Tarixçi alim Türkiyədə yüksək mükafat aldı
“Çırağan sarayı Türkiyənin ən seçkin saraylarından biridir. Kəlimə anlamı ”işıq saçan” deməkdir. Mən Türk Tarix Qurumunun hər bir Fəxri Üzvünün bir “çırağan” olduğunu düşünürəm” – oktyabrın 30-da Türk Tarix Qurumunun Çırağan sarayında keçirilən rəsmi törənini qurumun başqanı professor Mehmet Metin Hülağu bu sözlərlə açıb.
Türk Tarix Qurumunun Fəxri Üzvlərinin (Şərəf Üyəsi) təqdimatı mərasiminə Türkiyənin elim ictimaiyyətinin nümayəndələri ilə yanaşı, bir sıra rəsmi şəxsləri də qatılıb.
Yada salaq ki, professor Cəmil Həsənli Türk Tarix Qurumuna Fəxri Üzv seçilənlər sırasındadır. Indiyə qədər Azərbaycandan yalnız iki alim – Ziya Bünyadov və Süleyman Əliyarlı Türk Tarix Qurumunun Fəxri Üzvü seçilib.
Professor Mehmet Hülağu Cəmil Həsənlini çağdaş türk tarixinin ən böyük alimlərindən biri adlandırıb. O, Türkiyə elmi ictimaiyyətinin nüfuzlu şəxslərinin qatıldığı törəndə C.Həsənlinin Türkiyə-SSRI münasibətlərilə bağlı elmi araşdırmasını bu mövzudan bəhs edən ən sanballı əsər kimi təqdim edib.
Mehmet Hülağü Türk Tarix Qurumunun ali orqanı tərəfindən Fəxri Üzv seçilən bütün alimləri təbrik edərək, onlara tarix elminin inkişafında xidmətlərinə görə təşəkkür edib.
Sonda türk dünyasının seçilən alimlərinə Fəxri Üzv mantiyası geyindirilib.
Mərasimdə Cəmil Həsənli Türkiyə Cümhuriyyətinin 90 illiyi ilə bağlı nitq söyləyib.
Mərasimə baş nazirin müavini, hökumət sözçüsü Bülənd Arınç da qatılıb. Arınc tədbirdə təbrik nitqi söyləyib. Türkiyədəki qaynaqlara istinadən “musavat.com”un yaydığı xəbərə görə, mərasimdən sonra Bülənd Arınçla Cəmil Həsənli arasında təkbətək görüş keçirilib.
Türk Tarix Qurumu 1931-ci ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə yaradılıb. Türk dünyasının tarixi ilə bağlı miqyaslı elmi araşdırmalar bu qurumun dəstəyilə həyata keçirilib. Fəaliyyətdə olduğu 82 ildə türk dünyası ilə bağlı çoxsaylı ədəbiyyat, elmi nəşrlər çap edən, simpoziumlar düzənləyən bu qurum hər il bir neçə nüfuzlu alimi Fəxri Üzv olaraq sıralarına qəbul edir.