“Hakimiyyətinin Rusiyapərəst siyasət yürütməsi və Qərbdən imtinası onun öz maraqlarına da ziddir”
Ukrayna hakimiyyətinin Avropa Birliyi ilə əməkdaşlıqda qəbul etdiyi son qərar ölkə daxilində böyük təlatümlərə səbəb olub. Müxalifətin keçirdiyi etiraz aksiyaları, Yanukoviçə ünvanladığı ciddi ittihamlar iqtidarı çətin duruma salıb. Ukraynada baş verənlərlə bağlı ekspertlərin fikirləri müxtəlifdir. Bəzi ekspertlər hesab edir ki, baş verənlər Ukrayna hakimiyyətinin Qərbdən əlavə güzəştlər qoparmaq cəhdidir. Digər qrup ekspertlərin fikrincə, baş verənlər bilavasitə Rusiyanın uzunmüddətli təzyiqinin nəticəsidir. Gündəmdə olan bu və başqa sualları AXCP sədrinin müavini, professor Nurəddin Məmmədliyə ünvanladıq.
– Ukraynada baş verən prosesləri yalnız bir arqument gətirərək izah etmək çox çətindir. Yanukoviç Moskvanın dəstəyi ilə Ukraynanın Cənubi-Şərq əyalətlərində yüksək səs faizi toplamaqla hakimiyyətə gəlmişdi. Amma siyasətin daxilinə girdikcə başqa situasiya ilə üzləşmək zərurəti meydana gəlib. Yəni Yanukoviç hakimiyyətə gələndən sonra Moskvanın bütün ümidlərini doğruldan addımlar ata bilmədi. Ukraynanın əhalisi avropalaşma siyasətinin tərəfdarıdır. Əvvəlki hakimiyyət bütün siyasi çaxnaşmalara baxmayaraq demokratikləşmə, avropalaşma siyasətinin əsasını qoymuşdu. Ona görə də Rusiya zaman-zaman, əsasən də enerji resursları vasitəsilə Ukraynaya ciddi təzyiqlər göstərirdi. Belə bir şəraitdə, Ukraynadakı daxili vəziyyət də nəzərə alınmaqla Yanukoviç gah Qərb, gah da Moskvapərəst siyasət yürütməyə başladı. Bu siyasət bir növ Azərbaycanın “balanslaşdırılmış” xarici siyasət kursuna bənzəyir. Indisə bir tərəfdən müxalifətin getdikcə güclənməsi, digər tərəfdən Moskva ilə əlaqələrin pisləşməsi üzündən Ukrayna Avropayönlü siyasət yürütməyə məcbur idi. Amma son zamanlar Rusiyanın Ukraynaya göstərdiyi təzyiq, ölkədə hakimiyyətin dəyişməsi təhlükəsi Yanukoviçi fərqli addım atmağa məcbur edib. Azərbaycanda olduğu kimi Ukrayna rəhbərliyi də Avropadan müəyyən zəmanətlər almaq istəyir. Bu zəmanətlər bir tərəfdən hakimiyyətin ömrünün uzadılmasına, digər tərəfdən müəyyən iqtisadi-siyasi dividendlər almağa yönəlmişdi. Amma Avropa öz prinsiplərinə xəyanət etmədi. Bəyan olundu ki, əgər avropalaşma Ukrayna xalqına lazımdırsa, bu, Ukraynanın dövləti maraqlarına uyğundursa, siz bizim kriteriyalara uyğunlaşmalısınız. Açıq bildirildi ki, Avropa Birliyi Ukrayna hakimiyyətinin şantajlarına göz yummaq fikrində deyil. Amma Ukraynada baş verən hadisələr qətiyyən o anlama gəlməməlidir ki, Ukrayna avropalaşma siyasətindən imtina etdi. Baş verənlər əslində bir taym-aut anlamı daşıyır. Yanukoviçin özü də etiraf etdi ki, onlar avropalaşma siyasətindən imtina etmirlər, sadəcə olaraq bir müddət bu kursda fasilə elan edirlər. Ona görə düşünürəm ki, əslində Ukraynanın avropalaşma siyasəti həm Avropa Birliyinin, həm də Ukraynanın maraqlarına uyğundur. Ukrayna çox güclü bir dövlətdir. Avropanın Şərqində Qərbin ciddi dayağına çevrilə bilər. Bu baxımdan Ukraynanın avropalaşacağı şübhəsizdir.
