Elxan Şahinoğlu: «Ərdoğan Qəzzafi üçün Mübarəkə dediyi kimi, «Sən getməlisən» deyə bilmir»
BMT TŞ-nin Liviyaya qarşı qəbul etdiyi sanksiyaları bütün dövlətlər dəstəkləsə də, Qəzzafi rejiminə qarşı həyata keçirilən hərbi əməliyyatlar birmənalı qarşılanmayıb. Buna etiraz edənlər arasında Türkiyə də var. Bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan şəhərlərin bombalanmasının yolverilməz olduğunu deyib. Bununla yanaşı, Türkiyə hərbi dəniz donanması qismən bu əməliyyatlarda iştirak edir. Bu halda Ərdoğanın bəyanatını necə qiymətləndirmək olar?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə hakimiyyətinin Liviyadakı hadisələrə münasibətinin birmənalı olmadığını deyir. Belə ki, Ankara bu dəfə dilemma qarşısında qalıb. Misirdə insanlar küçələrə axışaraq prezident Hüsnü Mübarəkin istefasını tələb etdikdə baş nazir Rəcəb Tayyib Ərdoğan Qərb liderlərini qabaqlayaraq Mübarəkin hakimiyyətdən getməsini dilə gətirdi. Ərdoğanın bu açıqlaması Misir küçələrində böyük ruh yüksəkliyi ilə qarşılandı: “Liviyada Ərdoğan Qərb liderlərinin gerisində qaldı. Ancaq bunun obyektiv səbəbləri var. Birincisi, Türkiyənin Liviyada neçə milyard dollarlıq kapitalı var və Türkiyənin tikinti şirkətləri bu ölkədə böyük müqavilələr bağlayıblar. Doğrudur, Liviyada çalışan təxminən 25 min türk işçi bu ölkəni tərk edib, ancaq türk kapitalının taleyi hələ müəyyənləşməyib. Əgər Ankara qəti əmin olsaydı ki, Liviya diktatoru Qəzzafi Mübarək kimi məğlubiyyətin astanasındadır, onda ondan üz döndərə bilərdi və birmənalı bu ölkədəki müxalifəti dəstəkləyərdi”.
Ekspertin fikrincə, Liviyada vəziyyət qeyri-müəyyəndir və qarşı duran güclər bərabər olduğundan Ankara seçim edə bilmir. Ona görə də Ərdoğan Mübarəkə dediyi kimi Qəzzafi üçün “Sən getməlisən” deyə bilmir: “Məsələnin mənəvi tərəfi də var. Ərdoğan bir müddət öncə Liviya diktatorunun əlindən sülh mükafatı alıb. Doğrudur, Italiyanın baş naziri Silvio Berluskoni vaxtilə Qəzzafinin əlini öpsə də, indi Liviyanı bombalayanların yanındadır. Ancaq Ərdoğan üçün dünənki tərəf-müqabilini bu gün düşmən kimi görmək çətindir.
Ankaranın Liviya məsələsində gecikən reaksiyasından Fransa gen-bol istifadə edib. BMT-də Liviyaya qarşı sanksiya qəbul olunduqdan sonra Fransa bir neçə ölkənin xarici işlər nazirini Parisə topladı. Bu sırada Türkiyəni dəvət etmədilər. Çünki rəsmi Paris anlayırdı ki, Türkiyə Liviyaya qarşı hərbi əməliyyatın əleyhinə olacaq, ona görə toplantıda özünə maneə yaratmaq istəmədi. Paris toplantısından dərhal sonra da Fransanın hərbi təyyarələri Liviyanı bombalamağa başladılar. Belə bir vəziyyətdə Türkiyə hadisələri kənardan seyr etmək məcburiyyətində qaldı”.
Ekspert Türkiyənin neçə ildir bölgədə yürütdüyü fəal xarici siyasətin bu dəfə zəifləmiş kimi göründüyünü də vurğulayır: “Aydındır ki, Türkiyə Fransa və ABŞ kimi Liviyanın bombalanmasında iştirak edə bilməz. Ancaq Türkiyə qonşuluğundakı hadisələrə təsir etməmək siyasətindən də razı qala bilməz”.
E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, Ankara gələcəkdə passiv rolunu aktiv mövqeyi ilə də əvəz edə bilər. Iraq buna bariz nümunədir: “Vaxtilə ABŞ və Böyük Britaniya Iraqa müdaxilə planını müzakirə etdikdə Türkiyəni də hərbi əməliyyatlara qoşulmağa dəvət etmişdilər və Ankaraya buradan gərəkli pay alacağını vəd vermişdilər. Ankara Iraqa müdaxilədən nəinki kənarda qaldı, ABŞ və Böyük Britaniyanın silahlı qüvvələrinin Türkiyə torpaqlarından istifadəsinə belə icazə vermədi. O zaman da belə düşünülürdü ki, Iraq ram edildikdən sonra Türkiyə Iraqın neft və qaz payından, Şimali Iraqa nəzarətdən kənarda qalacaq. Ancaq hadisələrin sonrakı inkişafı göstərdi ki, Türkiyə ABŞ və Böyük Britaniyaya qoşulmamaqla doğru qərar verib. Iraq xaos yuvasına çevrildi, yüzminlərlə günahsız insan qətlə yetirildi. Əgər Türkiyə hərbi əməliyyatda iştirak etsəydi, Iraqdakı xaos və qətllərə görə o da məsuliyyət daşıyacaqdı. Indi isə Türkiyə Iraqın quruculuğunda fəal iştirak edir və qonşuluq missiyasını yerinə yetirir. Türkiyə şimali Iraqda tikinti işlərində fəal iştirak edir, Bağdadla neft və qaz anlaşmalarını müzakirə edir. Yəni Türkiyə bununla sübut etdi ki, o, Iraqın dağıdılmasında deyil, quruculuğunda iştirak edir. Türkiyə Liviya nümunəsində də eyni siyasətə xidmət edir. Türkiyə NATO-nun Liviyaya qarşı hərbi əməliyyat keçirməsinin əleyhinədir, Ərdoğan yüksək tribunalardan vurğulayır ki, liviyalılara güllə atmayacaq, bomba yağdırmayacaqlar. Kim bilir, bəlkə Iraqda olduğu kimi Liviyanın yenidən qurulmasında Türkiyənin iştirakına ehtiyac duyulacaq. Bax, onda Türkiyə yenə ön plana çıxa bilər. Hazırda Benqazidəki Liviya müxalifəti Türkiyənin passivliyindən, qəti mövqe ortaya qoymamasından narazıdır. Ancaq bu qüvvələr Qəzzafini devirsələr belə gələcəkdə Türkiyə ilə əməkdaşlığa ehtiyac duyacaqlar”.
Fizzə