“Məgər mən adam öldürmüşəm, dövlət büdcəsini yemişəm?”
Keçmiş deputat işgəncəyə məruz qaldığını bildirdi
Bu ilin fevralından həbsdə olan keçmiş deputat Gülər Əhmədova dünən məhkəmə qarşısına çıxarıldı. Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevi deputat seçdirmək üçün ondan 1 milyon dollar almaqda ittiham olunan Gülər Əhmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyilə baxılır.
Məhkəməyə gələnlərin şəxsi əşyaları müsadirə olundu
Dünən məhkəmənin hazırlıq iclası idi. Məhkəmə prosesinin bu mərhələsi əsasən məhkəmə heyətilə tanışlıq, anket məlumatlarının dəqiqləşdirilməsi, işin məhkəmə baxışına verilməsinin mümkünlüyünün müzakirəsindən ibarət olur.
Bu mərhələ ciddi qanun pozuntusuyla başladı. Məhkəmə prosesində iştirak etməyə gələnlərin, o cümlədən jurnalistlərin şəxsi əşyaları müsadirə olundu. Media nümayəndələrinə məhkəmə zalına yalnız bloknot və qələm aparmağa icazə verildi. Jurnalistlər məhkəmə nəzarətçilərindən çantaların və geyimlərin xüsusi qurğu vasitəsilə yoxlanıb buraxılmalarını tələb etsələr də, məhəl qoyulmadı. Məhkəmənin sonunda isə məlum oldu ki, prosesə gələnlərin əşyaları, o cümlədən çantaları, telefonları və s. dəhlizdə bir kənara atılıb.
Pul harada və nə vaxt verilib?
Hazırlıq iclasında əvvəlcə Gülər Əhmədovanın anket məlumatları dəqiqləşdirildi, məhkəmənin tərkibi, o cümlədən prokuror barədə onun fikri öyrənildi, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah edildi.
Daha sonra Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bir neçə vəsatət qaldırdı. Vəkil vəsatətləri əsaslandırarkən Bakı şəhər prokurorluğunda aparılmış ibtidai istintaq zamanı qanunun tələblərinə əməl olunmamasından, Gülər Əhmədovanın hüquqlarının pozulmasından danışdı. Vəkil Gülər Əhmədovaya qarşı CM-nin 178.3.2 (dələduzluq) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə irəli sürülmüş ittihamlar üzrə cinayət işinə xitam verilməsini istədi: “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarda Bakı şəhər prokurorluğunun müstəntiqi Emzar Qocayev Gülər Əhmədovanın Elşad Abdullayevdən əvvəlcə 500 min, sonra təkrar daha 500 min dollar pul aldığını yazır. Amma bu pulun Gülər xanıma harada, konkret nə vaxt verildiyi qərarda yoxdur. Müstəntiq təqsirləndirilən şəxs qismində cəlbetmə qərarını dörd dəfə dəyişib.
Bu işdə 3 nəfərin adı keçir: Sevinc Babayeva, Gülər Əhmədova və Elşad Abdullayev. Sevinc Babayeva dünyasını dəyişib, Gülər Əhmədova bəllidir, Elşad Abdullayev isə Fransadadır, onun ifadəsi alınmayıb. O, Baş Prokurorluğa yazdığı məktubda Gülər Əhmədovaya 1 milyon verdiyini göstərib, prezidentə məktubunda 2 milyon olub, ATƏT-ə məktubunda isə 1 milyon 300 min. Indi bu rəqəmlərin hansı düzdür? Elşad Abdullayevin Fransada yaşadığı yer, həm orada, həm də Moskvada işlətdiyi telefon nömrələri hamıya məlumdur. Amma istintaq onun gətirilməsi, ən azı, dindirilməsi üçün heç bir tədbir görməyib. Niyə? Bu da müstəntiqin işi səthi apardığını göstərir.
Sevinc Babayevanı Türkiyədən niyə gətirməyiblər?
Məlumdur ki, Gülər Əhmədova Elşad Abdullayevin yaydığı video əsasında həbs olunub. O videolar da gizli çəkilib, montaj olunub. Müstəntiq Emzar Qocayev Konstitusiyanı saymır. Saysaydı, bilərdi ki, məhkəmənin qərarı olmadan heç kim gizli çəkilişə məruz qala bilməz. Elşad Abdullayev əməliyyat subyekti deyil, gizli çəkiliş aparmaq səlahiyyəti yox idi. Qanun isə bu cür qanunsuz yolla əldə olunmuş dəlillərin sübut kimi qəbul olunmasına yol vermir. Üstəlik, istintaqa da videonun əsli təqdim olunmayıb. Hansı məhkəmə hansısa sənədin əslini yox, surətini sübut kimi qəbul eləyir?