“Qərb Azərbaycandan konkret mövqe gözləyir”
– Azərbaycanın dövlət başçısı Ilham Əliyevin bir müddət əvvəl Ukraynaya səfər etməsi bəzilərində belə qənaət yaradıb ki, Avropa Birliyinə münasibətdə Azərbaycan da oxşar addım ata bilər. Azərbaycanın oxşar qərar qəbul etməsi nə dərəcədə mümkündür?
– Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə münasibətlərdə atdığı addımlardakı qeyri-müəyyənlik Ukrayna ilə müqayisədə daha qabarıq formada özünü göstərir. Azərbaycan uzun müddət balanslaşdırma siyasəti adı altında Iran, Rusiya, ABŞ və başqa ölkələrlə münasibətlərdə müəyyən manevr imkanlarına sahib idi. Amma son zamanlar, xüsusilə “WikiLeaks” olaylarından sonra Azərbaycanın xarici siyasətdə eyni addımlar atmaq imkanları məhdudlaşdı. Bu gün hər kəs öz müttəfiqlərini səmimi şəkildə yanında görmək istəyir. Ona görə bu dəyişikliklərə uyğun olaraq xarici siyasət kursunda zəruri dəyişikliklər reallaşdırılmalıdır. Azərbaycanın dövləti maraqlar baxımından avropalaşma siyasətinin perspektivi daha böyükdür. Bu yolun alternativi yoxdur. Amma nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti üçün ölkənin dövlət maraqları ikinci plandadır və iqtidarın əsas məqsədi hakimiyyətin ömrünü uzatmaq və xalqı talan etmək siyasətinə davam etdirməkdir. Bütün bunlardan sonra Azərbaycan hakimiyyətinin hansı addımı atacağını, söyləmək çətindir. Amma Azərbaycanın Avropadan imtina perspektivləri Ukrayna qədər asan olmayacaq. Ən azı ona görə ki, uzun müddət Azərbaycan xalqından talan olunmuş varidat hamısı Qərb banklarında, Qərbdə sərmayələr şəklindədir. Ona görə Azərbaycan hakimiyyətinin Rusiyapərəst siyasəti seçərək, birbaşa Qərbdən imtinası onların öz maraqlarına da ziddir. Belə olan halda Azərbaycan hakimiyyətinin hansı mövqeyi seçəcəyini söyləmək həqiqətən də çətindir. Ona görə ki, avropalaşma yalnız sənədə imza atmaq demək deyil. Avropa ilə əməkdaşlığı nəzərdə tutan sənədlər bir yol xəritəsi formada olur. Həmin sənəddə konkret olaraq demokratik islahatlar da nəzərdə tutulur ki, həmin islahatlar da bəlli bir zaman çərçivəsində reallaşdırılmalıdır. Bu bir öhdəçilikdir və onu konkret zaman çərçivəsində reallaşdırmaq lazımdır. Bir şeyi əminliklə demək olar ki, Xəzərə qədər bu gün Avropa qitəsi hesab olunan arealda demokratikləşmə, avropalaşma siyasəti hökman reallaşdırılacaq. Söhbət burada zaman anlamından gedir. Qərb keçmiş sovet ölkələrinin demokratikləşməsini mümkün qədər tez bir zamanda reallaşdırmaq istəyir. Azərbaycan hakimiyyəti isə atdığı addımlarla öz ömrünü mümkün qədər uzatmaq istəyir. Ukrayna, Cənubi Qafqaz, Belarus da daxil olmaqla bu ölkələrin Avropa Birliyinə inteqrasiyası qaçılsmazdır. Bu siyasətin alternativi yoxdur.
“Üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazırıq”
– Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə əməkdaşlığa son qoymaq barədə qərar qəbul edərsə, bu zaman müxalifətin üzərinə hansı vəzifə düşür? Demokratik qüvvələr bu istiqamətdə hansı addımları ata bilərlər?
– Azərbaycan müxalifəti də bu tip qərarlara kütləvi aksiyalar və digər etiraz vasitələri ilə cavab verməlidir. Əvvəlki illərdən fərqli olaraq Milli Şura yaranandan və Azərbaycan müxalifətinin birgə fəaliyyəti koordinə olunandan sonra bu cür addımlara qarşı reaksiya vermək imkanlarımız kifayət qədər genişdir. Bunu xarici ekspertlər də vurğulayırlar. Çünki əvvəllər Azərbaycan müxalifəti zəif və dağınıq kimi təsvir olunurdu. Amma Milli Şuranın seçkidən sonrakı aksiyalarının daha izdihamlı keçməsi, aksiyalarda iştirak edənlərin sayının 15 min nəfər olduğunun beynəlxalq təşkilatlar tərəfindən etirafı da bir faktdır. Müqayisə üçün deyim ki, 17 milyon insanın yaşadığı və sosial durumu kifayət qədər normal olan Moskva şəhərində Navalnının tərəfdarları aksiyalarda cəmi 20-25 min adamla təmsil olunurdu. Bizim aksiyalarda təmsil olunan insanlar bilavasitə müxalifətlə əlaqədə olan güclər idi. Azərbaycan xalqı siyasətlə əvvəlki illərdən fərqli olaraq daha ciddi şəkildə maraqlanmağa başlayıb. Ona görə hakimiyyətə qarşı mübarizənin perspektivində bu faktor özü də güclü rol oynaya bilər. Azərbaycan cəmiyyəti yaşadığı bu iztirablardan, məhrumiyyətlərdən Avropanın bir hissəsi olaraq xilas ola bilər. Bu proses hazırda gedir və gələcəkdə də gedəcək. Sadəcə olaraq bu proses sürətlənməli və getdikcə siyasətimizin mərkəzinə doğru hərəkət etməlidir. Düşünürəm ki, müxalifət üzərinə düşən vəzifənin öhdəsindən gələ biləcək.
Milli Şuranın gələcək fəaliyyət planları
– Hazırda Milli Şuranın fəaliyyətinin daha da effektiv edilməsi məqsədilə müxtəlif təkliflər səslənməkdədir. Bu təkliflər sırasında həmsədrlik institunun yaradılması, Milli Şuranın məclisinin təşkil edilməsi və başqa ideyalar var. AXCP olaraq Milli Şuranın növbəti sessiyasına hansı təkliflər paketi irəli sürmək niyyətindəsiniz?
– Bu məsələlərlə bağlı partiyada hələlik vahid mövqe müəyyənləşməyib. Amma mənim qənaətim budur ki, bu gün Milli Şurada dəyişməsi zəruri olan addım həmsədrlik institutunun təsis olunmasıdır. Düşünürəm ki, Azərbaycanın iki görkəmli ziyalısı – Rüstəm Ibrahimbəyovla Cəmil Həsənlini qarşı-qarşıya qoymaq yox, onların birlikdə əməkdaşlığını stimullaşdırmaq lazımdır. Digər məsələlərə gəlincə, mənim mövqeyim mühafizəkardır. Biz Milli Şuranın əsasnaməsində nəzərdə tutulan addımların yalnız bir hissəsini reallaşdırmışıq. Ona görə hər hansı struktur dəyişikliyinə ehtiyac görmürəm. Təcili şəkildə cari qərarları qəbul edib onların reallaşdırılması üçün Idarə Heyəti və ya Koordinasiya Şurası yaradılmalıdır. Digər məsələlər isə əsasnamədə nəzərdə tutulduğu qaydada reallaşdırılmalıdır. Komitələrin, komissiyaların işi gücləndirilməlidir. Siyasətdə mümkün qədər çox adam qərarların qəbul olunmasında iştirak edirsə, icraçılıq fəaliyyəti də genişlənir. Ona görə Milli Şuranı daha çox insanların təmsil olunduğu çoxpilləli, çoxistiqamətli strukturlaşmaya keçirmək lazımdır. Bunun da konturları əsasnamədə var. Biz Milli Şuranı hələ yaradanda nəzərdə tutmuşduq ki, ölkənin bütün sferalarını əhatə edən kadrları təmərküzləşdirmək, onların peşəkarlığını artırmaq üçün şəxslərin müxtəlif komitələrdə təmsilçiliyini təmin etmək lazımdır. Bu istiqamətdə Milli Şuranın böyük potensialı var. Bütün partiyaların resurslarının birləşdirilməsi bu istiqamətdə daha ciddi addımlar atmaq imkanı yaradır.
