“Xalqımızın xoşbəxt gələcəyi və rifahı bir neçə məmur-oliqarxın iqtisadi maraqlarının girovuna çevrilib”
Gültəkin Hacıbəyli: «Ukraynalılar bu gün təkcə öz ölkələrinin deyil, bizim də azadlığımız və gələcəyimiz uğrunda mübarizə aparırlar»
Avrointeqrasiya tərəfdarlarının Ukraynada başlatdığı etiraz aksiyası davam edir. Qərb prosesləri təkcə diqqətlə izləmir, eyni zamanda xalqın yanında olduğunu bildirir, dəstək verir. Bu ölkədə, regionda və Azərbaycanda baş verən proseslərə Milli Şuranın üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin fikirlərini öyrəndik.
– Sizcə Ukraynadakı proseslər, bu dalğa Ukraynanı hara aparacaq?
– Sözsüz ki, inkişafa, rifaha, iqtisadi yüksəlişə, daha azad və ədalətli cəmiyyətə və bütün bunların təminatçısı olan Avropaya. 20 günə yaxın bir müddətdir ki, biz dünya tarixinin çox önəmli bir mərhələsinin şahidi oluruq. Bu gün Ukraynada nəinki bu ölkənin, hətta bütövlükdə dünyanın gələcək taleyi həll olunur. Ukrayna uğrunda mübarizə Rusiya və Avropa Birliyi, əslində isə, daha geniş anlamda, Rusiya və Qərb konfrantasiyasında həlledici mərhələdir. Ukrayna istər ərazisinə və əhalisinə, istərsə də prosesin inkişafına təsir imkanlarına görə Avropa ilə Rusiya arasında qalan altı “nifaq alma”sının ən önəmlisidir. Ruslarla və belaruslarla birlikdə şərqi slavyan xalqı olan Ukraynanın Avropa xalqları ailəsinə qovuşması, artıq Rusiyanın özünə, eləcə də Belarusa bir çağırışdır. Ukraynada baş verənlər Rusiyanın müqavimətinin sınma nöqtəsidir. Baxın, Yanukoviçi məsuliyyətsiz qərarlar qəbul etməyə, Assosiasiya və Azad Ticarət sazişlərini imzalamamağa təhrik edən Rusiya bu gün onu heç açıq şəkildə müdafiə edə də bilmir. Çünki Rusiyanın nəbzi indi Qərbin Iranla danışıqları, neftin qiymətində ehtimal edilən azalma ilə vurur və artıq o, Qərbə ciddi müqavimət göstərəcək halda deyil. Əvəzində ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland, Avropa Birliyinin Ali Komissarı Ketrin Eşton, Almaniyanın xarici işlər naziri Gido Vestervelle Maydana gəlib nümayişkaranə şəkildə Ukrayna xalqının mübarizəsinə dəstək ifadə edirlər. ABŞ-ın dövlət katibi Con Kerri “Berkut” silahlıları Maydana hücuma hazırlaşdığı dəqiqələrdə diplomatiya üçün qeyri-adi olan bir operativliklə “Ukrayna hökumətinin Maydana hücum qərarı ABŞ dövləti olaraq bizdə ikrah hissi doğurur” bəyanatını yaymaqla, yenə də diplomatik leksikon üçün kifayət qədər sərt olan ifadələrlə ortaya qətiyyətli bir mövqe qoyur. Bu artıq demarşdır. Qərb üçün Ukrayna uğrunda savaşın nə dərəcədə önəmli olduğunu sübut edən və Qərbin bu mübarizədə qarşı tərəfə əsla güzəşt etməyəcəyini bəlli edən bir iradə nümayişidir. Bu yerdə Ukrayna xalqının qəhrəmanlığından, öz azadlığı, gələcək rifahı üçün verdiyi fədakar mücadilədən heyranlıqla söz açmamaq mümkün deyil. Ukraynalılar bu gün təkcə öz ölkələrinin deyil, bizim də azadlığımız və gələcəyimiz uğrunda mübarizə aparırlar.
