Ukraynada baş verənlər hansı üzünə çevirsəniz, bir toplumun nailiyyətidir. Onun canlı, diri olduğunun, nəfəs alıb-verdiyinin, ayıqlığının göstərgəsidir. Oradakı etirazlarda maraqlı olan fərqli güclər, əlbəttə, var. Bu etirazlardan çıxar güdənlər, qazanc hesablayanlar da əlbəttə, var.
Amma Ukraynada yüzminlərin etirazı ilk növbədə, bir toplumun özünəhörmət hissinin, yalnız məişət problemlərilə sınırlı qalmayıb, ölkəsinin, xalqının taleyinə duyarlılığının görsənişidir.
Əmin olun: ruhu, beyni, qəlbi diri olmayan bir toplumu…
Qafası ilə deyil, qarnı ilə düşünən…
Mütiliyi, köləliyi həyat tərzinə çevirən bir toplumu el-aləm yığılsın, min cür xarici kəşfiyyat orqanı gəlsin, heç bir halda ayaqlandıra bilməzdi. Dirənişə, müqavimətə sürükləyə bilməzdi. Yalnız az-çox siyasiləşmiş, ictimailəşmiş, sosiallaşmış toplumlar ölkələrində olub-bitənlərə reaksiya verirlər, yanlışlarla razılaşmırlar, ədalətsizliklərlə barışmırlar. Hesab istəyirlər, sorğulayırlar, tələb və etiraz edirlər. Özləri və ölkələri üçün ən yaxşı, ya da daha yaxşı olanı istəyirlər.
Indi bundan kim necə faydalanmaq istəyir, artıq bu, onların öz işidir, təpki göstərənlərin, etiraz edənlərin, tələb edənlərin yox. Əmin olun, belələrinə də meydan və fürsət verməyəcək yeganə qüvvə xalqın özüdür, onun ayıqlığı, müdrikliyidir.
Xatırlayaq: bəyəm “narıncı inqilab” zamanı o vaxtkı Kuçma rejimi etirazlarda xarici barmaq, düşmən hiyləsi axtarmırdımı? Axtarırdı. Demirəm ki, bunda haqsız idi, kənardan hansısa güclərin hansısa qaranlıq niyyətləri, şəxsi maraqları yox idi. Əlbəttə, vardı. Amma sonuc nə oldu? Bəyəm Ukrayna müstəmləkəyəmi çevrildi? Xəritədənmi silindi? Əksinə, əgər bu gün Kiyevdəki polis zorakılığına görə daxili işlər naziri çıxıb üzr istəyirsə, günahkarları cəzalandıracağına söz verirsə, hər cür kütləviliyə və aqressiyaya rəğmən, biz xalqa qarşı qanlı davranışın şahidi olmuruqsa, bu məhz bir zamanlar “anti-milli ünsürlərin xain planı”, “Ukraynanı yox etmək ssenarisi” kimi qələmə verilən “narıncı inqilab”ın nailiyyətidir.
Müsəlman və türk coğrafiyasının ilk demokratik respublikasını hələ 95 il əvvəl quran bir ölkədə isə “o vaxt beynəlxalq təşkilatlar, xarici diplomatlar məndən mitinqləri dağıdan polislərin cəzalandırılmasını tələb edirdi. Mən qətiyyətlə etiraz etdim və hətta həmin polisləri mükafatlandırdım” deyən bir zehniyyət hakimdir. Müqayisə edin və nəticə çıxarın!
Qayıdaq yazının əvvəlinə. Hər bir xalqın uğuru onun siyasi, ictimai, sosial və mədəni reaksiya qabiliyyətindən asılıdır. Onun özü ilə, ölkəsi ilə bağlı baş verənlərə təpkisindən asılıdır. O xalqlar bədbəxtdir ki, talelərini yalnız bir adamın ümidinə bağlayır, onun seçimlərini, qərarlarını qeyd-şərtsiz qəbul edir. Özü isə yaşananlarda yalnız seyrçi qalmaqla kifayətlənir. Etiraz etmir, tamaşa edir. Hətta siyasi olan, ictimai olan, sosial və mədəni olan heç nə ilə maraqlanmır. Heç vaxt “nə baş verir?” sualına cavab axtarmır. Düşünmür-daşınmır, danışmır, dartışmır.
Bir ölkə üçün insanlarının durğun, laqeyd, biganə olmasından qorxunc, fəlakətli heç nə ola bilməz. Vətəndaşlarının yalnız məişət problemlərinə qapılıb qaldığı…
Insanlarının sadəcə, mədəsi barədə düşünməyə məcbur və məhkum edildiyi…
Onların siyasiləşməsinə, ictimailəşməsinə, sosiallaşmasına hər vasitə ilə maneçilik törədildiyi bir ölkə ən böyük təhlükə ilə qarşı-qarşıyadır. O ölkə üzərində hər cür çirkin oyunlar qurmaq mümkündür. O ölkəni hər cür pis ssenarilərə alət etmək mümkündür. Necə də olsa, ölkənin gerçək sahibi – xalq yoxdur. Var – amma yatıb. Maraqlanmır, ilgilənmir, reaksiyasızdır, təpkisizdir. Susqundur, durğundur. Deməli, o ölkəyə qarşı istədiyini edə bilərsən. Istədiyinə də çata bilərsən. Heç bir müqavimətsiz.
Əliyevlər rejimi məhz belə bir Azərbaycan yaradıb və ona görə də indi hansısa yaptokrat çıxıb xarici təhlükədən danışanda bişmiş toyuğun da gülməyi gəlir. Siz ictimai-siyasi həyatı xalqsızlaşdırmaqla, xalqı bütün ictimai, siyasi proseslərdən təcrid etməklə, onu məişətə, şou-biznesə, toyxanalara qapatmaqla, əslində, bu ölkəni ən böyük, ən qorxunc təhlükəyə düçar etmisiniz.
Hələ bir diliniz də var, danışırsınız.