Hakimiyyətin qəzetə yaratdığı problemlər müzakirəyə çıxarıldı; maraqlı fikir və təkliflər səsləndi FOTO/VİDEO
“Davamlı təzyiqülərə qarşı davamlı əzm qoymaqla hakimiyyətin qara niyyətini puça çıxarmalıyıq”
“Azadlıq” qəzeti ətrafında yaranmış böhran vəziyyəti oktyabrın 29-da ictimai müzakirəyə çıxarıldı. “Azadlıq”ı necə xilas edək?” adı altında təşkil olunan toplantı Müsavat partiyasının qərargahında keçirildi.
“Azadlıq” ətrafındakı böhran ümummilli məsələyə çevrilib”
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev ilk növbədə “Azadlıq”ın problemlərinə biganə qalmayanlara minnətdarlıq etdi. O, qəzet ətrafında yaranmış böhranlı vəziyyət barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası əsasında qəzet 32 min manat cərimələnib. “Azadlıq” bu cəriməni ödəyə bilmədiyindən qəzetin bank hesabına həbs qoyulub. 32 min manat ödənilməyənə qədər hesab bağlı olacaq. Bu isə o deməkdir ki, qəzetin kağız, çap və bu kimi başqa zəruri xərcləri ödəmək imkanı da olmayacaq.
Bundan başqa, dövlətə məxsus yayım firması olan “Qasid” qəzetin satılmış nüsxələrinin pulunu ödəmir. “Qasid”in qəzetə olan borcu 50 mini aşıb.
Həmçinin seçkidən sonra metrostansiya keçidlərində “Azadlıq”ın satışına qadağa qoyulmasından danışan Rahim Hacıyev bildirdi ki, bütün bu addımların bir məqsədi var, “Azadlıq”ı sıradan çıxarmaq.
Baş redaktorun birinci müavini Azərbaycan Nəşriyyatıyla yaranmış problemə də toxundu: “Nəşriyyat rəhbərliyi bizə ultimativ xarakterli şərt qoymuşdu ki, borc ödənilməsə, qəzet çap olunmayacaq. Çox böyük çətinliklərdən sonra müəyyən vəsaiti ödədik və vəziyyəti sabitləşdirdik. Ancaq Nəşriyyata hələ də borcumuz qaldığından, tələbləri hələ də gündəmdədir”.
“Hesab edirəm ki, ”Azadlıq” qəzeti ətrafında yaranmış vəziyyət artıq qəzet kollektivinin problemi olmaqdan çıxıb, bu, ümummilli məsələdir. Şübhə etmirəm ki, demokratiyanı əsas yol kimi görənlər qəzetin indiki ağır durumdan çıxmasına dəstək olacaqlar. Hətta kəndlərdən insanlar gəlib qəzetə köməklik göstərirlər”, – deyə Rahim Hacıyev bildirdi.
“Azadlıq” son dayanacaqdır!
Tanınmış hüquqşünas Aslan Ismayılov da “Azadlıq” ətrafında yaranmış vəziyyəti təkcə kollektivin deyil, bütün ölkənin problemi hesab edir: “Azadlıq” qəzeti bağlansa, Azərbaycan insanı sözünü demək baxımından sahibsiz, tribunasız qalacaq. Hüququ pozulan, işi çətinə düşən hər kəs ilk ünvan kimi “Azadlıq” qəzetinə üz tutur. Təəssüflənirəm ki, bu toplantıya Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ombudsman Elmira Süleymanova, Milli Məclisinin Insan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova qatılmayıb. Normal cəmiyyət olsaydı, bu insanlar gələrdi. Onları başa düşdüm, hakimiyyəti dəstəkləyirlər, bəs Ziyalılar Forumunun üzvlərindən niyə heç kim müzakirələrə qatılmayıb? Məgər onlar bilmir ki, artıq son dayanacaqdır? Yaxud, hüquq müdafiəçiləri niyə burada yoxdur? Görünür, mahiyyətləri belədir”.
Aslan Ismayılov çıxışının sonunda qeyd etdi ki, “Azadlıq” qəzetinin üzləşdiyi problem birbaşa ölkədə aparılan siyasətin tərkib hisssəsidir. Hüquqşünas hər kəsi “Azadlıq” qəzetinə dəstək olmağa çağırdı.