– Azərbaycan hakimiyyəti Ukraynadan hansı dərsləri götürməlidir? Azərbaycan cəmiyyəti də eyni istəklə meydanlara axışsa, dünyanın Ukraynaya verdiyi dəstək Azərbayca xalqına da veriləcəkmi?
– Məgər bu dəstək hiss olunmur? Ukraynada yüz minlər davamlı şəkildə etiraza qalxandan, Ukrayna xalqı ortaya açıq iradə qoyandan sonra bu dəstək gücləndi. Azərbaycanda prezident seçkisinin nəticələrinə ardıcıl kütləvi etirazlar olmadığı halda ATƏT, Avropa Birliyi, ABŞ, Böyük Britaniya və s. beynəlxalq güclər bu seçkiləri sərt bir şəkildə qınadı. ABŞ prezidenti yalnız bir aydan sonra əməkdaşlıq məktubu göndərdi. Merkelin, Olandın məktubları isə “Vilnüsə dəvət” çağırışları idi. Dünya mediasında Azərbaycan hakimiyyəi ilə bağlı tənqidi yazılar artıq sistemli və ardıcıl xarakter alıb. Demokratik dünya xalqın iradəsinin açıq bir şəkildə ortada olmadığı halda, bundan artıq nə edə bilər ki? Bəli, keçmişdə vəziyyət fərqli idi, xalqımızın Qərblə bağlı ümidsizliyinin ciddi və obyektiv səbəbləri də olmamış deyil. Ancaq bu gün dünya dəyişir, dünyaya baxış dəyişir və Qərbin dəyərlər sistemində insan haqları və demokratiya prioritetə çevrilməkdədir. Geosiyasi reallıqlar da fərqli mənzərə formalaşdırır. Qərbin Iranla danışıqları neft və enerji təhlükəsizliyi məsələlərinə yeni, tamamilə fərqli rənglər qatır. Bu baxımdan beynəlxalq dəstək və geosiyasi şərtlər Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsinə münbit şərait yaradır. Lakin burada daxili faktor məsələsi də çox önəmlidir. Biz demokratik qüvvələr olaraq dünyaya ciddi alternativ təklif etməyi bacarmalıyıq. Mübarizəmizin ardıcıllığına və səmimiliyinə, maraqlar yox, prinsip və dəyərlər üzərində qurulmasına öncə xalqı, sonra isə demokratik dünyanı inandırmalıyıq.
– Gürcüstan və Moldovadan başqa “Şərq Tərəfdaşlığı”na daxil olan iki dövlətin siyasətində qeyri-müəyyənlik var. Söhbət Ukrayna və Azərbaycandan gedir. Indi ekspertlər daha çox Ukrayna və Azərbaycanın bu qeyri-müəyyənliyini Rusiyanın təzyiqləri ilə izah edirlər. Amma ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Kozlariç deyib ki, bu məsələdə Rusiyanın təzyiqlərindən az həlledici olmayan başqa səbəblər də var. O bunu Yanukoviçlə Əliyevin onlardan tələb ediləcək siyasi islahatlardan qorxması ilə izah edib. Siz bu barədə nə düşünürsünüz?
