Coşqun Salahov: «Mən yenə də əvvəlki əqidəmdə və düşüncəmdə qalmışam»
Sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onun dostları Coşqun Salahovla, Ülvi Nuriyev həbs olunmuşdular və sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Coşqun Salahovu 30, Türkel Kərimlini 25, Ülvi Nuriyevi 20 sutka müddətinə azadlıqdan mərhum etmişdi.
Oktyabrın 22-dən 23-nə keçən gecə Coşqun Salahovun da həbs müddəti başa çatdı və dostları kimi, o da azadlığa çıxdı.
AXCP Sumqayıt şöbəsinin fəalı olan Coşqun Salahov “Azadlıq”a açıqlamasında həbsinə münasibət bildirdi: “Əvvəla onu deyim ki, məni və dostlarımı əsassız şəkildə, qanunsuz olaraq həbs etdilər. Biz nə plakat cırmışdıq, nə də hansısa qanun pozuntusuna yol vermişdik. Sadəcə olaraq bizə bildirdilər ki, maşına əyləşin polis idarəsində aydınlaşıdıracağıq. Yəqin ki, hər kəs bu həbsin əsl səbəbinin nə oduğunu gözəl bilir. Mən ilk dəfə idi ki, həbs olunurdum. Ancaq, heç bir çətinliyim olmadı, əvvəlki həyatıma davam edirəm. Bu həbs məni qorxuda bilməz. Mən yenə də əvvəlki əqidəmdə və düşüncəmdə qalmışam. Əksinə, haqsız həbs olunmağım daha da mübariz olmağıma xidmət etdi və bundan sonra da haqq bildiyim yolda yürüyəcəm.”