«Fövqəlnazir»in hakimiyyətdəki şəbəkəsi dağıdılır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun zəiflədilməsi başladılıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Məlumatda deyilir ki, Kəmaləddin Heydərov 9 oktyabrda keçirilən prezident seçkisinin maliyyə yükünü çəksə də, artıq onun güclü fiqur kimi qalmasından narahatlıq var. Iddialara görə, artıq “fövqəlnazir”in hakimiyyətdəki şəbəkəsinin dağıdılmasına start verilib. Son günlər Dövlət Gömrük Komitəsi ətrafında baş verənlər də bu planın tərkib hissəsi kimi qiymətləndirilir. Məlumatda bildirilir ki, Kəmaləddin Heydərovun zəiflədilməsində prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun yardımından da istifadə edilir. Məlumat üçün deyək ki, Bəylər Əyyubovla Kəmaləddin Heydərovun münasibətləri o qədər də yaxşı deyil.
Iddialara görə, seçkidən sonra Kəmaləddin Heydərov bir neçə qurumu da nəzarətə götürməyə çalışıb. Lakin onun istəyi baş tutmayıb. Doğrudur, Kənd Təsərrüfatı Nazirliyinə ona yaxın şəxs sayılan Heydər Əsədov gətirilib. Amma nəzərə alınmalıdır ki, Heydər Əsədov həm də nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Digər tərəfdən eks nazir Ismət Abbasov baş nazirin müavini təyin edilib və aqrar sektor onun kurasiyasına verilib. Bu o deməkdir ki, Heydər Əsədov istəsə belə kənd təsərrüfatı naziri kimi Kəmaləddin Heydərovun maraqlarına uyğun addım ata bilməyəcək.
Kəmaləddin Heydərovun başqa bir yaxın adamı – seçkidən sonra əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Səlim Müslümovla bağlı da maraqlı xəbər var. Bildirilir ki, Səlim Müslümov artıq Paşayevlərin komandasına cəlb edilib və Kəmaləddin Heydərov bu şəxsə təsir qüvvəsini itirib. Yeri gəlmişkən, vergilər naziri Fazil Məmmədov da vaxtilə “fövqəlnazir”in adamı sayılıb. Lakin artıq o da Kəmaləddin Heydərovla üzülüşüb.
Məlumata görə, “fövqəlnazir”in nəzarətində olan media quruluşlarına da əl qoyulacağı gözlənilir.
Informasiya şöbəsi