– Ukrayna hadisələri bu ehtimalları doğrultdu. Putinin ciddi müqavimətini görməsək də, Yanukoviçin artıq sağlam məntiqin çərçivəsindən kərara çıxmış, sonucda onsuz da məğlub olacaq boş və mənasız inadının şahidi oluruq. Avtoritar liderlər öz hakimiyyətlərini qorumaq üçün repressiya silahından istifadə edirlər və bununla da getdikcə daha çox cinayətə bulaşırlar. Respessiya sistemi bir bataqlıq kimi bu hakimiyyətləri öz içinə çəkir və sonda avtoritar rejimlər törətdikləri cinayətlərin girovuna çevrilirlər. Viktor Yanukoviç bu gün öncə, həbsdə saxladığı Yuliya Timoşenkonun, qanunsuz olaraq həbs etdirdiyi digər siyasi məhbusların girovudur. O yaxşı anlayır ki, hakimiyyəti itirmək ona Yuliya Timoşenko ilə kabinet və kameralarını dəyişmək hesabına başa gələ bilər, ona görə də Avropanın Timoşenkonu azad etmək tələbi qarşısında nəyin bahasına olur-olsun, geri çəkilmir. Lakin Yanukoviç yanılır, çünki bu gün Ukrayna müxalifətinin Vitali Kliçko kimi yeni bir lideri yetişməkdədir və Qərb artıq onu da ciddi alternativ kimi nəzərdən keçirir.
Azərbaycan Ukraynadan fərqli olaraq, hələ heç deklorativ səviyyədə də Avrointeqrasiya seçimini təsdiq etməyib. Düzdür, əslində, Azərbaycanın başqa yolu da yoxdur və Avropa Birliyi ilə viza sazişinin imzalanması Azərbaycan rəhbərliyinin bunu anladığını göstərir. Lakin hakimiyyətin ən son manevr imkanlarından belə faydalanaraq vaxtı uzatmaq istəyi açıq görünür. Bu istək, heç şübhəsiz, Rusiyadan gələn müəyyən təzyiqlərdən daha çox hakimiyyətin öz maraqları ilə bağlıdır. Yuliya Timoşenkonun azadlığı ilə bağlı tələbdən geri çəkilməmə Avropa Birliyinin tərəfdaşlarla hər hansı bazarlaşma siyasəti yürütməyəcəyinin, demokratiya və insan haqları kimi məsələlərdə güzəştə getmək niyyətində olmadığının sübutudur. Qapalı avtoritar hakimiyyətlər üçün Avropa Birliyinin bu mövqeyi ən ciddi təhlükə mənbəyi sayılır. Digər tərəfdən, Avrointeqrasiya Dünya Ticarət Təşkilatına qoşulmağı prosesin mühüm tələbinə çevirir. Bu isə Azərbaycanın az qala tam inhisara alınmış gömrük, bank və sığorta sistemlərinin, bütövlükdə iqtisadiyyatın liberallaşması deməkdir. Azərbaycan hakimiyyətinin Avrointeqrasiya kursuna ən ciddi müqaviməti də məhz bu məsələ ilə bağlıdır. Gerçəklik ondan ibarətdir ki, Azərbaycanın milli maraqları, xalqımızın xoşbəxt gələcəyi və rifahı bir neçə məmur-oliqarxın iqtisadi maraqlarının girovuna çevrilib.
– ATƏT-in DTIHB seçkilərin demokratik standartlara uyğun keçirilmədiyini bəyan etdi. Azərbaycan hakimiyyəti, ümumiyyətlə, bu təşkilatı seçkilərdən uzaqlaşdırmağa cəhd etsə də Avropa Birliyinin komissarı Ştefan Füle bildirib ki, Azərbaycan çox qısa müddətdə Seçki Məcəlləsini dəyişməli və nəinki parlament, bələdiyyə seçkilərini belə yeni qanunvericiliklə keçirməlidir. Gözləntiləriniz nədir?
– ATƏT-in yekun rəyi bəlli deyil. Mən bu rəyin daha sərt olacağını gözləyirəm, çünki seçkilərdəki əsas alternativin seçki ilə bağlı beş mindən çox şikayətindən birinə belə baxılmaması təcrübəsinə bugünədək dünyada rast gəlinməyib. Bu, analoqu olmayan bir praktikadır. Mən yekun hesabatda Ştefan Fülenin vurğuladığı kimi, Seçki Məcəlləsi dəyişdirilmədən bələdiyyə və parlament seçkilərinin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı tələbin olacağını düşünürəm. Bu ən önəmli məsələdir. Bəzən indidən parlament seçkilərinə hazırlaşmaq, dairələri müəyyənləşdirmək haqqında çox təhlükəli fikirlər səsləndirilir. Bizim davamız mandat davası deyil, biz prinsip və dəyərlər uğrunda, xalqın azad və ədalətli seçim haqqının özünə qaytarılması uğrunda mübarizə aparırıq. Seçki sistemi dəyişmədən, az-çox münasib seçki mühiti yaranmadan, seçki imitasiyasında iştirak etməyi, özümüzə yaraşdırmamalıyıq.
