Oxucular məndən çox soruşublar: “Siz niyə Müdafiə nazirliyindəki qanunsuzluqdan, əsgər ölümlərindən yazmırsız?”. Onların bir çoxuna belə cavab vermişəm: “Qorxduğuma görə”. Indi qəzetdə gerçəyi yazmaq gərəyi yaranır. Bu ölkəni, bu xalqı sevənlərdən biri kimi mən də ordumuzla bağlı ortaya çıxan neqativ görsənişlərə göz yuma bilməzdim. Birincisi, sovet ordusu olsa belə, özüm əsgərlikdə olmuşam, iki illik ordu çətinliyi yaşamışam. Ikincisi, media başda olmaqla ordu üzərində yurddaş gözətimini gərəkli sayıram. Ordu əsgərlik görməmiş hansısa ali baş komandanın arxa bağçası deyil, bütün xalqın, bütün ölkənin qarışacağı, göz altında tutacağı doğma obyektdir. Ali baş komandan, eləcə də ordu komandanı (Müdafiə naziri) xalqın görəvlisi statusunu daşıyan kimsələrdir. Ancaq… demokratik seçkilər keçirilən, demokratiya olan ölkədə!
Demokratik seçkilər keçirilməyən, bu üzdən də demokratiya olmayan ölkədə ali baş komandan da, ordu komandanı da bizdəki kimi olur – onlar xalqı eşitmir, xalqı saymırlar. Bu isə istər ordu, istərsə də toplumla bağlı çoxsaylı neqativ görsənişlərə, sonucda barışmaz konfliktlərə gətirib çıxarır. Indilikdə biz bunun ən parlaq örnəyini “NIDA”çıların tutulub damlanması faktında görürük. “NIDA”çılar bizim çağdaş gəncliyimiz, Azərbaycanın gələcək yiyələri, qurucularıdır. Onların düzgün işləri də, yanlışları da bizimdir, bizim olacaq. Bu baxımdan düzgün işlərində də, yanlışlarında da biz onlara anlayışla, qayğıyla yanaşamağa borcluyuq: məndən, səndən, ondan tutmuş prezidentə – ali baş komandana, ordu başında duranadək. Onlar ölkədəki, ordudakı neqativlərə ən radikal reaksiya göstərəndə belə!
Indilikdə nə olub? Orduda rüşvət-korrupsiya faktları geniş yayıldığından, bu üzdən döyüşdənqıraq əsgər ölümləri artdığından (tək 2012-ci ildə 77 əsgər ölümü!) bu ilin başlanğıcında “NIDAÇI”lar “Əsgər ölümünə son!” aksiyasına başladılar. Aksiyaçılar uzun illərdən bəri orduda rüşvətin-korrupsiyanın, qanunsuzluğun başında duran Səfər Əbiyevin istefasını istədilər. Ən azı bu aksiyadan sonra prezident-ali baş komandan adlanan kimsə “NIDA”çı gənclərin keçirdiyi aksiyaya anlayışla yanaşmalı, onların “Əsgər ölümünə son!” çağırışına içdiyi anda, daşıdığı görəvə uyğun reaksiya verməli idi. Onun aksiyaya, çağırışa reaksiyası necə oldu? O, gənclərə “antimilli ünsür” damğası vurdu! Ancaq bu, faktiki olaraq bumeranq effekti doğuran bir damğa idi. Gənclər “Əsgər ölümlərinə hə!” çağırışında bulunsaydılar, onları ANTIMILLI ÜNSÜR adlandırmaq olardı. Ancaq bunun tərsi baş vermiş, onlar döyüşdənqıraq durumda əsgər ölümlərinin qarşısını almağa çağırmışdılr. Belə bir yurddaş-yurdsevər çağırışa görə onlara “antimilli ünsür” damğası vurulması yetərsiz sayıldığından qanlı sovet dönəminin NKVD-KQB metoduna əl atmaqla onları terrorçuluqda – “molotov kokteyli” ilə yaraqlanıb rejimi devirmək istəyində suçladılar. Beləcə, onları bir-bir tutub dustaq etdilər. Indi onlar məhkəmə qarşısında durası olublar…
Özümə qayıdıram. Orduda baş verənlərlə bağlı çox yazmışam. Ancaq o yazıların çapına “Azadlıq”da qadağa qoyulub. Nədən? Səfər Əbiyevlərin əlində oyuncağa çevrilən məhkəmə qorxusundan! Az-çox professional jurnalist olaraq faktsız yazı yazmıram. Ancaq qanunsuzluğun, korrupsiyanın at oynatdığı, məhkəmələrin alınıb-satıldığı, siyasi sifarişlə işlədiyi yerdə fakt keçərsiz olur: cərimələnməli cərimələndirir, cəzalanmalı cəzalandırır! MN-də yenidən görəvləndirilmiş general A.Vasyak bizim illərlə yazdığımızı indi dilə gətirir: ”Komandir heyətindəki korrupsiya, pulgirlik, professionallıqdan uzaqlıq, gözdən pərdə asmaq, qanunsuzluq kimi görsənişlər sonucda ordunun döyüş hazırlığının, döyüş bacarığının aşağı düşməsinə gətirib”, – bu, “NIDA”çılara BƏRAƏT hökmüdür!