– Belə təkliflər də var ki, Milli Şuranın hədəfləri indidən müəyyənləşdirilməlidir və təşkilat parlament seçkilərinə hazırlığa start verməlidir?
– Milli Şuranın bu gün ən təhlükəli perspektivi orada təmsil olunan partiyaların parlament seçkisilə bağlı istəklərini öz maraqları çərçivəsində həll etmək niyyətləri ola bilər. Bundan qaçmaq lazımdır. Biz Milli Şura kimi vahid siyahı əsasında parlament seçkilərinə qatılmalıyıq. Biz növbəti seçkidə indiki birlik modelindən istifadə edərək hakimiyyətə daha ciddi zərbələr endirə bilərik. Eyni zamanda növbəti seçkilərlə bağlı Seçki Məcəlləsi dəyişdirilməli, seçki komissiyaları ilə bağlı ciddi addımlar atılmalıdır. Məndə bir əminlik var ki, həmin dönəmə qədər bu rejim ya islahatlar yolunu tuta və ya, ümumiyyətlə, siyasi səhnədən gedə bilər. Əgər bu baş verməzsə, Milli Şura seçkiyə vahid komanda kimi qatılmalı, vahid siyahılar üzrə namizədliklər irəli sürülməlidir. Əgər belə olmasa, partiyalar öz problemlərini hakimiyyətlə alverə getmək, müəyyən bazarlıqlar vasitəsilə həll etməyə çalışacaqlarsa, bundan itirən yalnız demokratik qüvvələr və xalq olacaq.
– Partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsində yenə də ölkənin əsas müxalifət partiyaları kənarda qalır. Maraqlıdır ki, hazırda dövlət dəstəyini alan partiyaların rəhbərləri son prezident seçkisində iştirak zamanı yekun nəticədə MSK-ya təqdim olunan imzaların sayı qədər belə səs toplaya bilməyiblər?
– Ayrılan maliyyəni siyasi partiyaların maliyyələşməsi konitekstində izah etmək mümkün deyil. Hakimiyyət özünün nəzarətində olan, onun məqsədinə xidmət edən qrupların, partiyaların ayrı-ayrı inhisarçılar tərəfindən maliyyələşməsinə bir hüquqi don geyindirməyə çalışır. Bu gün hakimiyyətin dəyənəyinə çevrilən qruplar siyasi partiyaların maliyyələşməsi adı altında dövlətdən müəyyən miqdarda pul alırlar. Hətta iş o yerə çatıb ki, bunların fəaliyyəti o qədər zəifdir ki, alınan pulları belə xərcləmək imkanları yoxdur. Maliyyə naziri elan edib ki, həmin vəsaitin təxminən 10 faizdən artığı xərclənməyib. Bu, gələn il partiyaların fonduna keçiriləcək. Bu, işsizliyin, fəaliyyətsizliyin nəticəsidir. Hakimiyyət real müxalifət mövqeyində dayanan partiyaları maliyyələşdirməklə onları gücləndirmək niyyətindən çox uzaqdır. Bu məsələnin siyasətə heç bir aidiyyəti yoxdur. Bu sadəcə olaraq öz tabeçiliyində olan siyasi qüvvələrin saxlanılması yoludur.
Xəyal