– Iranla “altılıq” arasındakı razılaşma imzalandı. Bundan sonra Israil prezidentinin də kifayət qədər yumşaq jesti, Iran prezidenti ilə görüşmək istəyini dilə gətirməsi, artıq regionumuzda proseslərin başqa yön aldığını göstərir. Baş verənlərin Azərbaycana mümkün təsirləri barədə nə deyə bilərsiniz? Bu sualı təsadüfən vermədik. Çünki Azərbaycan zaman-zaman Qərbdən gələn təzyiqləri Iran hədəsi ilə neytrallaşdırmağa çalışıb…
– Təbii ki, Iran ətrafında baş verən son gəlişmələr nəinki Azərbaycana təsirsiz ötüşməyəcək, hətta bəzi məqamlarda geosiyasi qərarların qəbulu prosesində həlledici olacaq. Iran üzərindən sanksiyaların qaldırılması Iranın enerji resurslarının Avropaya qayıdışı deməkdir. Bu proses həm də dünya bazarında neftin qiymətinin kəskin azalmasına gətirə bilər. Azərbaycan və Rusiya üçün, xüsusilə də yalnız neft gəlirləri və ehtimal edilən cərimələr hesabına və yenə də kəsirlə formalaşmış Azərbaycan büdcəsi üçün bunun nə demək olduğunun əlavə şərhə ehtiyacı yoxdur. Digər tərəfdən, artıq yaxın keçmişin təcrübəsində olduğu kimi, Vaşinqtonda mollalardan, Tehranda isə xristian həmrəyliyindən şikayət etmək imkanımız olmayacaq…
– Avropa Birliyinin növbəti sammitinə qədər Azərbaycan siyasətində dəyişikliyə gedəcəkmi, yoxsa Ukrayna yolunu tutacaq? Çünki Azərbaycanın atdığı addımlardan görünür ki, hakimiyyət Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı deyil. Azərbaycan daha çox neytral mövqe tutmağa çalışır…
– Azərbaycanın kiminsə yolunu təkrarlayacağını düşünmürəm. Əslində, strateji hədəflər eynidir. Bu, insan haqları və demokratiyanı, azad bazar rəqabətini, bərabər seçim imkanlarını, liberal dəyərləri və ən başlıcası, insan ləyaqətini özünün başlıca prioriteti elan etmiş Avropa ailəsinə qovuşmaq, onun bərabərhüquqlu üzvü olmaqdır. Bu yolun alternativi yoxdur və ola bilməz. Bu, təkamül qanunlarının diktə etdiyi seçimdir və artıq qarşısıalınmaz bir tendensiyadır. Hər ölkənin bu prosesi necə yaşaması bir çox daxili və xarici faktorlardan, ölkənin və xalqın spesifikasından asılıdır. Əslində, Ukrayna yolu bizim yalnız arzulaya biləcəyimiz yoldur. Çünki sivil yoldur, zorakılığı istisna edir, xalqın iradəsi ilə şərtlənir. Mənim narahatlığım bu yolun Quba və ya Ismayıllı yolu olması ilə bağlıdır. Təəssüf ki, hakimiyyət öz qanunsuz və ədalətsiz davranışları ilə əlləri hər yerdən üzülmüş insanları bu təhlükəli yola – radikalizmə sürükləyir. Statistikadan da aydın olduğu kimi, cəmiyyətdə aqressiya, zorakılıq artmaqdadır. Hələ ki, gec deyil, hakimiyyət bu barədə ciddi düşünməlidir. Onsuz da Rusiya-Qərb qarşıdurmasının taleyi öncədən bəllidir və Azərbaycan bu münasibətlər sistemində mütləq demokratiyanın və inkişafın – Avropanın yanında yer alacaq. Prosesin dinc şəraitdə, ağrısız baş verməsi, hamının maraqlarına, ö cümlədən, elə hakimiyyətin özünün də maraqlarına uyğundur. Artıq ciddi qərarlar vermək və konkret işə keçmək zamanıdır. Çünki aydındır ki, Ukraynadan sonra Avropa Birliyinin gündəminə Azərbaycan məsələsi çıxarılacaq.
