Gözəl Bayramlı: «Biz «Məhsul» stadionunda mitinq keçirməyə israrlıyıq və hazırlığımızı da bu istiqamətdə aparırıq»
Milli Şuranın oktyabrın 27-də keçirmək istədiyi mitinqə hakimiyyət yenə də əngəl törətmək istəyir. Son mitinqlərin keçirildiyi “Məhsul” stadionunun (metronun “Inşaatçılar” stansiyasının yaxınlığında – red.) təmirə saxlanması barədə məlumatlar yayılıb. Xatırladaq ki, Milli Şuranın oktyabrın 20-nə təyin etdiyi mitinq baş tutmamışdı. Səbəb isə Milli Şuranın mitinqlə bağlı müraciətinin BŞIH-ə daxil olmadığı göstərilmişdi.
Əgər “Məhsul” stadionunun təmirə dayanması mitinq gününə təsadüf edərsə, bu, hakimiyyətin mitinqlərə əngəl törətməsi, sərbəst toplaşma azadlığının boğulması kimi qiymətləndiriləcək.
Hələ ki, Milli Şuranın 27 oktyabr mitinqilə bağlı müraciəti cavablandırılmayıb. Buna baxmayaraq Milli Şuranın mitinq hazırlıqları davam edir.
AXCP sədrinin müavini, Milli Şuranın üzvü Gözəl Bayramlı bildirdi ki, mitinqlə bağlı bütün zəruri tədbirlər görülür və Milli Şura bu mitinqi keçirməkdə israrlıdır: “Biz rəsmi qaydada müraciət etmişik və öz konstitusion hüququmuzdan istifadə etmək fikrindəyik. Mitinqlə bağlı Milli Şuraya daxil olan partiya və qurumlar hazırlıqlarını davam etdirir. O cümlədən bizim partiyamız da bu istiqamətdə bir neçə tədbirlər keçirib, rayon şöbələrinə tapşırıqlar verilib, gənclər komitəsi öz üzrəinə düşən işlərlə məşğuldur. Ümumilikdə mitinqlə bağlı vəziyyət yüksək səviyyədədir və hesab edirəm ki, bu mitinq əvvəlkilərdən daha kütləvi olacaq. O ki, qaldı ”Məhsul” stadionun təmirə dayandırılması ilə bağlı yayılan xəbərlərə, bu haqda bizə məlumat verilməyib. Və biz “Məhsul” stadionunda mitinq keçirməyə köklənmişik və hazırlıqlarımızı da bu istiqamətdə aparırıq. Əgər hər hansı bir maneə törədilərsə, bu, hakimiyyətin qərəzli mövqeyi kimi qiymətləndiriləcək. Çünki bu ərazidə keçirilən mitinqlərin artan xətt üzrə davam etməsi hakimiyyəti narahat edir və hər hansı bəhanələrlə bunun qarşısını almaq istəyir. Biz BŞIH-in cavabın gözləyirik. Mitinqə müsbət cavab verilməyəcəyi təqdirdə hansı addımların atılacağı, Milli Şuranın növbəti iclasından sonra müəyyənləşdiriləcək”.
Ilham Hüseyn