“Azadlıq” qəzeti heç vaxt oxucusunu arxadan vurmayıb”
Tanınmış jurnalist Şahvələd Çobanoğlu bildirdi ki, bəziləri “Azadlıq”da peşəkarlıq qüsurları axtarır, ancaq həmin adamlar o qüsurların obyektiv səbəbləri olduğunu nəzərə almır: “Qəzet ağır şərtlər, repressiya altında çalışır. Qəzet, hətta bir korrektoru saxlamaqda çətinlik çəkir. Halbuki, normalda bu qəzetin 3-4 korrektoru olmalıdır. Azərbaycan reallığında bir qəzetin ”Azadlıq”ın oxucularından artıq oxucu tələbatını ödəməsi çox çətindir. Təsəvvür edin, Azərbaycanın 5 min kəndində qəzet köşkü yoxdur. Hətta dostlarımızdan biri – Vüqar bəy qəzet üçün yaşadığı kənddən rayon mərkəzinə gedərkən yol qəzasında öldü. Dünyanın normal ölkələrində 70 faiz qəzet oxucuları təsadüfi alıcılardır, yalnız 30 faiz daimi oxuculardır. Ancaq biz daimi oxucuların hesabına nəşr olunuruq. Bu cür problemlərə görə, “Azadlıq” bir il ildə 700 mindən çox itirir. Hakimiyyət repressiyanı təkcə həbslər, fiziki təzyiqlərlə həyata keçirmir, həm də “Azadlıq”ı susdurmaq, sıradan çıxarmaq üçün bu cür vasitələrə əl atır”.
Şahvələd Çobanoğlu onu qeyd etdi ki, “Azadlıq” qəzeti oxucusunu heç vaxt arxadan vurmayıb, əsas olan da budur: “Davamlı təzyiqlərə qarşı davamlı əzm ortaya qoymaqla, hakimiyyətin qara niyyətini puça çıxarmaq olar. ”Azadlıq” qəzeti üçün etdiklərinizə özünüz üçün etdiyiniz iş kimi yanaşın. Bu qəzetin yaşaması hamımıza lazımdır”.
“Azadlıq”ımızın azadlığını qorumalıyıq!”
Növbəti çıxışçı isə ara-sıra yazıları “Azadlıq”da dərc olunan Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətinin rəhbəri Nurəddin Ismayılov oldu. O, “Azadlıq”ı “azad mətbuatın siması” adlandırdı. Bildirdi ki, bu qəzetə qarşı repressiyalar onun haqsızlığa qarşı tutduğu barışmaz mövqe ilə əlaqədardır.
N.Ismayılov təmsil etdiyi partiya adından “Azadlıq”ın fəaliyyətini təqdir etdiklərini və onu qorumaq üçün köməklərini əsirgəməyəcəklərini dedi: “Bu qəzetin ətrafında yaranan hər hansı narahatlıq həm də bizim narahatlığımızdır. ”Azadlıq”ımızın azadlığını qorumalıyıq!”.
Vəkil Fuad Ağayev isə çıxışında hakimiyyətin “Azadlıq” qəzetinə qarşı qərəzli yanaşmasından bəhs etdi: “Necə olur, müxtəlif dövlət strukturlarına qarşı məhkəmə qərarları uzun illər icra olunmur, ancaq ”Azadlıq”a qarşı qəbul olunan qanunsuz qərar dərhal icraya yönəldilir? Deməli, burada başqa məqsədlər var. Minlərlə insan evindən çıxarılıb, buna görə Avropa Məhkəməsi buna görə cərimə qərarı çıxarır, ancaq icra hakimiyyəti kompensasiyanı ödəmir, məhkəmələrin icra şöbələri bununla bağlı heç bir tədbir görmür. “Azadlıq” qəzeti isə pulu olmadığına görə qanunsuz qərarı icra eləyə bilmir, amma icra şöbəsi dərhal həmin qərarı icraya yönəldir”.
Fuad Ağayev çıxışında konkret təkliflər də irəli sürdü. Bildirdi ki, əgər metropolitendə qəzetin satışına maneə yaradılırsa, məhkəməyə müraciət edilməlidir: “Yaxud ”Qasid” vəsaiti ödəmirsə, məhkəmə iddiaları qaldırmaq lazımdır. Ümumiyyətlə, bütün bu məsələləri düzgün taktika ilə hüquqi müstəvidə gündəmə gətirmək vacibdir”.