Üstəlik, o videolarda Gülər Əhmədovaya pul verilməsi səhnəsi yoxdur. Elşad Abdullayev Arzu Kazımova pul verəndə notarial qaydada ondan sənəd alıb. 2004-cü ildə Əli Zəngilanskiyə 5 min dollar verdiyinə görə ondan da qəbz alıb. Yəni, 2005-ci ilə – bu olaylara qədər onun təcrübəsi vardı. Belə olan halda, Gülər Əhmədovaya 1 milyonu verəndə niyə heç bir qəbz almayıb? Deməli, yalandır, Elşadın pul vermək niyyəti olmayıb, sadəcə, Sevinc Babayeva ilə Gülər Əhmədovanı oyuna salıblar.
Emzar Qocayev yazır ki, ittiham şahid ifadələrilə sübuta yetirilib. Sevinc Babayeva Türkiyədə oturub kiməsə nəsə deyib, indi həmin adamların sözlərini sübut kimi qəbul edirlər. Halbuki, ölmüş şəxsin ifadəsi əsasında şahidlər yalnız məhkəmənin qərarı ilə dindirilməlidir. Belə bir qərar isə yoxdur.
Sevinc Babayeva dünyasını dəyişənə qədər istintaq onun yerini bilirdi. Cinayət işi başlanandan sonra bir neçə ay ərzində niyə onu gedib gətirməyiblər? Niyə onun ifadəsi alınmayıb? Öləndən sonra gedib iki ay Türkiyədə oturublar, onun meyitini dindirəcəkdilər?
Gülər Əhmədovanın istintaqa ifadəsi müstəntiq tərəfindən təhrif olunub. Gülər Əhmədova deyib ki, nə Elşaddan, nə də başqasından pul almışam. Amma yorulmuşam, ictimai təzyiqlər, nüfuzuma xələl gəlməsin deyə, lazım olsa, evimi satıb, yaxud girov qoyub ödəyərəm.
Gülər Əhmədovaya verilən digər ittihama görə, guya, o, Sevinc Babayevanın yerini bilib, onun Türkiyədə gizlənməsinə yardım edib. Sevinc Babayeva ölkədən gedəndə 7 mesaj yazıb, onların 2-si Gülər Əhmədovaya, qalanı Tavat Şirinova adlı xanıma olub. O mesajlardan aydın görünür ki, Gülər Əhmədovanın bu məsələdən xəbəri yoxdur.
Istintaqa təxminən 60 vəsatət vermişik, onların yalnız 4-5-i qəbul olunub. Hamısına ümumi sözlərlə, heç bir əsaslandırma olmadan rədd cavabı verilib”.
Vəkil cinayət işinə xitam verilməsilə yanaşı, Gülər Əhmədovanın təhrif olunmuş ifadəsinin, Sevinc Babayevanın adından ifadə verən şahidlərin dediklərinin, həmçinin gizli yolla əldə olunduğuna görə videoçəkilişlərin sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın mesajlarının isə əksinə, sübut kimi qəbul olunması haqda vəsatətlər verdi.
Bundan başqa, vəkil Gülər Əhmədovanın dəfələrlə deputat olmasını, səhhətindəki problemləri, 8 yaşlı övladının anasından ayrı qalması üzündən psixoloji sarsıntı keçirməsi kimi səbəbləri göstərərək, onun barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatət qaldırdı: “Gülər Əhmədova həmişə dövlətçiliyə xidmət edib. Hətta özü deputat mandatından imtina edib. Üçüncü dövr prezident seçilməsi münasibətilə özü də, anası da Ilham Əliyevə təbrik ünvanlayıb. Gülər xanım məhkəmədən yayınmayacaq”.
