Azərbaycanda Milli Şura yaranar-yaranmaz onun Rusiya proyekti olduğu barədə dartışmalar başladı və hələ də davam etməkdədir. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması, Rusiyada yaşaması bu məsələdə əsas arqumentlərdən biridir. Bu müzakirələr məndə maraq yaratdı ki, görüm əcəba, ilk Milli Şura da Rusiya proyekti olmayıb? Kiçik araşdırmadan sonra baxdım ki, ilk Milli Şura indikindən daha çox Rusiya "proyekti" imiş. İnanmırsınızsa, ilk MŞ-üzvlərilə bağlı məlumatlara diqqət yetirin. Beləliklə ilk Milli Şuranın üzvləri:
1. M.Ə.Rəsulzadə – Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbini, Bakı Texniki Məktəbini rus dilində bitirib. 1908-ci ildə həbs təhlükəsilə vətəni tərk edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunub və vətənə qayıda bilib. 1917-ci ildə Qafqaz müsəlmanlarının qurultayında Azərbaycanın Rusiyanın tərkibində qalması şərtilə Rusiya Federasiyasının yaradılması təklifini irəli sürüb və təklif qəbul olunub. Stalinlə dost olub. Onu ölümdən qurtarıb. Cümhuriyyətin süqutundan sonra RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsində çalışıb və sonra mühacirət edib.
2. Həsən bəy Ağayev – Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirib.
3. Məmmədhəsən Cəfərqulu oğlu Hacınski – Peterburq Texnoloji İnstitutunu bitirib. Rusiya müsəlmanlarının Moskva qurultayında iştirak edib, Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilib. 1917-ci ilin noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarının müavini, Seymin üzvü, 1918-ci ilin aprelin 22-də yaranmış Zaqafqaziya Federativ Respublikası hökumətində ticarət və sənaye naziri vəzifələrini icra edib. 1923-cü ildən Zaqafqaziya Dövlət Plan Komitəsi sədrinin birinci müavini işləyib
4. Nəsib bəy Yusifbəyli – 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olub, amma universiteti bitirə bilməyib. Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya Federativ hökumətində maarif naziri olub.
5. Xəlil bəy Xasməmmədov – Moskva Universitetinin hüquq fakültəsini bitirib, müstəntiq işləyib.
6. Məmməd Yusif Cəfərov – Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilib. 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak edib, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilib. Zaqafqaziya Komissarlığında ticarət və sənaye naziri vəzifəsini tutub. 1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxarıb.
7. Xudadat bəy Ağabəy oğlu – 1904-cü ildə ali məktəbi bitirdikdən sonra yarım il Voloqda-Petrozavodsk yolunun tikintisində işləib. 1912-1917-ci illərdə Peterburq elmi jurnallarında dəmir yollarının sonrakı perspektiv texniki inkişafı haqqında bir sıra məqalələrlə çıxış edib. Zaqafqaziya Komissarlığında dəmir yolu komissarı, Zaqafqaziya Federativ hökumətində dəmir yol naziri olub.
8. Camo bəy Hacınski – 1912-ci ildə Peterburq Universtetinin Hüquq fakultəsini bitirib. Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olub.
9. Əkbər ağa Şeyxülislamov – Peterburq Yol Mühəndisliyi İnstitutunda oxuyub. Zaqafqaziya hökümətində daxili işlər nazirinin müavini vəzifəsini icra edib.
10. Xosrov Paşa bəy Sultanov – Odessada ali tibb təhsili alıb. Zaqafqaziya Seyminin üzvü olub.
Gördüyünüz kimi, ilk Milli Şuranın bütün üzvləri bu və ya digər səbəbdən Rusiya ilə əlaqəli olublar. Çünki həmin dövrdə (elə indi də) Azərbaycan üçün elmə ən yaxın qapı Rusiya idi. İbrahimbəyov da sovet zamanında Rusiyada yaşayıb yaradıb. İndi belə çıxır ki, Rusiyada yaşayıb pul qazanıb vətənpərvər olmaq olar, amma Rusiya vətəndaşı olub, Moskvada yaşayıb Azərbaycanda siyasi proseslərdə iştirak etmək yox. Bu, dərhal “Rusiya proyekti” sayılmalıdır.
İnsanlara imkan yaratmaq lazımdır, dostlar. Rusiyadakı da, Avropadakı da, Amerikadakı da azərbaycanlıdır. Və hər bir azərbaycanlının öz vətənində doğal haqları var. Bu haqqı onun əlindən kimsə ala bilməz.