“Azərbaycan müxalifətində bir neçə şəxs var ki, öz fəaliyyətləri, fikirləri ilə gərginlik yaradırlar”
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bugünlərdə “Yeni Müsavat” qəzetində müəllif yazısı ilə çıxış edərək Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ünvanına ciddi ittihamlar səsləndirib.
Məqalədə bildirilir ki, İbrahimbəyov prosesin əvvəlində Milli Şurada həmsədrlik institutunun yaradılmasına qəti olaraq etiraz edib, mətbuat açıqlamaları ilə faktiki olaraq, bu vəzifəyə tək namizədliyini irəli sürüb. Milli Şura sədri quruma ciddi töhfələr verə bilməməkdə, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası məsələsinin Milli Şuranın Əsasnaməsinə salınmasına imkan verməməkdə, Azərbaycana gəlib seçki kampaniyasında iştirak edəcəyi barədə verdiyi vədlərə rəğmən ölkəyə gəlməməkdə ittiham olunub.
Arif Hacılıya görə, Rüstəm İbrahimbəyov “Rəsul Quliyevin və Lalə Şövkətin partiyalarının” quruma daxil olmasına təkid edib, onlar isə Milli Şuranın işinə ziyan vurub. İbrahimbəyova qarşı başqa bir ittiham isə odur ki, Milli Şurada İdarə Heytəi yox, “bu günədək nə işlə məşğul olduğu bəlli olmayan” İcra Aparatı yaradıb, bütün işləri ona tapşırdı. Müsavatın İcra Aparatının rəhbəri idda edib ki, müxalifət qüvvələrinin ən geniş koalisiyası olan Milli Şuranın konsepsiyası iflasa uğrayıb.
Deyilənlərə münasibətini öyrənmək üçün Rüstəm İbrahimbəyovla əlaqə saxladıq.
Rüstəm İbrahimbəyov səslənən fikirlərə geniş açıqlama vermək istəmədiyini, yalnız bir neçə cümlə ilə kifayətlənəcəyini bildirdi: “Azərbaycan müxalifətində bir neçə şəxs var ki, öz fəaliyyətləri, fikirləri ilə gərginlik yaradır və müxalifətin birliyin pozmağa çalışırlar. Bu adamların fəaliyyətinə görə Azərbaycan müxalifəti 20 ildir birləşə bilmirdi. Mən 6 ay öncə cəhd etdim və demokratik qüvvələri Milli Şurda birləşdirdim. Milli Şura bir neçə partiyanın deyil, geniş koalisiyanın birliyidir. Milli Şura seçkilərdə çox uğurla iştirak etdi, qurumun namizədi seçkini uddu. Milli Şuranın siyasəti düzgün idi və məqsədinə çatdı. İndi bu “qüvvə”lər çalışırlar ki, Milli Şurda çaşqınlıq yaratsınlar. Milli Şuranın strukturunun necə formalaşması bu adamların istəyindən asılı deyil, Milli Şuranın istəyindən asılıdır. Mənim həmsədr kimi qalmağım, yaxud fəxri sədr olmağım Milli Şuranın ümumi razılığı əsassında olacaq. Mən istənilən vaxt istefa verə bilərəm və buna hazıram. Milli Şuranın sədri kimi də Cəmil Həsənlini görmək istəyirəm. Ancaq məni heç kim, heç bir məsələdə ittiham edə bilməz. Bəzi məsələlər var ki, mənim şəxsi işimdir və buna heç kim müdaxilə edə bilməz. Mən hər zaman azad insan olmuşam və məni heç kim idarə edə bilməz. Bu adamlar dedi-qodu ilə məşğul olurlar. Yenə də deyirəm əgər Milli Şura razılıq versə mən istefaya gedərəm”.
İlham