Keçmiş deputatın işi Avropa Məhkəməsi müstəvisinə çıxarıla bilər
“Azad Avropa” radiosu Azərbaycanda Gülər Əhmədova-Elşad Abdullayev qalmaqalını təhlil edərək, “Azərbaycanda səs-küylü rüşvət qalmaqalı üzrə hökm çıxarıldı” başlıqlı məqalə hazırlayıb. “Azadlıq”ın ötən sayında həmin yazının tərcüməsi yayımlanmışdı. Məqalədə qalmaqallı videodan tutmuş, bu işdə Ramiz Mehdiyevin adının hallanmasına qədər bir sıra detallara toxunulub.
Gülər Əhmədovanın vəkili Əfsər Talıbov dünən “Azadlıq”a müraciət edərək, sözügedən məqalədə razılaşmadığı məqamlarla bağlı hazırladığı mətni təqdim edib:
“Bu məqalədə yazılanlarla razı deyiləm. Məsələn, məqalədə adıçəkilən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu işdə prosessual tərəf olmayıb, hüquqi baxımdan onun deputat seçkilərilə bağlı səlahiyyəti yoxdur. Məqalədə göstərilib ki, ”Gülər Əhmədova istintaqa ifadəsində Ramiz Mehdiyevi nədəsə ittiham etmək niyyətində olmadığını deyib”. Halbuki, Gülər xanımın nə istintaqda, nə də məhkəmədə belə bir ifadəsi olmayıb. “Azad Avropa”nın bu barədə haradan məlumat aldığı bizə qaranlıqdır.
Elşad Abdullayev müsahibələrində bildirir ki, onda Gülər Əhmədova ilə bağlı 5 saatlıq video var, amma indiyədək cəmi 30 dəqiqəlik görüntü göndərib. Bəs qalan 4 saat 30 dəqiqəlik görüntülər haradadır? Məlum 30 dəqiqəlik videoya isə ekspertiza belə rəy verib ki, təqdim olunmuş görüntü orijinal deyil, bir formatdan başqa formata dəyişdirilib, videoda texniki qüsurlar var, çəkiliş orta aşağıdan da aşağı səviyyədədir. Təəssüf ki, “Azad Avropa” radiosu montaj olunmuş sənədi əsas götürərək, həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Bir daha “Azadlıq” vasitəsilə Elşad Abdullayevə müraciət edirəm ki, Gülər Əhmədova barədə, dediyi o 5 saatlıq videonun orijinal, üzərində heç bir əməliyyat aparılmayan ilkin variantı təqdim etsin. O zaman ictimaiyyət, bu məsələni əllərində bayraq edənlər həqiqətin nədən ibarət olduğunu anlayarlar.
Elşad Abdullayevin dindirilməsi zəruri olsa da, o, nə istintaqda, nə də məhkəmədə ifadə verdi. Gülər Əhmədova dəfələrlə üzləşmə tələb etsə də, mümkün olmadı. Hətta üzləşmənin “Skype” vasitəsilə də həyata keçirilməsini təklif etmişdik. Bütün bunlar Elşad Abdullayevin yalan danışdığını sübut edir. O, prezident Ilham Əliyevə ünvanladığı müraciətində yazır ki, həm deputat olmaq, həm də qardaşı Mahir Abdullayevin tapılması üçün 2 milyon dollar verib. Bəzi müsahibələrində bu rəqəmi 1 milyon 500 min göstərir, Avropa Şurasına məktubunda 1 milyon 300 minə enir, Baş Prokurorluğa müraciətində isə 1 milyon deyir. Prezidentə məktubunda yazır ki, “2003-cü il 13 oktyabrda qardaşım Mahir itkin düşüb, 14 oktyabrda Gülər Əhmədova və Sevinc Babayeva rəhbərlik etdiyim universitetə gəlib. Gülər Əhmədova mənə deyib ki, Mahirin mənə 600 dollar borcu var. Mən isə dedim ki, Mahir gəlsin, məsələni öyrənim, borcu varsa, qaytararam. Söhbət əsnasında Gülər Əhmədova mənə dedi ki, Mahir gəlməyəcək, bu məsələ ilə bağlı problemin olsa, mənə müraciət edərsən. Daha sonra Mahir Abdullayevin tapılması üçün 500 min, onun yüksək vəzifəyə gətirilməsi üçün daha 500 min alıb”. Elşad Abdullayevin iddiasına görə bu hadisələr 2003-cü ilin oktyabr-noyabr aylarında baş verib. Elşad Abdullayevin iddiasından belə məlum olur ki, Gülər Əhmədova vədinə əməl etməyib. Belə olan halda, Elşad Abdullayv iddia etdiyi kimi, niyə yenidən 2005-ci ildə deputatlıq üçün də hər dəfəyə 500 min olmaqla, 2 dəfəyə ona daha 1 milyon pul verirdi? Belə çıxır ki, Gülər Əhmədova onun qardaşının oğurlanmasında ya iştirakçı, ya təşkilatçı, ya da şahid kimi çıxış edib. Kim qardaşının oğurlanmasında iştirakı olan adama yenidən inanıb ona 1 milyon dollar pul verər?
