“ABŞ Azərbaycanı təcrid etmək istəyir”
Seymur Həzi: “Xalqa qarşı siyasi qəsd yolunu tutmuş İlham Əliyevlə əməkdaşlıq Avropa dövlətləri üçün mümkünsüzləşir”
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ABŞ və Avropanı yenidən “topa tutub”. Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında 9 oktyabr prezident seçkisilə bağlı ABŞ-ın ATƏT-dəki nümayəndəliyinin mövqeyini və Avropa Parlamentinin qərarını tənqid edib.
Avropa Parlamentinin seçkilərlə bağlı 23 oktyabr tarixli qətnaməsində Qarabağ münaqişəsinə dair məqamı müsbət qiymətləndirən PA rəhbəri deyib ki, bununla yanaşı Avropanın siyasətində ziddiyyətlər müşahidə edilir. Mehdiyevə görə, “Avropadakı maliyyə və sosial böhran sosial və demokratik böhrana çevrilib, bu səbəbdən də Avropa İttifaqına etimad azalıb”.
PA rəhbəri Avropa müstəqil siyasət yürüdə bilməməkdə ittiham edib. Onun fikrincə, bu, ABŞ Dövlət Departamenti ilə ATƏT DTİHB-in seçkilərə dair rəylərinin üst-üstə düşməsində özünü göstərir. Mehdiyev bu rəyləri “siyasi baxımdan qərəzli” adlandırıb.
“ABŞ Dövlət Departamentinin bəzi məmurları AŞ PA-ya və Avropa Parlamentinə Azərbaycandakı seçkilərə dair müsbət rəylərini dəyişdirmək üçün təzyiq göstərməklə ABŞ-la Azərbaycan arasında tərəfdaşlığa zərbə vururlar.
Buna necə sakit reaksiya vermək olar ki, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Avropa Parlamentinin missiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri seçkilərə müsbət rəy verdikləri halda Amerika tərəfi Azərbaycanın demokratik inkişafında mühüm mərhələ olan prezident seçkilərini ləkələməyə yönələn yalan mövqe ortaya qoyur və bu mövqeni başqalarına da qəbul etdirməyə çalışır!” – deyə PA rəhbəri bildirib.
R.Mehdiyevin fikrincə, ABŞ-da Azərbaycanı təcrid etmək istəyən siyasi dairələr var. “Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər” – deyə o bildirib.
PA rəhbərinin açıqlamasına münasibət bildirən AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin sözlərinə görə, Ramiz Mehdiyevin müsahibəsindən aşkar şəkildə hiss olunur ki, hakimiyyətin əsas ideoloqu hesab olunan şəxs hadisələri və prosesləri soyuqqanlı qiymətləndirə bilmir. Yaxud da baş verənləri tamamilə fərqli təqdim etməklə özünə və ya kimlərəsə təskinlik vermək istəyir. Mehdiyev bildirir ki, Avropa Birliyi ABŞ-ın təsirinə düşərək ATƏT-in hesabatı ilə razılaşmağa məcbur olub. Ancaq o unudur ki, ATƏT-in əsas təsisçiləri Avropa ölkələridir və bu, təşkilatın adından da bilinir.
Ekspert Azərbaycandakı son seçkilərin iki mühüm məsələni ortaya qoyduğunu deyir. Bu yolla hakimiyyətdə qalmaq istəyən qüvvələr beynəlxalq və regional təhlükəsizlik üçün təhdid yaradır. Bu baxımdan xalqa qarşı siyasi qəsd yolunu tutmuş İlham Əliyevlə əməkdaşlıq Avropa dövlətləri üçün mümkünsüzləşir. Digər tərəfdən, Ramiz Mehdiyev Qərbdə, ABŞ-da hansısa dairlərin Azərbaycanı təcrid etmək istədiyindən söz açır. Amma təcrübəli kommunist özü də yaxşı bilir ki, Azərbaycanı təcrid etmək seçkiləri saxtalaşdırmaq, özünə qeyri-demokratik və qeyri-legitim partnyorlar tapmaq, rüşvəti və korrupsiyanı idarəçilikdə adi hala çevirməkdir: “ABŞ-ın təcrid olunması məsələsinə gəldikdə, buna rəsmi Vaşinqtonun təmsilçiləri cavab verə bilərlər. Amma təəssüf doğuran məqam odur ki, bu cür siyasi cəhətdən gülüş doğuran fikirləri söyləyən şəxslər Azərbaycanı idarə edir”.
Fizzə