«Ukrayna prezidenti hakimiyyətdə qalmaq üçün manevr etmək istəyirdi, ancaq onun siyasəti iflasa uğradı»
Vəfa Quluzadə: «Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqda Ukrayna kimi manevri ciddi fəsadlara yol aça bilər»
Ukraynada baş verən proseslər dünya mediası ilə yanaşı Azərbaycanın da gündəmindədir. Yanukoviçin Ukraynanı Avropa Birliyi ilə əməkdaşlıq kursundan döndərmək cəhdi ölkədə ciddi çaxnaşmalara səbəb olub. Hazırda Ukraynadakı durum olduqca kritikdir. Hökumətdəki istefalar, Avropa Birliyi ilə əməkdaşlığın tərəfdarlarının sayının durmadan artması Yanukoviçi çətin duruma salıb. Ukraynada baş verənləri qiymətləndirməsi üçün politoloq Vəfa Quluzadəyə müraciət etdik.
– Vəfa müəllim, Ukraynada hazırda baş verən proseslər nə qədər gözlənilən idi?
– Yanukoviç hakimiyyətdə qalmaq üçün manevr etmək istəyirdi. Əvvəlla onu qeyd edim ki, Yanukoviçin hakimiyyəti Ukraynada o qədər də populyar deyil. Yanukoviç hakimiyyəti oliqarxik iqtidar kimi dəyərləndirilir. Yanukoviç düşünürdü ki, o, Avropa Birliyi ilə bütün müqavilələrə imza atarsa, o zaman Rusiya onu cəzalandıracaq. Rusiya artıq Ukraynaya iqtisadi əlaqələri kəsəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Amma Ukraynanın Gömrük Ittifaqına getməsi isə Qərbi öz əleyhinə qaldırmaq idi. Ona görə Ukrayna hakimiyyəti Avropa Birliyi ilə əməkdaşlığa imza atmayacağını tam formada bəyan etmədi. Sadəcə olaraq bildirdi ki, müqavilənin imzalanması başqa vaxta ertələnir. Amma Gömrük Ittifaqına da daxil olmaq barədə bir söz deyilmədi. Bildirildi ki, Gömrük Ittifaqı ilə yalnız əməkdaşlıq ediləcək. Yanukoviçin strategiyası belə idi ki, o, 2015-ci ildə yenidən seçildikdən sonra duruma uyğun olaraq qərar qəbul etsin. Amma onun strategiyası tam əsassız oldu. Çünki Ukrayna xalqı Qərbə arxalanır və bir daha Rusiyanın tərkibində olmaq istəmir. Ona görə də Qərb baş verən proseslərdə Ukrayna xalqını açıq-aşkar dəstəkləyir. Amma Yanukoviç atdığı addımlarla xalqın dəstəyini tam itirmiş oldu. Özü də Yanukoviçin dövründə belə əvvəlcədən əsası qoyulmuş demokratik ənənələr sıradan çıxarıla bilmədi. Ukrayna xalqının artıq əvvəlki illərdən fərqli olaraq çoxlu sayda hüququ var. Ona görə bütün bu faktorlar nəzərə alınaraq Yanukoviçin vəziyyətinin gərgin olduğunu söyləmək olar. Yanukoviçin Rusiyaya arxalanaraq hakimiyyətdə qalması qeyri-mümkündür. Rusiya Yanukoviçə heç bir kömək göstərə bilməz.
– Baş verənlərin fonunda proseslərin sonrakı inkişafını necə dəyərləndirmək olar? Ukraynanı nə gözləyir?
– Belə hesab edirəm ki, Ukraynada hakimiyyət dəyişəcək. Çünki hazırda baş verən hadisələr bunu tələb edir. Hakimiyyət dəyişən zaman isə bütün strukturlarda dəyişiklik baş verəcək. Parlament, Nazirlər Kabineti də dəyişikliyə məruz qalacaq. Baş verənlər göstərdi ki, artıq Yanukoviç hakimiyyətinin vaxtı bitib. Heç bir yol ilə onlar hakimiyyətdə qala bilməzlər. Proseslər məhz bu yol ilə davam edəcək və ölkədə ikitirəlik ləğv olunacaq. Artıq Ukraynanın Şərqində də etirazlar başlayıb və onlar da Rusiyanın kaloniyası olmaq istəmir, Avropanın bir hissəsinə çevrilmək istəyirlər. Avropa Birliyinə daxil olmaq çətin bir prosesdir. Amma bu yolu mütləq keçmək lazımdır. Necə ki, başqa postsovet ölkələri bu istiqamətdə ciddi addımlar atırlar. Şərqi Avropa uzun müddət SSRI-nin nəzarətində idi. Buradakı ölkələr sosialist ölkələri idi. Amma indi Şərqi Avropa ölkələri Avropa Ittifaqına, NATO-ya daxildir. Bu dövlətlərin heç bir çətinliyinin olmadığını söyləmək düzgün olmazdı. Amma bu dövlətlər Rusiya ilə əməkdaşlığı davam etdirsəydilər, onların çətinlikləri yüz qat daha ağır olacaqdı. Rusiyanın təbliğatı Polşanın timsalında bu dövlətlərin Avropa ilə əməkdaşlıqdan heç nə qazanmadığını nümayiş etdirməyə çalışır. Amma bu, sadəcə bir təbliğatdır. Əslində Şərqi Avropa ölkələrinin, Ukraynanın da Avropaya inteqrasiya siyasəti düzgündür və bu ölkələrin xalqlarının rifahını artırmağa yönəlib.
