Vladimir Putinin Gümrüdəki bəyanatı Qafqaza açıq hədədir, amma bu hədə qafqazlıları narahat edəcəyi qədər rusların özünü də qayğılandıra biləcəyi üçün xeyli ironiya doğurur. Bircə şeyi yada salın ki, Putin əsl çar kimi “Rusiya Qafqazdan getmək fikrində deyil, əksinə, regiondakı mövqelərimizi daha da gücləndirəcəyik” dediyi anlarda ruslara qardaş sayılacaq bir xalq Kiyev Maydanında Avropaya inteqrasiya tələbləri hayqırırdı. Ruslar bunu görmürmü?
Əzib nökər qisminə salınmış Ermənistanda gurultulu bəyanat verərkən xatırlamaq lazım idi ki, beş addımlığında beş qat doğma Ukrayna sənə “yox!” deyir, ətrafında kimsə öz xoşu ilə sənin bataqlıq imperiyanda qalmaq istəmir, amma sən hələ də köhnə mahnını oxuyursan. Bu mahnı mənən köhnəlib, kiminsə qəlbinə yol tapmır, hətta bəyanat verdiyin Ermənistanda da!
Moskvada döyüb yola salınan qafqazlılar hara, ukraynalılar hara. Can bir, qan bir xalqlardır. Tale və tarix baxımından da, etnik anlamda da. Mədəniyyət, region, dil o qədər yaxındır ki, Ukrayna və Rusiyanı qardaş ölkələr saymaq olar. Amma bu gün Ukraynada baş verənlərin, sadəcə, bir adı var. Bu, hər şeydən öncə “Rədd ol, Rusiya!” deməkdir.
Ukrayna xalqı o yana da baxır, bu yana da. Rusiyanı da görür, Avropanı da. Rusiya kimi yaşamaq istəmir və Avropa yolu hər baxımdan onu cəlb edir. Indi Avropaya gedə bilməmək bir yana, görəndə ki, bu, Rusiyanın təzyiqilə baş verir, onda xalq daha böyük qəzəblə çıxır meydana. Bir sözlə, bu gün Ukrayna xalqını ayağa qaldıran səbəb təkcə ölkənin Avropa Birliyi ilə Assosiasiya Sazişinə qoşulmaması deyil, həm də Rusiyanın bu işdəki əyri roludur.
“Ruslar bunu görmürmü?” deyirik, amma özümüz də bilirik ki, Rusiyanın vəd etdiyi yol nəinki Qafqazı, heç Rusiyanın özünü də bir ağ günə aparmır – bu halda Qafqazda qalıb neyləyəcəksiniz ki?!
Belə baxanda, Rusiyanın özünü xilas etməyin vaxtı çatıb! Indi Rusiya keçəpapaqlı qafqazlıdan, məsələn, Gürcüstandan mütərəqqi dəyərlər və islahatlar əxz edə bilər asanlıqla. Bəli, böyük mədəniyyəti, elmi, maddi və insan resursları olan bir xalq bu günə salınmışdır. Bu özü hər şeyi demirmi?!
Biz başa düşürük ki, Rusiya güclüdür, təxribat və təzyiq arsenalı da genişdir. Amma çoxdan cəlbedici deyil. Topuna-tankına baxmayaraq, özü ayaq üstə düz dura bilmir. Xalqlarını əzən rejimlər hələ də ona bəlli dövlətləri təsir altında saxlamağa imkan verə bilər. Amma geci-tezi var, Rusiyanın qalmaq istədiyi bütün ölkələrdə Maydan hökmən qalib gələcək.
Rusiya prezidenti öz aləmində güc nümayiş etdirdi və guya vəziyyətə ən yaxşı reaksiya vermiş oldu. Həm Ukraynada baş verənlərə, həm də Ermənistanda on qarşı aksiya keçirənlərə. Amma mən əminəm ki, eyni zamanda, bu açıqlama onun əsəblərini cilovlaya bilməməsindən irəli gəlirdi.
Avrasiya Ittifaqı, Gömrük Ittifaqı kimi nağıl nəyə yarayacaq? O boyda SSRI qalmadı – xeyli mənəvi dayaqları olmağına rəğmən. MDB yaratdınız, nəyə yaradı? Tarix sübut edir ki, Avropa Birliyi kimi azad və həqiqi bərabərliyin hökm sürdüyü birliklər yaşaya bilər artıq. O birliyə dövlətləri zorla yığmırlar, dövlətlər özləri ora girmək istəyir.
Bəs bu cəhdlər Rusiyaya nə verir? “Rusiya, rədd ol!” şüarlarının daha ucadan eşitməyimi?!