Gəncənin icra başçısı Elmar Vəliyev sələfi Eldar Əzizovun kadrlarını niyə «vurur»?
Gəncənin başçısı Elmar Vəliyev sələfi Eldar Əzizovun kadrlarını “vurmaqda” davam edir. Elmar Vəliyev icra başçısı təyin olunduğu bir neçə gün ərzində Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Məmməd Ibrahimovu, icra hakimiyyətində birinci müavini postunu tutan Rövşən Sadıqovu, təsərrüfat işləri üzrə müavin Sahib Quliyevi işdən çıxartdı. Bu günlərdə isə Mənzil Kommunal Təsərrüfat və Istehsal Birliyinin rəisi Abid Əliyevi, şəhər təmizlik idarəsinin müdiri Nizami Babayevi, mədəniyyət şöbəsinin müdiri Mina Məlikovanı, maliyyə idarəsinin rəisi Əvəz Babayevi tutduğu vəzifədən azad edib. Məlumatlara görə, təhsil şöbəsinin müdiri Mahal Əliyevi də işdən çıxarmağa hazırlaşır. Yeri gəlmişkən, Mahal Əliyev Eldar Əzizovun qohumudur.
Elmar Vəliyevin “kadr islahatları” əslində hakimiyyətin zirvəsində baş qaldıran ziddiyyətlərin təzahürüdür. Gəncənin icra başçısı Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun rəhbərlik etdiyi qruplaşmaya daxildir. Böyük bir şəhərin ona etibar edilməsində də Bəylər Əyyubovun mühüm rolu olub. Eldar Əzizova gəlincə, o, hakimiyyətdə “komsomol qruplaşması” kimi tanınan qrupa daxildir. Bu qrupda həmçinin Prezident Administrasiyasının (PA) şöbə müdiri Zeynal Nağdəliyev, vergilər nazirinin müavini Sahib Ələkbərov, Sumqayıtın keçmiş icra başçısı, hazırda mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev də təmsil olunur. “Komsomol qruplaşması” əsasən vaxtilə Ilham Əliyevlə tələbə və ya sinif yoldaşı olmuş şəxslərdən ibarətdir. Bu qruplaşma digər qruplara nisbətən bir qədər islahatçı hesab edilir. Bu baxımdan mühafizəkar Bəylər Əyyubovla, PA rəhbəri Ramiz Mehdiyev bu qruplaşmanın üzvlərini bitirməkdə maraqlıdırlar. Bu isə “yuxarılarda” yaşanan qarşıdurmanın “aşağılar”a da sirayət etməsinə gətirib çıxarıb.
İnformasiya şöbəsi