«Mehdiyevin Qərbdən gələn təzyiqlərə cavabı məntiqsizdir və bu addımların nəticəsi çox pis olacaq»
Rüstəm Ibrahimbəyov: «Biz «Azadlıq» qəzetini qorumalıyıq»
Milli Şuranın seçkidən sonra reallaşdırdığı ikinci etiraz aksiyası da uğurlu keçirildi. Oktyabrın 27-si hava şəraitinin yağıntılı olmasına baxmayaraq demokratik düşərgənin tərəfdarları seçki saxtakarlığına dözmək niyyətində olmadıqlarını bir daha əməlləri ilə sübut etdilər. Bugünkü müsahibimiz Milli Şuranın sədri Rüstəm Ibrahimbəyovla söhbətimizə də təşkilatın son aksiyasına münasibətini öyrənməklə başladıq.
– Aksiyanın nəticələrini çox yüksək dəyərləndirirəm. Mitinqdə gənclərin aktivliyi, çoşqusu pozitiv ovqat yaradır. Ümumiyyətlə, seçki saxtakarlığına qarşı etiraz aksiyalarına gənclərin böyük dəstəyi var. Havanın yağıntılı olmasına baxmayaraq aksiya uğurlu baş tutdu.
– Rüstəm bəy, hələ seçkidən əvvəl bu dəfə də seçkilərin saxtalaşdırılacağı gözlənilən idi. Bunu həm ölkədə normal seçki mühitinin olmaması, həm də hakimiyyətin atdığı addımlar da sübut edirdi. Seçkidən dərhal sonra ABŞ Dövlət Departamentinin, ATƏT-in, Böyük Britaniyanın, Avropa Parlamentinin seçkilərin nəticələrinə münasibəti kifayət qədər sərt oldu. Seçki saxtakarlığına qarşı beynəlxalq aləmin münasibətini necə adekvat sayırsınızmı?
– Beynəlxalq aləmin mövqeyini hazırkı situasiyaya adekvat saymaq olar. Əslində beynəlxalq aləmin bu cür mövqedən çıxış etməsində Milli Şuranın seçkiöncəsi və seçkidən sonrakı fəaliyyətinin də böyük rolu var. Bundan əvvəl də Azərbaycanda seçki saxtakarlığı baş verirdi və beynəlxalq aləmin bundan xəbəri var idi. Amma ilk dəfə idi ki, beynəlxalq aləm Azərbaycanda keçirilən seçkilərdən dərhal sonra bu cür sərt mövqedən çıxış edirdi. Doqquz oktyabr seçkiləri çox kobud formada keçirildi. Hakimiyyət seçki saxtakarlığına geniş inzibati resursları, müəllimləri, həkimləri cəlb etməyə məcbur oldu. Hakimiyyətin seçki saxtakarlığını kütləvi şəkildə həyata keçirməsi bütün ictimaiyyətə bəlli oldu. Milli Şuranın fəallarının seçkiöncəsi və seçki günü saxtakarlıq faktlarını sübut edən materiallar əldə etməsi saxtkarlığı bütün dünyaya bəyan etməyə imkan verdi. Dünya ictimaiyyəti də baş verən saxtakarlığa öz kəskin münasibətini bildirib. Bu, Milli Şuranın qələbəsidir.
“İlham Əliyev dostu Lukaşenko kimi siyasət həyata keçirəcək”
– İlham Əliyev seçkidən sonra ilk səfərini Minskə etdi. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu olaya ironik yanaşaraq bəyan edib ki, Ilham Əliyev 9 oktyabr saxtakarlığından sonra yalnız Minskə gedə bilərdi. Siz, Ilham Əliyevin ilk səfərinin Minskə olmasını necə dəyərləndirirsiniz?
– Bu səfər formal baxımdan MDB-nin Minskdə keçirilən toplantısına qatılmaq məqsədi daşıyırdı. Amma seçkidən öncə Ilham Əliyev bu cür səfərlərdən, görüşlərdən çəkinirdi. Bu səfər yaranmış situasiyada çox pis işarədir. Bu onun mesajıdır ki, Azərbaycanın beynəlxalq siyasəti Belarus istiqamətində olacaq. Yəni Qərblə münasibətlər korlanacaq və Ilham Əliyev dostu Lukaşenko kimi siyasət həyata keçirəcək. Bu məqam Azərbaycan üçün çox təhlükəlidir. Ona görə ki, Lukaşenkoya nisbətən Azərbaycanı Qərblə sıx iqtisadi maraqlar, əlaqələr bağlayır. Bu olduqca təhlükəli bir vəziyyətdir. Heç istəməzdim ki, Azərbaycan Belarus kimi dövlətin yolu ilə getsin.
“Milli Şuranın hakimiyyətə təklifləri olacaq”
– Almaniya kansleri və Fransa prezidentinin Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını dərinləşdirməli olduğu haqda çağırışları var. Hakimiyyət bu çağırışları seçki təbriki kimi qələmə verməyə çalışır. Eyni zamanda Azərbaycanın Gömrük Ittifaqına üzvlüyü ilə bağlı Rusiyadan da təzyiqlər mövcuddur. Azərbaycan isə tərəddüdlər içərisindədir. Sizcə, Azərbaycan dövlətçilik maraqları baxımından hansı yolu seçməlidir?
– Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan Avropaya inteqrasiya yolu ilə getməlidir. Biz bu yoldan dönməli deyilik. Digər tərəfdən, axı biz Gömrük Ittifaqına necə daxil ola bilərik ki, bu təşkilatın sıralarında Ermənistan təmsil olunacaq. Biz Ermənistanla müharibə şəraitindəyik. Hər halda çox vacibdir Azərbaycan Qərbin demokratiya ilə bağlı tələblərini qəbul etsin və Azərbaycanın Avropainteqrasiya prosesi ləngiməsin. Avropa Birliyi birmənalı şəkildə bəyan edib ki, Azərbaycanda demokratik islahatlar həyata keçirilməsə, Vilnüsdə Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar atılmayacaq. Çox mürəkkəb bir vəziyyət yaranıb. Hakimiyyət Azərbaycana Qərbdən yönələn çağırışları, təbrikləri öz xeyrinə qiymətləndirməyə çalışır. Amma bu təbriklərin heç birində yazılmayıb ki, hakimiyyət seçkilərdə qələbə qazanıb. Təbriklərdə de-fakto Ilham Əliyevin prezident vəzifəsində oturması qeyd olunur.
“Mübarizəmizi davam etdirməliyik”
– Ekspertlər ATƏT-in yekun hesabatının da kifayət qədər sərt olacağını gözləyirlər. Çünki ATƏT-in yekun hesabatı əvvəlkilərin davamı olacaq və seçkidən sonra hakimiyyətin atdığı qanunsuz addımlar da bu sənəddə əksini tapacaq. Sizin, gözləntiləriniz nədən ibarətdir?
– Gözləyirəm ki, yekun sənəddə bütün həqiqətlər əksini tapacaq. Amma bu o demək deyil ki, bu sənəd meydana çıxandan sonra bütün problemlər həllini tapacaq. Biz mübarizəmizi davam etdirməliyik və gec-tez hakimiyyət məğlub olacaq.
– Seçkidən sonra demokratik düşərgəyə qarşı olan basqılar daha da artıb. Siyasi mövqeyinə görə insanların təqib olunması davam etməkdədir. Bu siyasətin davamı hakimiyyətə nə vəd edir?
– Seçkidən sonra gözlənildiyi kimi müsbət tərəfə heç nə dəyişmədi. Əksinə, təzyiqlər daha da artıb. Həbs olunan siyasi fəallar azadlığa buraxılmır. Bu böyük səhvdir. Rejimin siyasəti yumuşalmalıdır. Müxalifət fəalları azadlığa buraxılmalıdır. Əks təqdirdə bunun çox ağır nəticələri ola bilər.
– Seçkidən sonra azad mətbuata qarşı basqılar daha da artıb. “Azadlıq” qəzetinin üzərinə yeni iri cərimələr qoyulub, qəzetin satışı ilə bağlı ciddi problemlər yaradılır. Bu təzyiqləri necə dəyərləndirirsiniz?
– “Azadlıq” qəzeti müxalifət qüvvələrinə, demokratik düşərgəyə ən sadiq dəstək verən mətbuat orqanıdır. Ona görə hakimiyyət bu qəzeti boğmağa çalışır. Bəzi mətbuat orqanları çətinliklə üzləşən zaman təzyiqləri yüngüləşdirmək üçün iqtidarla dil tapmağa çalışır. “Azadlıq” isə kompromislərə getmir. Hazırda “Azadlıq”a qarşı olan basqıların durdurulması üçün ziyalılar, cəmiyyətimiz fəal mövqe nümayiş etdirməlidir. Biz “Azadlıq”ı qorumalıyıq.
– Hazırda həbsdə olan “Bizim yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimliyə qarşı təzyiqlər edilir. Ondan AXCP sədri Əli Kərimliyə qarşı ifadə alınmağa çalışılır…
– Bu böyük cinayət və Azərbaycan adına rüsvayçılıqdır. Biz əlimizdən gələni etməliyik ki, həbsdə olan siyasi fəallar, o cümlədən Pərviz Həşimli azadlığa çıxsın. Keçmiş iqtisadi əlaqələr naziri Nicat Quliyev əsassız ittihamlarla həbs olunub. Nicat Quliyevin bağ evinə silah atıldı, o, Milli Şuranın silahlı qanadı kimi təqdim edilməyə çalışıldı. Bu, gülməli ittihamlardır. Nicat Quliyevin Milli Şura ilə heç bir əlaqəsi yoxdur və uzun müddətdir ki, Türkiyədə yaşayırdı. Çox şəxsi hakimiyyət belə şəkildə şərləyərək həbs edib.
– Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev növbəti dəfə Qərbin ünvanına sərt ittihamlar səsləndirib. Ramiz Mehdiyev bəyan edib ki, Azərbaycanı dünyadan təcrid etmək istəyənlər, özləri təcrid olunacaqlar. Bu konfrantasiyanın sonu necə ola bilər?
