Baş nazirin sabiq müavini miqrantlarla bağlı söylədiyi fikirlər iqtidarı hiddətləndirib
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq müavini Abbas Abbasov növbəti dəfə hakimiyyətin qəzəbinə gəlib. Əldə etdiyimiz məlumatlara görə, “Milyarderlər Ittifaqı”nın yaradılması ilə iqtidarla münasibətləri pisləşən Abbas Abbasov bu dəfə Rusiyada miqrantlarla bağlı baş verən proseslərə münasibət bildirməsilə Azərbaycan hakimiyyətini hiddətləndirib.
Abbas Abbasov Moskavada Prezident mehmanxanasında “Rusiya Federasiyasının 2025-ci ilədək nəzərdə tutulmuş dövlət miqrasiya siyasəti Konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu haqqında” mövzusunda keçirilən dəyirmi masada faktiki olaraq iqtidarı ittiham edib. “Hər bir miqrantın taleyi yalnız onu qəbul edən ölkədən yox, həm də onun gəldiyi ölkə və ya regionun məsuliyyətindən asılıdır”, – deyə o, bildirib. Hakimiyyəti qəzəbləndirən məhz bu fikir olub.
Bu tədbirin ardından hakimiyyətə yaxın mediada Abbas Abbasovun hədəfə alınması məlumatların həqiqət payını bir qədər də artırır. Iqtidara yaxınlığı ilə seçilən saytların birində Abbas Abbasovla bağlı dərc edilmiş materialda baş nazirin sabiq müavinin və onun da təsisiçisi olduğu “Milyarderlər Ittifaqı”nın Kremlin əlində alət olduğu açıq şəkildə vurğulanır. “Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (”AzerRos”un) Ağsaqqallar Şurasının sədri, həmçinin “Milyarderlər Ittifaqı”nın təsisçilərindən Abbas Abbasov bu proseslərə dair açıqlaması ilə “özünü yandırmış” oldu… ÿ
…Azərbaycan cəmiyyəti bu problemlə bağlı Abbasov tərəfindən hər hansı addımın şahidi olmayıb. Əvəzində isə Abbas Abbasovun təşəbbüsü ilə Rusiyanın dövlət miqrasiya siyasətinə dəstək vermək üçün “Prezident otel”də tədbir keçirilir və baş nazirin sabiq müavini o tədbirdə çıxış edərək Kremlin miqrasiya siyasətini (oxu: Azərbaycana və azərbaycanlılara qarşı təzyiq siyasətini) dəstəklədiyini bəyan edir…
…Demək səmimi deyillər, demək niyyət başqadır. Gerçək niyyəti təxmin etmək çətin deyil, bu niyyət Moskvanın Azərbaycanı Gömrük Birliyinə qoşmaq niyyəti ilə üst-üstə düşür. Başqa sözlə, “Milyarderlər Ittifaqı” kimlərinsə əlində alətdir və Abbas Abbasov toplantıda söylədiyi fikirlərlə alət olduğunu gizlətmir də”.