“Hər kəs susanda ”Azadlıq” danışıb”
Hüquqşünas Vidadi Mirkamal “Azadlıq” qəzetinin fərqliliyindən danışdı. Bildirdi ki, bəzi qəzetlər azadlıq haqda nəzəri söhbətlər açdığı halda, “Azadlıq” qəzeti həqiqətin özündən yazır: “Hakimiyyətin üzərinə getməsi, onların büdcənin talan etməsilə bağlı yazılar çap etməsi bu qəzeti hakimiyyətin qəzəbinə tuş gətirib. Məsələ burasındadır ki, ”Azadlıq” qəzeti həqiqəti yazır. Adı müxalif olan bəzi qəzetlər həqiqət haqqında düşüncələrlə məşğul olur, ancaq “Azadlıq” qəzeti birbaşa həqiqəti yazır. Hər kəsi “Azadlıq”a maddi yardım etməyə çağırıram”.
“Azad Gənclik” Təşkilatının üzvü Orxan Rüstəmzadə çıxışında bildirdi ki, hər kəs susanda “Azadlıq” qəzeti danışıb, yazıb: “Başqaları Ilham Əliyevin adını çəkə bilməyəndə ”Azadlıq” qəzeti ondan yazıb”.
Orxan Rüstəmzadə “Azad Gənclik” üzvlərini qəzetə abunə kampaniyasına cəlb edəcəklərini dedi: “Biz bu yolla ”Azadlıq”a öz yardım töhfəmizi verəcəyik”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da çıxışında “Azadlıq”a abunə kampaniyasının davam etdirilməsinin vacibliyini vurğuladı: “Bununla böhranın qarşısı qismən almaq olar”.
“Azadlıq” qəzeti azad sözün alınmaz qalasıdır”
Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli azad medianı cəmiyyətin “ağ ciyərləri” adlandırdı: “Çünki cəmiyyət azad media vasitəsilə nəfəs alır. ”Azadlıq” qəzeti azad sözün alınmaz qalasıdır. Bu qəzet haqq mövqeyindən sapmayan, ədalətsizliyə qarşı prinsipial münasibət göstərən, ləyaqətli davranış nümayiş etdirən bir qəzetdir. Bu qəzetin cəmiyyətdən haqlı gözləntisi var. Demokratiya problemi təkcə “Azadlıq” qəzetinin problemi deyil, hər birimizin problemidir”.
Gültəkin Hacıbəyli “Azadlıq”ın baş redaktoru Qənimət Zahidin həbsi üçün qurulan oyunu da yada saldı: “Qənimət Zahidi həbs etmək üçün Sevgiladə Quliyeva adlı qadından istifadə etdilər. Bu olaydan sonra demək olar ki, hakimiyyətin taktikası məhz bu istiqamətdə oldu. Sevgiladə siyasəti üzərində qurulan siyasi hakimiyyətin ömrü uzun ola bilməz”.
“Azadlıq” qəzeti gerçək media nümunəsidir”
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxışına maraqlı fikirlə başladı: “Azadlıq”ın günahı odur ki, adı azadlıqdır”.
Mirvari Qəhrəmanlı cəmiyyəti “Azadlıq” qəzeti ətrafında baş verənlərə təpki göstərməyə səslədi: “Məsələn, ”Binə” Ticarət Mərkəzinin sahibilə bağlı aksiyalar təşkil olunsun. Bundan başqa, abunə kampaniyasına da başlamaq lazımdır. Biz ofisimizə “Azadlıq”a abunə olaq!” adlı plakat vuracağıq. Bu yolla kiçik də olsa, qəzetin problemlərinə yardımçı ola bilərik”.
Media Hüququ Institutunun direktoru Rəşid Hacılı “Azadlıq”a pul yardımı kampaniyasını təqdir etdi: “Ancaq təkcə qəzeti buraxmaq yox, qəzeti çatdırmaq da bizim borcumuzdur. Biz bunu insanlara çatdıra biləcəyiksə, onların dəstəyini alacağıq. Kimsə 5, 10, 100 qəzet alıb öz məhəlləsində satsın, hədiyyə etsin. ”Burada danışdıq, pul verdik, getdik” məsələsi olmasın. Bunu bir kampaniya halına salmaq lazımdır”.
Tanınmış telejurnalist Qulu Məhərrəmli çıxışına rusiyalı generallardan birindən sitat gətirməklə başladı: “Media ilə döyüşmək qadınla döyüşmək kimidir. Udanda mənasız bir rüsvayçılıq alınır, uduzanda ikiqat rüsvayçılıq”.
Q.Məhərrəmli “Azadlıq” qəzetinin problemlərinin çoxunun siyasi olduğunu vurğuladı. O, təklif etdi ki, belə müzakirələr davam etdirilsin və növbəti müzakirə Mətbuat Şurası çərçivəsində təşkil olunsun: “Azadlıq” qəzeti gerçək media nümunəsidir”.