– Iki ay bundan əvvəl Rusiya hədəfə alınmışdı. Bəyan olunurdu ki, Rusiya Azərbaycanda çevriliş planlaşdırır. Hakimiyyət görəndə ki, bu təbliğata əsas qazandıra bilmir. Indi başlayıblar Qərbi ittiham etməyə. Nə Qərb, nə Rusiya çevriliş hazırlamır. Problem bu hakimiyyətin özündən qaynaqlanır. Nə qədər hakimiyyət korrupsioner, xalqa qarşı siyasətini davam etdirəcək onlara qarşı təzyiqlər də güclü olacaq. Qərbin tənqidləri reallığa əsaslanır və seçki saxtakarlığının nəticəsidir. Mehdiyevin Qərbdən gələn təzyiqlərə qarşı cavabları əsassız və ağılsızdır. Bu addımların gələcəyi çox pis olacaq.
“İstəməzdim ki, kimsə Milli Şuranı tərk etsin”
– Rüstəm bəy, mətbuatda belə fikirlər də səslənir ki, Milli Şurada həmsədirlik institutu yaradılması planlaşdırılır?
– Bu mənim təklifimdir. Mən şifahi şəkildə mövqeyimi açıqlamışam və Milli Şura üzvləri bunu bilir. Rəsmi məktub da hazırlamışam. Bu məktubda bizim görkəmli alimimiz və siyasi xadimimiz Cəmil Həsənlinin namizədliyini irəli sürürəm və təklifimi məktubda əsaslandırıram. Cəmil müəllim əvvəlcə mənim təklifimə etiraz edirdi. Onunla müzakirələrimiz oldu və bundan sonra Milli Şurada həmsədrlik institutunun yaradılmasının, özünün həmsədr olmasının zəruriliyini qəbul etdi. Indi isə hər şey Milli Şura üzvlərindən asılıdır. Mənə elə gəlir ki, Milli Şura belə qərar versə, Cəmil Həsənli həmsədr olmağı qəbul edəcək.
– Liberal Partiyasının lideri Lalə Şövkət və partiyanın digər təmsilçiləri Milli Şuradan istefa veriblər. Son zamanlar Lalə Şövkətlə danışmısınızmı? Bu istefanı necə qiymətləndirirsiniz?
– Mənim Lalə Şövkətə böyük hörmətim var. Vaxtilə Milli Şura yarananda o, seçkiqabağı vəziyyətdə burada təmsil olunmağa razılıq verdi. Amma deyə bilmərəm ki, ürəklə bunu etdi. Onun istefasının səbəbləri var. Görünür, Milli Şuranın bəzi üzvləri ilə də münasibəti yaxşı deyil və özü bu barədə dəfələrlə çıxış edib. Lalə Şövkətin əksər məsələyə öz baxışı var. Vaxtı çatanda Milli Şuranın tərkibindən çıxmağının səbəbini özü açıqlayar. Amma mən onun çıxmağını təəssüflə qarşıladım. Belə şəxslər Milli Şuranın fəaliyyətində nə qədər çox iştirak etsə, onun nüfuzu bir o qədər çox olar. Ola bilər, gələcəkdə fikrini dəyişdi. Biz açıq təşkilatıq. Bütün qərarlar seçki yolu ilə həyata keçirilir. Təbii prosesdir, kimsə üzvlüyə qəbul ediləcək, kimsə üzvlükdən çıxacaq.
– Lalə Şövkətin istefasının səbəbi sizə məlumdur? Bu istefa Müsavat Partiyası ilə Liberal Partiyası arasında olan narazılıqla bağlıdır?
– Lalə Şövkətin istefasının dəqiq səbəbini bilmirəm. Amma mən ona Milli Şurada təmsil olunmağı təklif edəndə çox əsaslı tələbləri, şərtləri var idi. Görünür, bu tələblər və şərtlər qüvvədə qalır. Amma istefasının səbəbini özü açıqlamalıdır.
– Rəsul Quliyev də tez-tez Milli Şuranı tənqid edir. Onun da şuradan çıxması mümkündürmü?
– Bu haqda dəqiq bir söz deyə bilmərəm. Rəsul Quliyevlə çoxdan tanışıq, dostuq, ona böyük hörmətlə yanaşıram. Milli Şuranın yaranmasında çox fəal iştirak edib. Milli Şuradan narazı qalmasının əsl səbəblərini bilmirəm. Düzdür, müxtəlif məsələlər qaldırıb, fikirlərini açıqlayıb. Rəsul Quliyevin dediklərini təkrarlamaq istəmirəm, buna ehtiyac yoxdur. Amma onun sadaladığı səbəblər o qədər də inandırıcı və real deyil. Bütövlükdə Milli Şuradan istefaları təəssüflə qarşılayıram. Hər bir üzv Milli Şuranı tənqid də edə, qərarlarla razı olmaya da bilər. Amma istəməzdim ki, kimsə Milli Şuranı tərk etsin.
Xəyal Şahinoğlu
Qeyd: Son üç sual R.Ibrahimbəyovun “Mediaforum.az” saytına verdiyi müsahibədən götürülüb.