Qəzet rəhbərləri baş verənləri yolverilməz hesab edir
Son günlər metropolitendə qəzet satışına qadağa qoyulması qəzetlərə və oxuculara xeyli çətinlik yaradıb. Nəticədə metropolitendə qəzetlərə qadağa qoyulması ciddi narazılığa səbəb oldu və bu hal hakimyyətin azad mətbuata basqısı kimi qiymətləndirildi.
Bütün bunlara baxmayaraq PA rəsmisi Əli Həsənov metroda qəzet satışına qadağanı dəstəkləyib. Əli Həsənov fikirlərini belə əsaslandırıb: “Metro insanların hərəkəti, bir yerdən başqa yerə getməsi üçündür. Metro insanların qəzet, kitab ticarəti fəaliyyətilə məşğul olması üçün heç də münasib yer deyil. Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar fəaliyyət olubsa, bu da qeyri-qanuni olub. Bu gün metro öz fəaliyyətini müvafiq istiqamətdə qurmaq yolunda addım atıb. Düşünmürəm ki, metroda mətbuat satışının dayanması qəzetlərin tirajına təsir göstərəcək. Qəzetlərin tirajına təsir göstərən yeganə amil varsa, o da ictimai tələbatdır, insanların azad sözə olan ehtiyacıdır və mətbuat orqanlarının o ehtiyacı ödəmək qabiliyyətidir”.
Əli Həsənovun fikirlərinə tanınmış qəzetçilər də münasibət bildirdi.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, Əli Həsənovun arqumentləri əsassızdır və baş verənlər tənqidçi medianı susdurmaq cəhdidir: “Baş verənlər ”Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin iqtisadi cəhətdən çökdürülməsi əməliyyatı idi. Eyni zamnda 60 nəfər yayım işçisini, 20 illik yayım təcrübəsi olan “Metroservis”i sıradan çıxardılar. Yüzlərlə oxucunun qaynağını kəsdilər və ənənəvi media sənayesinə dəhşətli zərbə vurdular. Azərbaycanda media qətliamı prosesi getməkdədir. Əli Həsənov siyasi hakimiyyətin təmsilçisi kimi bu prosesin mümkün ifadələrlə təqdimatını aparır. Proses isə mətbuatın çökdürülməsinə və itirilməsinə xidmət edir”.
“Ədalət” qəzetinin təsisçisi Aqil Abbas da metropolitendə qəzet və jurnallara qadağa qoyulmasını mənfi qiymətləndirdi və bu prosesin mümkün yollarla həllinin vacibliyini söylədi: “Çox istərdim ki, ölkədə qəzet köşkləri çox olsun və insanlar informasiya almaqda çətinlik çəkməsinlər. Indi ”Qasid”in köşkləri də yığışdırılıb və yeni köşklərin fəaliyyti qaneedici deyil. “Metroservis”in bağlanması mövqeyindən asılı olmayaraq bütün qəzetlərə böyük zərbə vuracaq. Bu problemin həlli üçün alternativ yollar tapılmalıdır. Metroların önündə kifayət qədər boş yerlər var və düşünürəm ki, metroların yanında qəzet köşkləri qoyulmalıdır. Qəzet satışına qadağa prosesini mənfi qiymətləndirirəm və hesab edirəm bu tendensiyaya son qoyulmalıdır”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, baş verənlər normal hadisə deyil və oxucuların böyük hissəsinin informasiyadan məhrum edilməsidir: “Metro əhalinin böyük hissəsinin istifadə etdiyi və informasiyaya daha çox ehtiyacı olan təbəqənin təmasda olduğu bir nəqliyyat vasitəsidir. Ona görə də metrolardan qəzet və jurnalların yığışdırılması təəssüf doğurur. Düşünürəm ki, bu qərar ətrafında daha ciddi düşünülməliydi. Əgər belə bir addım atılırsa, metroları əvəzləyə biləcək alternativ yerlər təklif edilməlidir. Elə bir alternativ olmalıdır ki, qəzetlər metroda yayıldığı qədər, həmin arenada da yayılsın. Elə addımlar atılmalıdır ki, baş verənlər mətbuat yayımına qarşı düşünülmüş üsul kimi yozulmasın. Indiki halda bu xoşagələn hal deyil və izahı çətindir”.
İlham Hüseyn