“Azadlıq” dara düşmüş istənilən vətəndaşın ərklə döyə biləcəyi qapıdır”
AXCP sədri Əli Kərimli isə təklif etdi ki, “Azadlıq” qəzeti ona hücum edənlərə qarşı məhkəmə və başqa hüquqi yollarla əks-həmlələrdən istifadə etsin: “24 ildir repressiyalar altında bu günə gəlib çıxan və mövqeyini qoruyan tək qəzet ”Azadlıq”dır. Bu qəzetin problemləri onun prinsipiallığından qaynaqlanır. Onun problemləri kommersiya xarakterli deyil. Qəzetin halal puluna əl uzadılmasa, o, özünü maliyyələşdirə bilər. Sadəcə, hakimiyyət qəzeti inzibati yollarla qapatmaq istəyir. “Azadlıq” hökumətin dara saldığı istənilən vətəndaşımız üçün ərklə döyə biləcəyi qapıdır. Kollektiv kiçik bir reverans etsə, mövqeyini azca dəyişsə, borclarını da bağışlayarlar, daha yaxşı yaşamasına şərait də yaradarlar. Əgər cəmiyyət “Azadlıq”ın öz prinsiplərindən geri çəkilməsini istəmirsə, zəhmət çəkib əlini daşın altına qoymalı, bu qəzetə kömək üçün nəsə fikirləşməlidir”. “Azadlıq” qəzetinin üzləşdiyi məhrumiyyətləri sadalayan AXCP sədri cəmiyyətə səsləndi: “Günün birində bu qəzetin kollektivi də yorulub dayansa, nə olar? Söhbət birbaşa dövlət səviyyəsində ”Azadlıq” qəzetini susdurmaq cəhdindən gedir. Kiçik bir kollektiv bu qədər vəsaiti necə qazanıb bunlara versin? Qəzet həm maya dəyərini ödəsin, həm əməkhaqqı versin, həm də 2-3 aydan bir 30-40 min vəsait ödəsin – bunu kim eləyə bilər? “Azadlıq” özünü ictimaiyyətə faktiki “ictimai qəzet” statusunda təqdim edib. Azərbaycanın ən böyük müxalif koalisiyasına, ölkənin vətəndaş cəmiyyətinə birmənalı şəkildə dəstək verir, hüququ pozulan, hökumətin dara saldığı, istənilən vətəndaş üçün tribunadır”.
Əli Kərimli onu da qeyd etdi ki, “Azadlıq” qəzeti Azərbaycan cəmiyyətini demokratikləşməyə hazırlayır: “Bu cür maariflənmə olmasa, ölkədə siyasi dəyişiklik baş versə belə, cəmiyyət Yaxın Şərq ölkələrindəki ”Ərəb baharı”ndan sonrakı vəziyyətlə üzləşə bilər”.
Çıxışının sonunda AXCP sədri qeyd etdi ki, “Azadlıq” qəzetinin problemlərinə kompleks şəkildə yanaşmaq lazımdır: “9 oktyabrdan sonra hakimiyyət formalaşmış avtoritarizmdən diktaturaya keçmək istəyir. ”Azadlıq”a olan bu aqressiv münasibət də onun həmin istəyə qarşı dayanmasına görədir. Cəmiyyət nəyin bahasına olursa olsun, bu istəyin qarşısını almalıdır. Əminəm ki, bu, belə də olacaq”.
“Azad söz məfhumu hər hansı qəzetin şəxsi işi deyil”
Hüquq müdafiəçisi Fuad Həsənov da “Azadlıq”ın Azərbaycan cəmiyyətindəki rolunu yüksək qiymətləndirdi, qəzetin qorunması üçün təkliflərini səsləndirdi: “Insanlarda belə bir immunitet yaranıb ki, bu məsələ kiçik bir qrupun problemidir. Yəni, onlar yazacaqlar, biz oxuyacağıq, yeri gəlsə, problemlərimizi onların vasitəsilə ictimailəşdirəcəyik. Bu immunitetə qarşı da çox ciddi şəkildə hazırlaşmalıyıq, təşkilatlanmalıyıq. Cəmiyyət bilməlidir ki, azad söz məfhumu hər hansı qəzetin şəxsi işi deyil”.
Müsavat başqanının müavini Gülağa Aslanlı təmsil etdiyi partiyanın məvqeyini çatdıraraq bildirdi ki, xalq hərəkatının iştirakçısı olan hər kəs üçün “Azadlıq” qəzeti övlad misalındadır. Məhz həmin insanların sayəsində bu qəzet yaranıb və onu qorumaq onların borcudur.
Ramin DEKO