«Biz həbsimizdən narahat deyilik, amma onlar villalarına, dünya malına görə narahatdılar…»
Tale Bağırzadə: «Cəmil Həsənli kişi adamdır, o, əvvəl tarixi kitablar yazırdı, indi isə tarix yazdı»
Düz 7 ay çəkən daha bir siyasi tamaşanın dünən nəhayət, pərdələri endi. Narkotiklə şərlənərək həbs olunmuş ilahiyyatçı Tale Bağırzadənin işi üzrə Sabunçu Rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən məhkəmə prosesi başa çatdı.
Dünənki məhkəmə iclasında ittihamı müdafiə edən prokuror Tale Bağırzadənin 3 il azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra hakim hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən qayıdan hakim Tale Bağırzadənin 2 il azadlıqdan məhrum edildiyi haqda hökmü elan edib.
Məhkəmə analoqsuz sürətlə aparılıb; bir gündə həm hal şahidləri dindirilib, həm prokuror iş istəyib, həm də hökm oxunub.
Ədalətsiz hökmə görə hakimə ayaqqabı atıldı
Məlumata görə, məhkəməni izləyənlərdən biri ədalətsiz hökmə etiraz əlaməti olaraq, hakimə ayaqqabı atıb. Həmin şəxs tutularaq Sabunçu rayon Polis Idarəsinə aparılıb.
Dünənki məhkəmə iclasında Tale Bağırzadə olduqca yaddaqalan çıxış edib:
– Allah bizi imtahan edir. Xalqımıza görə, gənclərimizə görə, biz mübarizəmizi davam etdiririk. Bu bizim şərəf tariximizdir. Biz həbsimizdən narahat deyilik. Amma onlar dünyanı itirmək üçün narahatdırlar. Villalarına, dünya malına görə narahatdılar.ÿBizim arxamızda Allah durub. Hədis var, Allah zalımların ağlını əlindən alar. Bu gün məhkəmələrdə görürsünüz ki, necə çaşbaş qalıblar. Bu hakimiyyət getməlidir. Dəyərlərimiz aradan gedir. Rəşadətin babası müəllim idi, onu nə həddə çatdırdılar, özünü doğradı. Dindar Kamran Seyidovu götürək, o, təzyiqlərə dözməyərək, özünü asıb. Hacı idi, görün dəyərlərimiz nə qədər aradan gedir… Biabırçılıqdır.
Bu gün xalq birləşməlidir. Islamçısı, demokratı birləşməlidir. Allah son həddə möminlərin əlilə bunların maskalarını cırdı. Artıq dinə sataşırlar, dindarı narkotiklə şərləyirlər. Dindən istifadə etmək istəyirlər, Allahın iznilə buna heç zaman yol verməyəcəyik, əsl üzlərini göstərəcəyik. Gənclik artıq oyanıb, buna görə də, gənclərdən qorxurlar. Dindarla qeyri-dindar arasında yaratdıqları pərdə artıq aradan gedir. Bu gün dinindən, irqindən asılı olmayaraq, hamı haqq mübarizəsi aparmaqdadır. Mən zindanda “NIDA”çılar və başqa müxalif gənclərlə görüşənə qədər onlar haqda fikirlərim fərqli idi. Lakin gördüm ki, onlar da bu xalqın gülləridir, mübarizləridir.
Cəmil Həsənliÿekranlardan 9 milyonun qarşısındaÿo sözləri ki dedi, tarix yazdı. O, kişi adamdır.ÿƏvvəl tarixi kitablar yazırdı, indi isə tarix yazdı. Peyğəmbərimiz döyüşdə kafirlərlə, hamısını öldürdü, lakin birini saxladı. O soruşduqda ki, “niyə məniÿsaxladın?”, Peyğəmbərimiz dedi ki, “Sən kafir olsan da, Allah səndəki əxlaq, şücaət və başqa insani keyfiyyətlərinə görəÿöldürülməni istəmir”. Həmin kafir isə cavabında “mən sənin Allahına inanıram” dedi.
Bu gün işlər insani dəyərlər üzərində qurulmalıdır. Dünən 5-10 il həbs istənilən qardaşlarla görüşmüşəm. Onlar bir-birlərini təbrik edirdilər. Bu, şərəfli tarixdir. Artıq gəncliyi zindanla qorxutmaq qeyri-mümkündür. Qorxu olmayan yerdə sağlam düşüncə olur”.
Dünənki məhkəmə iclasında şahidlərin dindirilməsi zamanı maraqlı bir fakt ortaya çıxdı, bütün şahidlər narkotik vasitənin Talenin pencəyinin cibindən tapıldığını dedilər. Amma halbuki, ittihama əsasən, şalvarının cibindən tapıldığı göstərilib.
Prokuror cəza istəyəndən sonra Tale Bağırzadəyə son söz demək imkanı yaradılanda ilahiyyatçı belə cavab verib: “Mən son söz demirəm, bu mənim son sözüm deyil, mən həmişə öz sözümü demişəm, deyəcəm”.
“Hamı bilir ki, narkotik ittihamı iftiradır”
Tale Bağırzadənin vəkili Cavad Cavadov hökmü qanunsuz və ədalətsiz adlandırıb. Vəkil “Azadlıq”a açıqlamasında bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.
Məhkəmənin hökmü birmənalı olaraq etirazla qarşılanıb. Islamçıların Hüquqlarını Müdafiə Komitəsinin üzvü, ilahiyyatçı Emil Rahiloğlu deyib ki, bu artıq rejimin, bir növ, həyatının davamı üçün seçdiyi yoldur: “Əgər hakimiyyət kimisə özünə maneə görürsə, silahla, narkotiklə və sair maddələrlə ittiham edərək şərləyir. Bu, bizim üçün heç də sarsıdıcı xəbər deyil. Bunu bilsinlər. Biz tam varlığımızla yolumuzu davam etdirəcəyik. Biz zindanda olan bütün qardaşlarımızla fəxr edirik. Iki il nədir ki? Bizim haqqı söylədiyinə görə 11 il həbs cəzası almış çox dəyərli ruhanimiz Hacı Abgül Süleymanovumuz və Mövsüm Səmədovumuz, eləcə də 12 il həbs cəzası almış başqa dəyərli ruhanilərimiz var. Hakimiyyət Islam tarixinə nəzər salsa, onları həbs etməklə necə böyük səhv elədiyini anlayar”.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Ilqar Ibrahimoğlu da hökmü siyasi sifarişin nəticəsi kimi dəyərləndirib: “Hesab edirik ki, bu, fərqli fikrə qarşı təqibin davamıdır. Narkotik mövzusunu ümumiyyətlə, biabırçı hesab edirik. Hacı Tale Bağırzadənin, bütün siyasi və vicdan məhbuslarının təcili azadlığa buraxılmasına çağırırıq. Ölkə və dünya ictimaiyyətini münasibət sərgiləmələrini zəruri bilirik”.
Ilahiyyatçı Zülfüqar Mikayılzadə də bu hökmün heç bir qanun çərçivəsinə sığmadığını bildirib: “Hər kəs bilir ki, narkotik ittihamı iftiradan başqa bir şey deyil. Allahdan ümidimiz budur ki, hacı tezliklə azadlığa buraxılar və öz fəaliyyətini davam etdirər”.
Natiq