“Hər şey Yanukoviçin hakimiyyətə gəlməsindən başladı”
– Ukraynada hazırda baş verənləri növbəti inqilab adlandırmaq olarmı?
– Ukraynada baş verənləri Qərb mətbuatı inqilab kimi dəyərləndirir. Belə bir gözlənti də var idi ki, Ukraynadakı proseslər bir müddət davam edəcək, amma daha sonra səngiyəcək. Xüsusilə bu gözlənti meydan dağıldıqdan sonra daha güclü idi. Amma belə olmadı. Baş verənlər daha da genişləndi. Hətta meydanda Ukraynanın yeni lideri parlamağa başladı. Bu lider “Zərbə” Partiyasının rəhbəri Vitali Kliçkodur. Artıq bu şəxs ötən müddət ərzində kifayət qədər təcrübə toplaya bilib. Kliçko baş verən hadisələr zamanı meydanda öz xalqı ilə birgə Yanukoviçə qarşı mübarizə aparır. Ukrayna bu cür hadisələrə yetişmişdi və hazırda baş verənlər qaçılmaz idi. Yanukoviç hakimiyyətə gələndən sonra Ukrayna Avrointeqrasiya kursundan yayındı və daha da batmağa başladı. Çünki Ukrayna nə Avropaya, nə də Rusiyaya inteqrasiya etmədi. Əslində Rusiya ilə əlaqələri dərinləşdirmək tamamilə mümkün deyildi. Çünki bu, Ukraynanın müstəqiliyinin itirilməsi demək idi. Gərək seçdiyin yol açıq-aydın olsun. Qeyri-müəyyən yol ilə getmək olmaz.
– Vitali Kliçko hələ Brüsseldə olarkən bəyanat vermişdi ki, onlar Yanukoviçə elə bir dərs verəcəklər ki, bu dərsdən digər oxşar addımı atmaq istəyənlər də nəticə çıxaracaqlar. Əslində bu açıqlamanı Yanukoviçə qarşı planlaşdırılan addımların bir anonsu saymaq olarmı?
– Əgər Ukrayna xalqının əhval-ruhiyyəsi Yanukoviç və onun tərəfdarlarının əleyhinə olmasaydı, heç bir plan bu cür uğurla həyata keçirilə bilməzdi. Kliçko Yanukoviçin addımlarına dəqiq qiymət verdi. Yanukoviç xalqını aldatdı. Çünki o, Brüsselə getməzdən əvvəl bəyanat vermişdi ki, Ukrayna Avropa Birliyi ilə əməkdaşlıq imzalayacaq. Xalq əmin olmuşdu ki, Yanukoviç son anda Avropa Birliyi ilə əməkdaşlığı imzalayacaq. Amma Yanukoviç Avropa Birliyi ilə əməkdaşlığa can atmadı və bu üzdən Kliçkonun bəyanatını tam anlamaq olar. Çünki xalqını aldadan şəxs xalqının dəstəyini itirir.
– Narıncı inqilab baş verən zamanda Avropa Birliyinin nümayəndələri Kiyevdə keçirilən aksiyalara qatılmış və Ukrayna xalqına dəstəklərini ifadə etmişdilər. Bu dəfə də Avropa Birliyi ilə əməkdaşlığın dayandırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyaya beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin diplomatları qatılmışdı. Bu tendensiyanı necə dəyərləndirmək olar?
– Avropa Birliyi Ukraynaya dəstəyini heç zaman gizlətməyib. Avropa Birliyi də Ukrayna xalqı kimi bu dövləti Avropanın bir hissəsi sayır. Qərb də hesab edir ki, Ukrayna Avropaya inteqrasiya etməli və bir daha Rusiyanın müstəmləkəsi olmamalıdır. Qərb Rusiyaya bir daha SSRI-ni bərpa etməyə imkan vermək niyyətində deyil. Ona görə baş verənlərdə Qərbin mövqeyi kifayət qədər aydındır. Bu üzdən də Qərb təmsilçiləri Kiyevin mərkəzindəki mitinqdə nəinki iştirak, hətta çıxış belə etdilər. Bu, Ukraynaya ciddi siyasi dəstək idi.
