Təxminən 20-25 il bundan öncə kimsə kimlə görüşmək istəyəndə ya kitab dükanlarının, ya da məktəblərin yerləşdiyi yeri nişan verərdi. Indi görüş yerləri üçün ya şadlıq sarayları, ya da marketlərin adını çəkirlər. Bakının mərkəzində yerləşən “Kitab evi”nin tam şəkildə ləğv olunmasına baxmayaraq bu məkanın adını yenə çəkirik. “Akademkitab”, vaxtilə Puşkin küçəsində böyük kitab mağazası, Istiqlaliyyət küçəsində yerləşən “Siyasi Ədəbiyyat mağazası” kimi iri kitab məkanları ləğv edildi. Bura Əhmədli qəsəbəsində yerləşən “Kitab evi” də daxil olmaqla yerlə-yeksan edilmiş 100-lərə kitab mağazalarının adını çəkmək olar.
Nədən kitaba bu qədər laqeyd münasibət sərgiləndi? Axı biz kitab oxuyan millət kimi indi də özümüzü öyürük. Kitab məkanları yoxdur, ancaq kitab oxuyan millətlər sırasına özümüzü daxil edirik. Bir dəfə böyük kitab mağazalarının müdirlərindən soruşdum ki, sizin mağazaya deputatlar, rektorlar, hökumət üzvləri, tanınmışlar kitab almağa gəlirlərmi? Onların cavabları məni xeyli məyus etdi, Il ərzində cəmi bir rektorun, 2-3 depuatatın və 2-3 böyük vəzifəli şəxsin kitab mağazasına daxil olduqlarını söylədilər.
Bu gün Bakı şəhərində kitab satılan mağazaların hamısı böyük icarə haqqı ödəyirlər. Onların əksəriyyəti bu məbləği ödəyə bilmədiklərindən mağazanı bağlayıb ticarət mərkəzlərinə paltar satmağa üz tutublar. Bir hissəsi isə kitabları səkilərdə satmağa üstünlük verib. Kitabdan sonra növbə qəzet və jurnallara çatmalı idi. Çatdı da. Metronun içərisində yerləşən qəzet və jurnal köşkərinə qıraqdan baxanda mini tolkuçkaya (tərcüməsi alver meydanı) bənzəyir. Qəzet və jurnal köşkləri uşaq oyuncaqları, corab, ayaqqabı satılan nöqtələrə çevrilib. Minlərlə insan Tağı Əhmədovu məhkəməyə verməlidir. Minlərlə insanın hər həftə səbirsizliklə gözlədiyi nəşrlər var idi. “Nauka i jizn” , “V mire nauki”, “Vokruq sveta”, “Znanie-sila” jurnalları, “Arqumentı i faktı”, “Literaturnaya qazeta”, “Kommersant” və s. kimi qəzetlər. “Azadlıq” və “Yeni müsavat” qəzetlərini xoşlamayan hakimiyyətin siyasəti nəticəsində sadaladığım nəşrlərdən də məhrum olduq. Minlərlə insan Rusiyadan gələn bu nəşrlərin nömrələrinin qabaqcadan pulunu ödəyib.
Indi metopolitenin siması tam Tağı Əhmədovun simasına bənzəyir. Insanlar hələ də yazıldıqları və sifariş etdikləri nəşrləri soruşurlar. Satıcılar isə bunu Tağı müəllimdən soruşun deyirlər. Indi biz Tağı müəllimi haradan tapıb ona ə, bir-bir suallar verək. Kitab və jurnal oxuyanlar başqa ölkələrin metrolarında insanların necə mütaliə etmələrinə həsəd aparırlar. Bizim metro qatarlarında hər 5 nəfərdən birinin əlində ya kitab, ya qəzet, ya da jurnal görmək olardı. Indi artıq bunu da görmürük. Qalır telefondakı oyunlar. Tağı müəllimin sayəsində bundan sonra hamı telefonuna oyunlar və mahnılar yazdırmalıdır. Ölkə başçısı ilə jurnalistlərin görüşündən sonra bu məsələnin həll olunmasına ümidlər çoxalmışdı. Ancaq bu günkü günə qədər heç nə dəyişməyib. Metro stansiyalarının birində mənə həmişə jurnal və qəzet saxlayan Ilkin adlı dostum bu yaxınlarda məndən soruşdu ki, müəllim niyə bizdən daha alver eləmirsiniz? Dedim, nə alım səndən, ay Ilkin? Dedi ki, “yaxşı yun corablarımız, idman köynəklərimiz, uşaq oyuncaqlarımız var. Özü də tolkuçkadan ucuz. Məsələn bir jurnala verdiyin pula 10 cüt corab düşür”. Ilkini qınamaq olmaz. O, tanışlarını artıq onun özü üçün də yeni olan alverə cəlb etmək istəyir. Hələlik hamı susur. Deputatları, hökumət adamlarını, rektorları metroda görən olmayıb. Bəlkə onların çoxu Azərbaycanda metro stansiyalarının sayını da bilmirlər. Yerin üstündə olan kitab mağazaları və köşklərdən kitab, qəzet və jurnal almayanların, yerin altında nə işləri var.
Indi bir anlıq təsəvvür edin: Oqtay Əsədov və Şəmsəddin Hacıyevi insanlar metro qatarında kitab oxuyan görələr. Bu dərhal dünyanın 8-ci möcüzəsinə çevrilə bilər. Qeyri-intellektual mühitdə intellek yetişə bilməz. Yerin üstündə və altında oxumağa çox mədəni şəkildə yasaq qoyulub. Kitab mağazalarının yerləri satılıb, nəşriyyatlar, mətbəələr, kitabxanalar bağlanmaqda davam edir. Hələ bu vəziyyətlə dünya ilə intellektual savaşa girmək istəyirik. Dünyada bütün sahələr üzrə qəribə müqayisələr aparılır: Məsələn onlardan biri ölkələr üzrə hər on min nəfərə düşən kitab mağazaları, qəzet və jurnal köşklərinin sayıdır. Bu göstərici üzrə bizim yerimiz bəllidir. Ancaq hər on min nəfərə düşən ticarət dükanlarının sayına görə bizim yerimiz şübhəsiz birincidir.
Etibar Əliyev