Tələbələr ayağa qalxdı, rektorun izahatı onları qane etmədi; aksiyalar davam edə bilər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ötən gün etiraz aksiyası keçirdilər. Səbəb isə semestr imtahanlarının yazılı keçirilməsi ilə bağlı universitet rəhbərliyinin qərarıdır. Tələbələrin “Azadlıq”a dediklərinə görə, bundan öncə testlə imtahan versələr də, indi universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib.
“Biz bir neçə dəfə bununla bağlı etirazımızı, kafedralara, prorektora bildirmişik. Ancaq heç bir nəticəsi olmayıb. Istəyirik ki, tələbimiz yerinə yetirilsin, bizdən iki imtahan yox, birini götürsünlər”, – deyə tələbələr bildirdi.
Tələbələr universitetin həyətinə toplaşaraq onlara tutarlı bir izahatın verilməsini tələb edirdilər. Əks halda dərslərə girməyəcəklərini bildirirdilər.
Rektor Yusif Məmmədov akt zalında tələblərin şikayətlərini dinləmək üçün gözləsə də, aksiyaçıların yalnız bir qismi onunla görüşə getdi, böyük əksəriyyət isə aksiyanı davam etdirdi.
Vəziyyətin belə olduğunu görəndə universitet rəhbərliyi tələbələrin önünə çıxmalı oldu. Rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxdı. Tələbələrin qarşısında çıxış edən rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını bildirdi. Bununla bağlı qərarın Təhsil Nazirliyindən veriləcəyini deyən rektor əlavə edib ki, sabahdan (bu gündən – red.) başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq: “Məqsədimiz odur ki, imtahanlar şəffaf keçirilsin”.
Bu cavablar tələbələri qane etməsə də, onlar dağılışmağı qərara aldılar. Bildirdilər ki, tələbləri yerinə yetirilməsə, yenidən aksiya keçirəcəklər. Bununla yanaşı ikinci növbə dərsləri olan bir qrup tələbə dərslərə girməyib.
Öz otağında jurnalistləri qəbul edən rektor Yusif Məmmədov bildirdi ki, ola bilsin tələbələrə kimlərsə bilərəkdən, ya bilməyərəkdən səhv məlumat verib: “Imtahanların bu cür keçirilməsini tələbələrin təhsil səviyyəsinin yüksək səviyyədə olması üçün edirik. Test imtahanı olanda tələbələr öncədən cavabları öyrənib yüksək qiymət alıblar. Ola bilməz ki, bir qrupda olan 25 tələbədən 20-si yüksək qiymət alsın. Ona görə də hansısa tələbə testdən üç alırdısa, daha o yazılı imtahana getmirdi. Kim ki 4 və 5 qiyməti alırsa, o, həqiqətən oxuyubsa, yazılı imtahan verirdi. Bununla da onun testin cavablarını əzbərlədiyini, ya da imtahana hazırlaşdığını müəyyənləşdirirdik. Indi isə qərara gəldik ki, tələbələr bir imtahan versinlər. Ancaq onlar bilməsinlər ki, bu yazılı olacaq, yoxsa test üsuluyla. Belə olan halda tələbə hazırlaşacaq. Daha 700 sualın cavabını əzbərləməyəcək”.
Baş verən olaydan sonra Təhsil Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, hər universitetdə semestr imtahanlarının hansı formada keçirilməsi professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bunun, nazirlik tərəfindən təsdiq olunduğunu qeyd edib: “Təhsil Nazirliyi olaraq bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi nazirlik təsdiqləməyib”.
Ramin DEKO