Elşad Abdullayev 6 min manat pul verdiyi adamlardan bu barədə rəsmi kağız alıb, videoya çəkib. Başqa birisilə notarial qaydada borc müqaviləsi, bir başqasıyla əmlak müqaviləsi imzalayıb. Necə olur, Gülər Əhmədovaya hər dəfə 500 min olmaqla, 4 dəfə pul verir, amma ondan nə bir sənəd alır, nə də bunu çəkir? 2003-dən 2012-ci ilin sentyabrına qədər də Gülər Əhmədovanın hərəkətindən heç bir hüquq-mühafizə orqanına şikayət etməyib. Bu barədə əlimizdə sənədlər var və onu istintaqa da təqdim etmişik.
Beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti, AŞ PA bu məsələ ilə bağlı işin hallarını araşdırmadan rəy verir. Gülər Əhmədova hələ hazırlıq iclasında bu təşkilatların nümayəndələrini məhkəməyə dəvət etsələr də, onlar gəlmədilər. Təəssüf ki, elə “Azad Avropa” radiosu da demokratik addım ataraq mandatından imtina etmiş Gülər Əhmədovaya deyil, 5 min tələbəni aldatmış, barəsində bir neçə cinayət işi olan Elşad Abdullayevə, onun göndərdiyi montaj olunmuş gizli çəkilişə haqq qazandırıb. Elşad Abdullayevdə 2 milyon dolların haradan olduğunu araşdırmaq nədənsə heç kimin ağlına gəlmir.
Gülər Əhmədova ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli hesab etmir və bəraət hökmünün çıxarılmasına qədər mübarizəmizi davam etdirəcəyik. Onun barəsindəki məhkəmə hökmü qanuni qüvvəyə minənə qədər də Gülər Əhmədova təqsirsiz sayılır”.
***
Vəkil həmçinin bu iş üzrə bir neçə sualı da cavablandırıb:
– Son günlərdə verdiyiniz açıqlamalardan belə aydın olur ki, apelyasiya şikayəti verib-verməmək məsələsində tərəddüd edirsiniz. Son qərarınızı vermisinizmi?
– Hökmün surətini almamışdan əvvəl açıqlama vermişdim ki, ola bilsin, apelyasiya şikayəti verməyəcəyik. Qeyd etmişdim ki, apelyasiya məhkəməsinə də inanmıram. Artıq hökmü almışıq, orada yazılanları Gülər xanımla müzakirə etdik. Yəqin ki, yaxın günlərdə apelyasiya şikayəti verəcəyik.
– Deyirsiniz ki, bəraət alana qədər mübarizəmizi davam etdirəcəyik. Yerli məhkəmələrdə bəraət hökmünün çıxarılmasına nail olmasanız, Avropa Məhkəməsinə şikayət edəcəksinizmi?
– Bəli.
– Gülər Əhmədova hökmü necə qarşıladı?
– Mən dünən (dekabrın 7-də) Gülər Əhmədova ilə görüşdüm. Mənim bu fikirlərimi Ədliyyə Nazirliyinin Baş Tibb Idarəsinin Müalicə Şöbəsinin rəisi Iftixar Qurbanov həmişə təkzib edir, amma həqiqətən Gülər Əhmədovanın vəziyyəti yaxşı deyil. Xüsusən, ürək ağrılarından əziyyət çəkir. Hökmə gəlincə, orada bir sıra məsələlərlə bağlı qeydlərimizi etmişik. Tam ədalətsiz hökmdür. Mən də, Gülər xanım da çıxışlarımızda qanunlara istinad edib ittihamların əsassızlığını sübut etdik. Hökm isə heç bir qanuna istinad edilmədən çıxarılıb. Hökmdə Gülər xanımın 17 dekabr 2012-ci il tarixli ifadəsi, ölmüş adamın adından verilən şahid ifadələri, gizli çəkilmiş, montaj olunmuş video sübut kimi qəbul edilib. Ölmüş adamın adından verilən ifadənin sübut kimi qəbul edilməsi Cinayət Prosessual Məcəllənin 126-cı maddəsinin pozulmasıdır. Yalnız məhkəmə qərarı əsasında ölmüş adamın adından verilən ifadə qəbul oluna bilər. Bundan başqa, Gülər Əhmədovanın təqsirsiz olduğu sübut edən SMS-lərə nə istintaqda, nə də məhkəmədə hüquqi qiymət verilmədi.
– Sizcə, niyə?
– Məqsəd o idi ki, istintaqın verdiyi maddələrlə Gülər xanımın barəsində ittiham hökmü çıxarılsın. Buna da nail oldular.
– Yəqin, siz də eşitmisiz, Gülər Əhmədovaya ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulduğundan daha az cəza verilməsilə bağlı söz-söhbətlər var…
– Mən o fikirlərlə razı deyiləm. Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi var və o maddənin hansı növ cinayətlərə tətbiq olunması göstərilməyib. Bu, ittiham tərəfinin və məhkəmənin səlahiyyətində olan məsələdir. Gülər xanımın əməlində ağırlaşdırıcı hal müəyyən edilməyib. Əksinə, hökmün üç səhifəsi yüngülləşdirici hallar və xidmətləri barədədir. Bir daha deyirəm ki, Gülər xanımın günahı yoxdur və biz də ona bəraət verilməsini tələb edirik.
Aytən Məmmədova