Abid Şərifovun «sürüşmə açıqlaması»nın pərdəarxası məqamları
Bir neçə gün əvvəl baş nazirin müavini Abid Şərifov sürüşmələrdən danışarkən Ağsu aşırımındakı sürüşməni orada iaşə obyektlərinin inşası ilə izah etmişdi. “Mən 60 ildir Ağsu aşırımından gedib-gəlirəm, ildə ən azı on dəfə oradan keçirəm. Ağsu aşırımında heç vaxt sürüşmə olmayıb. Yalnız polis postunun yaxınlığında çox cüzi torpaq tökülərdi.
Indi isə Ağsu aşırımı bütövlükdə sürüşür. Niyə? Ona görə ki, orada 50 metrdən bir restoran tikilib. Nə kanalizasiya xətti var, nə də suyun axması üçün başqa vasitə. Hərə bir tualet və sair tikib. Amma heç bir axar yolu yoxdur. Sürüşmə ərazisində pillə-pillə nəsə etmək olmaz. Əgər şampolar betonla tikilsəydi və ərazidəki torpaq vaxtaşırı daşınsaydı, heç vaxt sürüşmə olmazdı”, – deyə baş nazirin müavini vurğulamışdı.
“Azadlıq”ın apardığı araşdırmalar nəticəsində Ağsu aşırımında əsasən deputat Ərəstun Cavadovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumlarının və rayon rəhbərliyinə daxil olan şəxslərin obyektləri fəaliyyət göstərir. Lakin orada prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsus obyektlər də var. Məlumatlara görə, Bəylər Əyyubov və Rövnəq Abdullayevin iaşə obyektləri istisna olmaqla digər kafe və restoranların fəaliyyəti dayandırılacaq. Iddialara görə, əslində Abid Şərifovun Ağsu aşırımında fəaliyyət göstərən obyektlərin sürüşməyə səbəb olduğunu bildirməsinin kökündə də bu məsələ dayanır. Yəni, hakimiyyətdəki iri oliqarxların Ağsu aşırımında turizm biznesinin çiçəklənməsi üçün “yaşıl işıq” yandırılır.
Azad