Nizaməddin Quliyev: «Partiyada monopoliyaya son qoyulmalıdır»
Dünən Müsavat partiyası Məclisinin növbəti sessiyası keçirilib. Musavat.com-un məlumatına görə, Məclis sədri Arzu Səmədbəylinin sədrlik etdiyi toplantıda ölkədə hazırkı ictimai-siyasi durum, qarşıda duran məsələlərlə bağlı Müsavat başqanı Isa Qəmbər çıxış edib.
Isa Qəmbər bildirib ki, Gömrük Ittifaqına, Avrasiya Ittifaqına doğru addımlar atmaq Azərbaycanın gələcəyini qumara qoymaqdır: “Belə bir ölkə ilə birlik barədə düşünənlər Azərbaycanın gələcəyini yox, öz maraqlarını düşünür”.
Müsavat başqanı onu da qeyd edib ki, Milli Şuranın seçkisonrası qərarları doğru olub: “Biz bu nəticələrin saxta olduğunu, qəbuledilən olmadığını bəyan etmişik, bu istiqamətdə işlər davam etdirilməlidir. Müsavat rəhbərliyində təmsil olunanlardan sıravilərə qədər hər kəsə seçki prosesində iştirakına görə təşəkkür edirəm”.
Isa Qəmbər əlavə edib ki, hakimiyyətin maneələrinə baxmayaraq, nəhayət, Müsavatın qurultayının keçirilməsinin mümkün, qısa müddətli yolu tapılmalıdır.
Partiyanın Masallı təşkilatının sədri Xasay Səfəroğlu bildirib ki, Milli Şura ideyasının inkişafı üçün cəmiyyətlə işlər davam etdirilməlidir. X.Səfəroğlu bölgələrdə baş vermiş saxtakarlıqlarla bağlı konkret faktlar göstərib. O həmçinin Milli Şuranın monolitliyinin təmin olunması, hətta zərurət yaranarsa, say tərkibinin azaldılmasıyla bağlı qərar verilməsindən danışıb.
Sabir Məmmədli isə Müsavatın fəaliyyətinin tamamilə yeni prinsiplər üzərində qurulmalı olduğunu deyib: “Avqust ayında Müsavat və AXCP niyə bütün təşəbbüsü Eldar Namazova vermişdi. Niyə?”
Sabir Məmmədli ardınca Müsavat rəhbərliyini ittiham edib: “Müsavatda avtoritarizm baş alıb gedir. Təklif edirəm ki, yaxın günlərdə bununla bağlı bir müzakirə təşkil edək”.
Onun bu fikirlərinə etiraz edən Arzu Səmədbəyli ilə Sabir Məmmədli arasında qısa mübahisə olub.
Məclis sədri partiyanın bütün təşəbbüslərə açıq olduğunu qeyd edərək, Sabir Məmmədlini də konkret təşəbbüs göstərməyə çağırıb.
Partiyanın Lənkəran təşkilatının sədri Iman Əliyev də sərt fikirlər səsləndirib. O, təşkilat üzvlərinin əksəriyyətini xəyanətdə ittiham edib. Qeyd edib ki, Yadigar Sadıqovun həbsindən sonra onun da həbsi barədə icra başçısı plan hazırlayıbmış.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə partiyanın Lənkəran təşkilatının rəhbərliyində dəyişikliyin vacibliyini vurğulayıb: “Yadigar bəy tutulanda Iman bəy gedib onun ailəsinə deyib ki, baş verənlərə görə qarşı tərəfin ailəsindən üzr istənilsin, məsələ bitsin. Ona görə də təşkilat üzvləri ondan üz çevirib”.
Bu barədə məlumat Məclisdə etirazla qarşılansa da, təşkilat sədri deyilənləri təkzib edib.
Partiya yetkilisi Sevinc Hüseynova da məsələyə münasibət bildirib: “Biz Isa bəylə Lənkərana gedəndə, orada daşa basılanda bu adam orada yox idi”.
Iman Əliyev isə səslənən fikirlərin yalan olduğunu bildirib.
Mirbaba Babayev də bununla bağlı fikirlərini bölüşüb: “Iman bəy vaxtilə çox fədakar müsavatçı olub, ancaq son vaxtlar fəaliyyəti sıfra enib”.
Arzu Səmədbəyli məsələnin ayrıca müzakirə olunacağını bildirib.
Nizaməddin Quliyev da tənqidi notlarla çıxış edərək çıxışında seçkilərdə ortaya çıxan problemlərdən danışıb: “Partiyada monopoliyaya son qoyulmalıdır”.
O həmçinin Müsavat başqanının bəzi məsələlərə müdaxilə etməsini vacib sayıb.
Dünənki sessiyada həmçinin 9 oktyabr 2013-cü il prezident seçkilərinin nəticələri haqqında partiyanın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının məruzəsi olub.
Toplantıda Tofiq Yaqublu, Ilqar Məmmədov, Yadigar Sadıqov, NIDA-çılar və digər siyasi məhbuslarla bağlı bəyanat da qəbul olunub.