Xarici şirkətləri sıxışdırmaq üçün sığorta şirkətlərinin nizamnamə kapitalının həcmi artırılır
Azərbaycanda sığorta bazarını tam nəzarətə götürmək üçün xarici iştirakçıları sıxışdırırlar. Sığorta bazarının iştirakçılarından biri ABC agentliyinə bildirib ki, Maliyyə Nazirliyi sığorta bazarını nizamlayan orqan kimi şirkətlər üçün nizamnamə kapitalının həcmini 5 milyon manatdan 10 milyon manata qaldırmağa hazırlaşır:
“Bu, xarici sığortaçılar üçün Azərbaycan bazarının cəlbediciliyini kəskin aşağı salacaq”.
Mənbə müqayisə üçün deyib ki, hazırda qonşu Türkiyədə sığorta şirkətləri üçün minimal kapital tələbi 5 milyon dollar, yaxud 3,9 milyon manata yaxındır.
“Hansı ki, Türkiyənin sığorta bazarı 70 milyon potensial sığortaçıdan və 18 milyard məbləğində məcmu ödəmədən ibarətdir. Bu şərtlər çərçivəsində aydındır ki, istənilən xarici investor 12,75 milyon dollar yatırıb məhdud Azərbaycan bazarına girməkdənsə cəmi 5 milyon dollar yatırıb böyük Türkiyə bazarına girməyi üstün tutardı” – deyə mənbə bildirib.
Qaynağın sözlərinə görə, nazirliyin minimal kapitalın həcmini artırmasından sonra Azərbaycan bazarında fəaliyyət göstərən xarici sığortaçılar da ölkəni tərk edəcək: “Eyni zamanda bir çox yerli sığorta şirkətləri də bağlanacaq. Çünki il ərzində onların əksəriyyəti 10 milyon manat sığorta ödənişi yığa bilmir, artımın olacağı da gözlənilmir. Nizamnamə kapitalının artırılmasından sonra onlar sığorta fəaliyyətinin sərfəli olmayacağını görüb bazarı tərk edəcəklər. Ola bilsin Maliyyə Nazirliyinin də məqsədi elə sığortaçıların sayını azaltmaqdır”(virtualaz.org).
Məlumat üçün deyək ki, Azərbaycanın sığorta bazarında əsas şirkətlər hakim ailəyə və ayrı-ayrı oliqarx-məmurlara məxsusdur. Bu sırada “PaşaSığorta” (hakim ailə), “QarantSığorta” (nəqliyyat naziri Ziya Məmmədov) və “AtaSığorta”nın (fövqəladə hallar naziri Kəmaləddin Heydərov) adını çəkmək olar. Görünür, hakim ailə və iqtidardakı oliqarx-məmurlar bu bazara tam hakim olmaq niyyətindədir. Bunun da səbəbi sığorta sahəsinin perspektivi ilə bağlıdır. Məsələ burasındadır ki, perspektivdə sığorta sahəsi daha da genişlənəcək. Bu baxımdan da inhisarçı qüvvələr bu sahəni tam ələ keçirmək üçün indidən tədbirlər görür.