Binəqədinin icra başçısının müavini Qəzənfər Novruzov barədə ilginc xəbər
Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun birinci müavini Qəzənfər Novruzov bir müddətdir ki, işə çıxmır. Bu barədə azadliq.info-ya etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Qəzənfər Novruzovla icra başçısı arasında münasibətlər o qədər də yaxşı olmayıb. Onun işə çıxmaması da bununla izah edilir. Bəzi məlumatlara görə isə Qəzənfər Novruzov Azərbaycanda deyil. Məlumat üçün deyək ki, Qəzənfər Novruzov YAP icra katibinin müavini Siyavuş Novruzovun əmisi oğludur. Qəzənfər Novruzovun bir qardaşı Məhərrəm Novruzov Abşeronun sosial müdafiə fondunun rəhbəridir. Digər qardaşı Vaqif Novruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Qəzənfər Novruzovla bağlı məlumatı dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazovla əlaqə saxladıq. O, bu məsələ barədə danışmaq istəmədiyini bildirdi.