sonra da bu proses davam edəcək. Belarusda artıq hazırkı siyasətini uzun müddət davam etdirə bilməz. Bu dövlət də bir gün Avropa Birliyinə inteqrasiyanın zəruri olduğunu anlayacaqdır. Burada adi müqayisə durumu bəlli edir. Rusiya ilə Avropa Birliyinin iqtisadi imkanlarını müqayisə edin. Hansı parlaq gələcək vəd edə bilər? Əlbətdə Avropa Birliyi.
“Türkiyənin fəallığı nəticə verə bilər”
– Hazırda biz Türkiyənin regionumuzda fəallaşmasını müşahidə edirik. Türkiyə Qarabağ münaqişəsinin həlli üçün çeşidli təkliflərlə çıxış edib. Nə baş verir? Türkiyənin bu fəallaşması nəyin görsənişidir və hansı zərurətdən qaynaqlanır?
– Görünür, artıq Qarabağ probleminin çözülmə zamanı yetişib. Türkiyə də bu problemin həllinin artıq ertələnməsinin mümkünsüzlüyünü dərk edir. Artıq Ermənistanda nə hərb, nə sülh vəziyyətindən təngə gəlib. Amma Rusiyadan qorxurlar. Bu üzdən də Qarabağ problemi həll olunmur. Türkiyənin fəallığını artırması yaxşıdır. Amma təkcə Türkiyənin fəallaşması ilə iş bitmir. Türkiyə gərək Qərbin maraqlarının bir ifadəçisinə çevrilsin. Bu zaman prosesin nizamlanması uğurla başa çatacaq. Qarabağ probleminin həlli bir region ölkəsi kimi Türkiyənin milli maraqlarına uyğundur. Amma Türkiyənin bu fəallığının qısa müddət ərzində nəticə verəcəyini gözləmək olmaz. Bunun üçün zaman lazımdır.
– Belə fikirlər də var ki, əslində Türkiyənin bu fəallaşması Qərbin təşəbbüsü ilə baş verir. Burada məqsəd “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində Ermənistanı Avropanın bir hissəsinə çevirməkdir. Türkiyənin fəallığı Ermənistanı Ankaranın vasitəsilə Rusiyanın əlindən almaqdır…
– Bəli, mən də bu fikri bölüşürəm. Türkiyə yatıb-yatıb oyanmayıbdır. Türkiyə realist dövlətdir və regionda Qərbin siyasətini yürüdür.
– Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması yenidən gündəmdədir. Sizcə, bu nə dərəcədə baş verə bilər?
– Rusiya Ermənistandakı hərbi bazasını çıxarmadan bu dövlətin Türkiyə ilə sərhədləri açması heç bir nəticə verməyəcək. Rusiyanın bazaları çıxarıldıqdan sonra sərhədlərin açılması və Qarabağ probleminin həlli aktuallaşa bilər.
– Hazırda Kürdüstan məsələsi yenidən gündəmə gəlib. Azərbaycanla bağlı konkret olaraq ərazi iddiaları da səslənir. Sizcə, bu məsələnin qabardılmasında məqsəd nədir və bunun arxasında kimlər dayanır?
– Bu məsələ Rusiyanın təşəbbüsüdür. Qərbin belə maraqları yoxdur. Qərb qarşısına postsovet məkanının demokratikləşməsini məqsəd qoyub. Kürdüstan məsələsi isə Türkiyə və Azərbaycanı təhdid edir.
“Qarabağ problemi Rusiyasız həll oluna bilər”
– ATƏT-in Amerikalı həmsədri Ceyms Uorlik Qarabağ probleminin həlliylə bağlı maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, münaqişə tərəfləri hədə ritorikasından xeyli uzaqlaşıblar…
– Biz 90-cı illərin sonunda Qarabağ probleminin həllində daha uğurlu vəziyyətdəydik və sülhə yaxın idik. Atəşkəs xəttində atəş dayandırılmışdı. Sülhə də yaxınlaşmışdıq. Amma Rusiya buna imkan vermədi. Ermənistanda parlament güllələndi. Rusiya faktoru olmasa, Ermənistanla Azərbaycan qısa müddətə Qarabağ problemi həll edə bilər.
– Amerikalı həmsədr eyni zamanda vurğulayıb ki, ABŞ ilə Rusiyanın Qarabağ probleminin həllində mövqeyləri üst-üstə düşür. Bu bəyanatı necə anlamaq olar?
– Bu reallıqdan uzaq bəyanatdır. Amerika Rusiyanın normal dövlət olduğunu düşünürsə, yanılır. Rusiya əgər bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqda maraqlı deyilsə, o zaman mövqelər üst-üstə düşə bilər.
– Azərbaycanda səfərdə olmuş Britaniyanın xarici işlər naziri Vilyam Heyq Ilham Əliyevlə görüşərək, iki dövlət arasında enerji sahəsindəki əməkdaşlığı müzakirə edib. Bu görüşdə sizcə, təkcə “Şahdəniz” layihəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb, yoxsa ölkədəki digər problemlərə də toxunulub? Çünki görüşdən əvvəl Britaniyalı nazirə Azərbaycandakı vəziyyəti müzakirə etmək üçün çeşidli çağırışlar olmuşdu…
– Bu Vilyam Heyqə Britaniyanın baş nazirinin hansı göstərişlər verməsindən asılıdır. Sözsüz ki, ilk növbədə səfərin məqsədinə uyğun olaraq enerji məsələləri müzakirə olunacaq. Enerji məsələləri çox önəmlidir. Çünki Azərbaycanın Qərblə enerji sahəsində əməkdaşlığının artması ölkəmizi demokratiyaya yaxınlaşdırır. Ona görə Azərbaycan nə qədər Qərblə sıx əməkdaşlıq etsə, bir o qədər bizim maraqlarımıza uyğundur.
Xəyal