“Rusiyanın heç bir təzyiq rıçaqı yoxdur”
– Baş verən proseslərə Rusiyanın reaksiyası necə olacaq? Kremlin Ukraynadakı proseslərə müdaxiləsi ola bilərmi?
– Əgər Rusiya Ukraynaya yaxşı perspektivlər təklif etmiş olsaydı, Kiyev çoxdan siyasətini Kremlə istiqamətləndirərdi. Rusiya keçmiş imperiyanın bir, Ukrayna isə digər parçasıdır. Amma Rusiyadan fərqli olaraq Ukrayna yenidən imperiyaya daxil olmaq istəmir. Rusiyanın Ukraynaya təsiri yalnız o ola bildi ki, Sevastopolda şəhər Dumasının deputatı Putinə bir məktub yazdı ki, bəs Rusiya Ukraynaya qoşun göndərməlidir. Bu, xəstə təfəkkürün məhsuludur. Əgər Rusiya Ukraynaya qoşun göndərə bilsəydi, çoxdan göndərərdi. Ona görə qoşundan istifadə etmək imkanları 20-ci əsrin əvvəlində bitib. O vaxtları Rusiya hər yerə qoşun göndərirdi. Ukraynaya qoşun göndərilərək xalqa divan tutulmuşdu. Azərbaycanın da müstəqiliyini Rusiya 11-ci qızıl ordu vasitəsilə almışdı. Amma hazırda dünya dəyişib və artıq Rusiya silah gücünə öz iradəsini irəli sürə bilməz. Hazırda bir dövlət başqasına təzyiq etmək istəyirsə, burada daha çox iqtisadiyyatdan istifadə olunur. Əgər Rusiyanın iqtisadi gücü Amerikanın potensialına bərabər olsaydı, Ukrayna bəlkə də Rusiyanı seçərdi.
– Hazırda Yanukoviçin yaranmış situasiyadan çıxış yolu varmı? Yanukoviç Avropa Birliyi ilə əməkdaşlıqda hər hansı yeni addım atmaqla durumu dəyişə bilərmi?
– Ukraynanın qanunları var və bu qanunlara uyğun olaraq dövlətin parlamenti Yanukoviçə impiçment verə bilər. Yanukoviçin xilası yoxdur. Artıq onun məsələsi artıq bitib. Yanukoviçin apardığı siyasət uşaq oyuncağı deyil. Yanukoviçin bütün siyasəti onu iflasa gətirdi.
– Gürcüstanın Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində assosasiya sazişi imzaladı. Bu sazişin imzalanması Cənubi Qafqaz regionu üçün nə vəd edir?
– Gürcüstanın Avropa Birliyi, NATO ilə əməkdaşlığı sözsüz ki, region üçün böyük əhəmiyyətli hadisədir. Gürcüstanın addımları region üçün öz təsirini göstərəcək. Əslində Gürcüstan regionda açar ölkədir. Azərbaycanın zəngin təbii resurslara sahib olmasına baxmayaraq əsas ölkə Gürcüstandır. Çünki bizim neftin və qazın yolu Gürcüstandan keçir. Əgər Rusiyanın imkanı olsaydı gərək Gürcüstanı fəth edəydi. Rusiya Avrointeqrasiyanın qarşısını ala bilsəydi, o zaman gərək vaxtilə qoşunlarını Gürcüstandan çıxarmamalı idi. Amma bu hadisə baş verdi və Rusiya buna müqavimət göstərə bilmədi. Əslində hazırda müşahidə olunan proses sovet imperiyasının çöküşüdür. Bu çöküş prosesi davam edir. Rusiyanın öz daxilində də demokratikləşmə prosesi gedəcək. Rusiyanın daxilində də güclü müxalifət var. Rusiyanın iqtisadiyyatı çökür və Rusiyaya Qərbin dəstəyi olmadan bu ölkə inkişaf edə bilməyəcək. Ona görə Rusiyanın gələcəyi bu dövlətdəki sistemin çöküşündə, Avropaya inteqrasiyasındadır.
– Ukraynanın Avropa Birliyi ilə əməkdaşlıqda göstərdiyi dirəniş Cənubi Qafqazda da müşahidə oluna bilərmi? Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının perspektivi necədir?
– Azərbaycan da Avropa Birliyi ilə bütün sahələrdə əməkdaşlığı imzalayacaq. Bu istiqamətdə Cənubi Qafqazda heç bir dirənişə ehtiyac yoxdur. Hər ölkənin reallıqları var. Hesab edirəm ki, Azərbaycan iqtidarı anlamalıdır ki, Avropaya inteqrasiya etməkdən savayı yolu yoxdur. O da nəzərə alınmalıdır ki, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqda Ukrayna kimi manevri ciddi fəsadlara yol aça bilər.
Xəyal