Ilham Əliyev öz hökumətinin tərkibini də açıqladı. Böyük əksəriyyət bunu köhnə hökumətin yeni təqdimatı kimi qəbul etsə də, təyinatların sırasında düşünməli bir məqam var. Bəli, bir təyinat var ki, o, düşünmək üçün xeyli əsas verir.
Mən bu dəfə məsələnin təfərrüatına varmayacam. Ona görə ki, nə vaxtsa bunu cəmiyyət özü etməlidir. Fikirləşməlidir ki, filankəs filan vəzifəyə haradan gəlib, özü haralıdır?
Bu, heç də xırdaçılıq, yerlibazlıq deyil. Sadəcə, təhlildir ki, bunun əsasında hakimiyyətin siyasətinin bəzi məqamlarını anlamaq olar.
Hələlik isə yeni təyinatlar haqda bu qədər. Ümumi halda götürəndə isə, bu dəfə də hökumət öz yaşını əsaslı şəkildə cavanlaşdırmadı: baş nazir qaldı, onun bir çox müavinləri bir daha tutduqları vəzifələrini saxladılar. Düzdür, dəyişikliklər də oldu, amma əsas tərkib əvvəlki ilə eynidir.
Sadəcə, onu deyəcəm ki, biz bir daha polis dövləti istiqamətində ciddi bir addım atdıq.
Ilk dəfə “polis dövləti” anlayışı dünyada meydana çıxanda ona hətta yaxşı münasibət bəsləyirdilər. Amma indi bütün dünyada heç kim buna müsbət yanaşmır, hamı bunda mənfi bir məzmun görür.
Nə isə. Onsuz da bu, biz deyən, necə deyərlər, bizim arzuladığmız hökumət deyil. Elə o səbəbdən də onun təhlili ilə məşğul olmaq da bir peşə deyil, sadəcə, baş ağrıtmaqdır.
Indi 2018-ci ilə qədər seyr etmək lazımdır. Onsuz da seyrçilik alnımıza yazılıb, biz seyr etməyi sevirik. Bəlkə də bu, bizim Şərq, sufi köklərimizdən irəli gəlir.
Şərqdə, xüsusən də sufilər belə hesab edirdilər ki, seyrçiliklə nəinki özünü, hətta dünyanı da dərk etmək olar. Indi bilmirəm, biz nəyi dərk etmişik, nəyi etməmişik, amma bir məsələdə əminəm ki, insanın ətrafa fəal münasibəti, daim onu dəyişmək əzmi olmadısa, o ölkə də batdı, o insan da. Ona görə də çalışın fəal olun.
Insan özünün necə idarə olunmasını bilməlidir. Bu, demokratiyanın ona verdiyi haqdır. Qərbdə nahaq yerə demirlər ki, hər bir insan hökumətə sorğu göndərə və ona cavab ala bilər. Düzdür, bu ölkədə demokratiyadan danışmaq Ayda cənnətdən dəm vurmaq kimi bir şeydir: nə bu yoxdur, nə də o birisi. Amma çalışıb özünü elə aparmaq lazımdır ki, sanki azadlıq da var, demokratiya da.
A.Smitin dahiliyi nədə idi?
Hər bir adam özünün adi sosial davaranışı ilə demokratiyaya böyük bir təkan verə bilər. Əvvəldə azacıq hökumətdən bəhs etdik. Bu hökumətin xarakteri bəllidir. Amma bu xarakterlə də onu müəyyən işləri görməyə vadar etmək olar.
Mənə həmişə elə gəlib ki, dünyanın ən böyük simalarından biri A.Smit olub. Bəlkə də ona qədər də çoxu insanın mahiyyətini anlayıb. Nahaqdan C.Hobss deməmişdi ki, insan insanın düşməni kimi davranır.
Amma A.Smit ilk dəfə olaraq insanın bu mahiyyətini ümumi rifahın mexanizminə çevirməyə çalışıb. Bəli, o yazırdı ki, insan təbiətən eqoistdir, daim özünü düşünür, onun əlləri elə qurulub ki, daim özünə tərəf çəkir.
Amma o, insanın bu keyfiyyətindən faydalanmağın yolunu axtarırdı. A.Smit yazırdı ki, insan daim özünün eqoist tələbatını ödəməyə çalışır. Amma o, öz tələbatını ödəyərkən onlarla başqa insanın da tələbatını ödəməklə məşğul olur. Bu yolla insan bəlkə də özü də istəmədən ümumi rifah üçün çalışmalı olur.
Indi hökumətlə də belədir. Onlar yalnız özlərini düşünür, özləri üçün çalışırlar. Elə etmək lazımdır ki, onların bu eqoizmi ümumi rifaha tərəf yönəlsin.
Bunu indi etmək olarmı? Qismən də olsa, hər halda, mümkündür. Onlar nə tikirsə, burada qalacaq, özləri ilə aparmayacaqlar. Ona görə də bir az həvəsləndirmək lazımdır ki, daha çox məktəb, daha çox metro stansiyası tiksinlər.
Onlara yalnız bunu etdirmək olar. Təbii ki, burada da bir qoyub, beş götürməyə çalışacaqlar. Amma nə etmək olar? Başqa yol yoxdur.
Əslində yol var. O, budur ki, hökumət bizim özümüzünkü, bizim həqiqətən də seçdiyimiz adamın qurduğu hökumət olsun. Amma bunu istəmirik, daha doğrusu, bundan ötrü özümüzə əziyyət vermirik, bu yolda çarpışmırıq.
Ona görə də mövcud sistemin özündən faydalanmağı bacarmalıyıq. Daha doğrusu, bacarmalısınız. Nədir? Yoxsa xoşunuza gəlmədi? Əgər xoşunuza gəlmədisə, üzrlü sayın.