Maksim Musayev: «Bunlar hazır “kökə” tapanlardı; YAP-dan istifadə edib sahibkara çevrilirlər; xalqın gözün “mazol” ediblər»
Ötən gün YAP-ın yaranmasından 21 il ötdü. Hakimiyyət bugün münasibətilə bütün bölgələrdə tədbirlər keçirsə də, 600 min üzvü olan partiyanın yarandığı tarix cəmiyyətə maraqlı olmadı. Əslində bu partiyaya insanların hansı yollarla üzv edildiyini, partiya vəsiqəsi daşıyan insanların rejimdən narazı olduğunu hər kəs bilir. Bu partiyaya qarşı insanların istəyərək, səmimi şəkildə bağlı olmamasının nəticəsidir ki, YAP-ın 21 illiyi bütün səylərə baxmayaraq boykot edildi.
Bu partiyanın qurucularından olmuş xeyli sayda insan sonradan yanıldığını, aldandığını başa düşdü. YAP-ın yaradıcılarından olan Sirus Təbrizli isə “YAP simasız quldurlar partiyasıdır” dedi.
Bu gün YAP-ın yaradılmasında böyük zəhmətləri olan xeyli sayda insan var ki, partiyanın sonrakı fəaliyyətini, apardığı siyasəti yanlış sayır və xidmətlərinin qiymətsiz qaldığını bildirir.
21 yaşını qeyd edən partiyanın veteran üzvləri YAP-ın indiki fəaliyyətini necə qiymətləndirir, bu partiya onların görmək istədiyi partiyadırmı?
YAP-ın qurucularından olmuş Maksim Musayev bildirdi ki, partiyanın indiki rəhbərliyi yanlış siyasət yürüdür və hazır “kökə” tapmış adamlar özlərini reklam etməklə məşğuldular: “YAP-ı çətin günlərdə, əziyyətlə yaradanlar bizlər olmuşuq. Indi isə partiya qurucuları partiyanın qaynar həyatından uzaqlaşdırılıb və Heydər Əliyevə sədaqətli olmuş şəxslərin fəaliyyəti məhdudlaşdırılır. Sonradan YAP-a gələnlər ”nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” misalına uyğun adamlardı. Bunlar hazır “kökə” tapanlardı və bunlar televizordan düşmürlər. Televizoru açıb görürəm ki, YAP-ın yaranmasından Siyavuş Novruzov, Mübariz Qurbanlı, Eldar Ibrahimov danışır. YAP-ı yaradanları kənarda qoyub, televizordan sui-istifadə etmək insana yaraşan hal deyil. Özü də deyirlər ki, bu adamlar professordur. Bunlar yalnız özlərini reklam edirlər. YAP-dan istifadə edib professor, doktor olurlar, sahibkara çevrilirlər. YAP nərdivanından istifadə edib pillə-pillə qalxırlar. Indiki partiya rəhbərliyi öz mənafeyini üstün tutmaqla partiyaya xəyanət edir. YAP-ın nəhəngləri kənarda qalıb, onlara hörmət olunmur. Mübariz Qurbanlı, Əli Əhmədov kimi adamlar partiyaya sonradan yapışmış adamlardı və bu adamların YAP-ın tarixindən danışması gülüncdür. Partiyanın indiki katibliyi yanlış kurs götürüb. Eyni adamlar xalqın gözün “mazol” ediblər. Siyavuşlar partiyanın imicinə xələl gətirir. Partiyada özünütənqid olmalıdır, digər partiyaların nümayəndələrinə də vəzifə verilməlidir, partiya üzvlərinin kəmiyyətini yox, keyfiyyətini artırmaq lazımdır. Bir partiyanın süni 600 min üzvünün olmasına ehtiyac yoxdur. “Mən sənin günahlarını açmayacam, sən də mənim günahlarımı demə” prinsipi ilə fəaliyyət göstərmək olmaz. Vəzifəni peşəkarlara vermək lazımdır. Bəzi adamlar partiya biletini öz “çörək təknəsinə” çevirib. Bütün iqtidar qəzetlərinə göstəriş veriblər ki, Maksim Musayevdən məqalə götürməyin, müsahibə almayın. Düşünürəm bütün bunlar biabırçılıqdır və ali məqsəddən yayınmaqdır”.
Maksim Musayev Əbülfəz Elçibəy haqqında da bir-neçə kəlmə söylədi: “Əbülfəz Elçibəy əsl demokrat adam idi və bizim fəaliyyətimizə əngəl törətmirdi. O bilirdi ki, biz öz partiyamızı yaradırıq. Ancaq bu proseslərə aqressiv yanaşmırdı. Ona görə də Elçibəy faktoru mənim üçün qiymətlidir. Sağlam rəqabət, ədalətli münasibət əsas şərtdir”.
İlham Hüseyn