1. Belə də naşükürlük olar?!
Hadı Rəcəbli adlı yaptokrat-deputatın açıqlamalarını oxuyuram.
Müxalifətçiliyi “vətənə xəyanət”lə eyniləşdirir.
Mitinq keçirməyi cinayət kimi dəyərləndirir.
Guya, ölkədə dəhşətli inkişaf varmış, sadalananların heç birinə ehtiyac yox imiş.
Əlbəttə, biz bu 20 ildə ölkədə kimlərin cibinin, boynunun, qarnının inkişaf etdiyini bilir və görürük.
Amma hər bir halda, Hadı Rəcəblinin yanaşmasına güləsənmi, ağlayasanmı, bilmirsən.
Onun məntiqi doğrudursa, Azərbaycanın yalançı, “pripiska”ya dayanan inkişafı bir yana qaplsın, bəs həqiqi rifahın, ədalətin, qanunçuluğun hökm sürdüyü ölkələrdə niyə müxalifət var? Hətta parlamentdə təmsil olunur, hakimiyyətə gəlirlər? Anlamaq çətindirmi ki, o ölkələrin real yüksəlişi məhz siyasi rəngarəngliklər, müxtəlifliklər, tənqidçi fikirlər, müxalif mövqelər sayəsində mümkün olub?
Siz də durub vətənimizə qar yağmasını bəyənmirsiniz, “qar bizim haramıza yaraşır?” deyə gileylənirsiniz.
XXI əsrdə bir ölkənin müxalifətçiliyi “vətənə xəyanət”, fərqli fikirliliyi düşmənçilik, tənqidçi, özgür düşüncəni “xalqı satmaq”, mitinqləri cinayət kimi qəbul edən insanlar, zehniyyətlər tərəfindən idarə olunmasından böyük bədbəxtlik ola bilməz. Əslində, belə ölkəyə göydən daş yağmalıdır, amma ana təbiət lütf edib hələ də qar yağdırırsa, sevinin, naşükürlük eləməyin.
2. Qar ideyası
Dünən müxalifətçi dostlardan biri dedi ki, bəy, çıxıb küçəyə qartopu düzəltməyə də qorxur adam. Bir də gördün “bandotdel”dən, MTN-dən tökülüşüb gəldilər, içindən narkotik, qanunsuz silah-zad tapdılar.
Əslində, yaxşı çox yaxşı fikirdir. Məncə, müxalifətçiləri artıq fəsillərə uyğun şərləmək lazımdır. Məsələn, yazda müxalifətçinin üzünə durnaları qoymaq olar. Guya, onlar başqa ölkələrdən hansısa müxalifətçiyə inqilab etmək üçün pul və təlimat gətirdiyini etiraf edir.
Yayda qarpız kəsən müxalifətçini əslində, bununla kiməsə sui-qəsd etməyə hazırlaşdığına görə qandallamaq olar. Guya, qarpız kəsməklə məşq edir, sonra filankəsin boğazına bıçaq çəkməli, bağırsaqlarını çölə tökməli imiş.
Payıza gəlincə…
Payızı boş vermək də olar. Onsuz da hamımız bir gün məcburiyyət qarşısında köçəri quşlara qoşulub isti, işıqlı ölkələrə köç etməli olacağıq.
Biz burada kirayənişin kimi yaşayırıq – hər an arxamızdan təpik vurub qova bilərlər.
3. Təxirə salınmış ədalət
Dünən qara görə Bakıda bu ölkənin aydınlıq üzü, azadlıq ümidi olan gənclərinin – NIDA-çıların, Lənkəranda isə Azərbaycanın vicdanlı və işıqlı insanlarından biri Yadigar Sadıqovun məhkəməsi təxirə salındı.
Saytlarda bununla bağlı xəbər başlıqlarında gördüyüm “məhkəmə təxirə salınıb” sözləri lap yerinə düşmüşdü. Bəli, ölkədə məhkəmə təxirə salınıb. O yoxdur, mövcud deyil.
Bu gün Azərbaycanda ədalət mühakiməsi haqqında danışmaq üçün fantast ədəbiyyatının vurğunu olmaq lazımdır. Ya da elə bir xəyal gücünə malik olmaq lazımdır ki, Azərbaycanda ədalətli məhkəmə olduğu qənaətinə gəldikdən sonra özünü Şakira ilə bir otel otağında, şam işığında baş-başa da təsəvvür edəsən.
Nə vaxt bu ölkədə ədalətli mühakimə, adil məhkəmə olacaq, bilmirəm, amma o vaxtacan hər qar yağdığında qəlbimizdən qara qanlar axacağını, qarın haramıza yaraşdığını sorğulamağa davam edəcəyimizi dəqiq bilirəm.
Heç kimə qar ömrü arzulamıram.
Amma hamıya tarix və insanlıq qarşısında qar kimi ağappaq bir üz, tərtəmiz bir vicdan arzulayıram.