– Belə iddialar da səslənir ki, Müsavat Partiyası Milli Şuradan çıxmalıdır. Partiyanın Milli Şuranı tərk etməsiylə bağlı düşüncələrə münasibətiniz necədir?
– Mən bəzi müsavatçı dostlarımızın belə fikirlər səsləndirməsinə təəssüf edirəm. Ortaya heç bir tutarlı, ağlabatan arqument qoymadan belə radikal fikirlərin səsləndirilməsi cəmiyyətdə həm Milli Şuranın, həm də ilk növbədə Müsavat partiyasının özünün imicinə zərbə vurur. Müsavat Milli Şuranın əsas sütunlarından biridir. Müsavatçılar cəbhəçilərlə birlikdə bu seçkilərdə böyük fədakarlıq göstərdilər. Ayrı-ayrı insanlar gedə bilərlər, ancaq mən Milli Şuranı Müsavatsız təsəvvür etmək istəməzdim.
– Seçkidən iki ay ötən kimi yanacağın qiyməti artırıldı. Seçkidə əhalinin sosial durumunun yaxşılaşdırılacağı barədə danışanların bu addımı nə dərəcədə düzgündür? Buna nə ad vermək olar?
– Seçki dövründə istənilən siyasi qüvvə vədlər verir. Bu vədlərin gerçəklik əmsalını, ağlabatan olub-olmamasını dəyərləndirmək isə seçicinin işidir. Neft gəlirləri azalır və daha artıq azalması proqnozlaşdırılır. Büdcənin başqa ciddi mədaxil mənbəyi olmadığından, qiymət artımı qaçılmazdır və təəssüf ki, bu hələ başlanğıcdır. Normal inkişaf etmiş ölkələrdə, büdcə, əsasən vergilərdən formalaşdırılır və büdcənin vergi yükü kiçik və orta biznesin üzərinə düşür. Azərbaycanda ifrat inhisarçılıq, azad rəqabət mühitinin olmaması, korrupsiya kiçik və orta biznesi, demək olar, sıradan çıxarıb. Sağlam biznes mühiti, istehsal olmayan yerdə, hansı inkişafdan, sosial durumun yaxşılaşmasından danışmaq olar? Bu gün Azərbaycanın nəinki istehsal, hətta istehlak potensialı da çox aşağıdır. Əməkhaqları çox aşağı səviyyədədir. Insanlar özlərini və ailələrini keyfiyyətli ərzaqla təmin edə bilmirlər. Dünya Səhiyyə Təşkilatı ölkədə qidasızlıq və pis qidalanmanın kifayət qədər yüksək göstəricilərini təqdim edir. Təəssüf ki, köklü dəyişikliklərin olmayacağı təqdirdə, durum daha da pisləşəcək. Bu kritik vəziyyətin, pessimist iqtisadi proqnozların özü belə, avrointeqrasiya və demokratik açılımın qaçılmaz olmasının sübutudur. Demokratiyada çarə tükənməz. Məsuliyyətli və ciddi qərarlar qəbul etməklə özümüzü və ölkəmizin gələcəyini xilas etməliyik.
Xəyal