Gülər Əhmədova ABŞ, ATƏT və Cəmil Həsənlidən narazıdır
Bundan sonra vəsatətlərə münasibət bildirmək üçün Gülər Əhmədovanın özünə söz verildi: “Vəkilimin bütün dediklərilə razılaşıram. Amma bir məsələ var ki, biz onu vəkilimlə müzakirə edə bilməmişik. Mənim hüquqlarım təkcə Azərbaycanda deyil, daha böyük miqyasda pozulub. ABŞ Dövlət Departamenti və ATƏT-in hesabatında ”cinayətkar” adlandırılmışam. Məhkəmənin hökmü olmadan kimisə “cinayətkar” elan etmək təqsirsizlik prezumpsiyasının pozulmasıdır. ABŞ səfirliyinin, ATƏT-in nümayəndələri gəlib bu barədə mənə izahat versinlər. Söhbət təkcə məndən yox, həm də ailəmdən gedir. ABŞ prezidenti Barak Obamaya da bununla əlaqədar müraciət edəcəyəm. Mən hansı cinayəti törətmişəm, terrorçuyam? 11 sentyabr hadisələrinin təşkilatçısıyam?
Özünü siyasətçi adlandıran bəziləri mənim bugünkü vəziyyətimdən istifadə edərək at oynadırlar. 10 ay həbsdə olduğum müddətdə çəkdiklərimin 5 qatını prezident seçkisi ərəfəsində çəkdim. Cəmil Həsənli hansı haqla mənim arxamca danışır, məni mandat alverçisi adlandırır? Özü də deputat olub. O və ətrafında oturanlar mandatı pulla alıblar ki, 9 milyonluq xalqın qarşısında mənim haqqımda bu cür fikirlər səsləndirir? Cəmil Həsənlinin də məhkəməyə gətirilməsini tələb edirəm. Mən Azərbaycanda yeganə adamam ki, deputat mandatından imtina etmişəm. Gördüm ki, iqtidar da, müxalifət də isterikaya düşüb, bunları mənim mandatım yandırır. Imtina elədim. Indi əl-qolumun bağlı olmasından, köməksiz vəziyyətimdən istifadə edib xal qazanmaq istəyirlər”.
Elşad Abdullayevin məhkəmədən tələbi var
Bundan sonra hakim Elşad Abdullayevin məhkəməyə göndərdiyi məktubu açıqladı. Məlum oldu ki, Elşad Abdullayev bu iş üzrə zərərçəkmiş qismində tanınmasını və ona dəymiş 1 milyon dollar ziyanın ödənilməsini istəyir.
Prokuror Eldar Həmzəyev vəsatətlərə münasibət bildirərkən Elşad Abdullayevin elə bu iş üzrə rüşvət verməyə cəhddə ittiham olunduğunu və onun barəsində CM-nin 29.312-ci maddəsilə cinayət işinin ayrıldığını, hazırda Bakı şəhər prokurorluğunda istintaqın davam etdiyini bildirərək, onun zərərçəkmiş qismində tanınmasına qarşı çıxdı. Qeyd etdi ki, o pul qanunsuz nəticəyə nail olmaq üçün verildiyindən, Elşad Abdullayev mülki iddiaçı kimi də tanına bilməz.
Prokuror vəkilin də vəsatətlərinə qarşı çıxdı. Bildirdi ki, məsələn, Elşad Abdullayevin çəkiliş apardığı qurğuların ölkəyə gətirilməsi, quraşdırılması, bunun üçün lisenziya alınması kimi məsələlər araşdırılıb və orada heç bir qanunsuzluq yoxdur.
“10 aydır 8 yaşlı uşağım qapılarda qalıb”
Dövlət ittihamçısı həmçinin işin məhkəmə baxışına verilməsinin tərəfdarı oldu. Bu məsələyə Gülər Əhmədova və vəkili də etiraz etmədi. Amma keçmiş deputat prokurorun vəsatətlərlə bağlı çıxışı zamanı səsləndirdiyi fikirlərə etiraz etdi: “Deyirsiz ki, məhkəmədən yayına bilər, ona görə həbs qərarı dəyişdirilməsin. Əlimdə pasportum da yoxdur, hara qaça bilərəm, niyə qaçmalıyam? Ən əsas ona görə həbsdən çıxmaq istəyirəm ki, evdə 8 yaşlı uşağım anasız qalıb. Sizin də ailəniz, övladlarınız var, 8 yaşlı uşaq üçün anasız qalmaq bilirsinizmi nədir? Məgər mən adam öldürmüşəm, terror eləmişəm, dövlət büdcəsini yemişəm? Həbs qərarında yazılmışdı ki, azadlıqda qalmağım cəmiyyətdə mənfi emosiya yarada bilər. Bu nə absurddur? Dəfələrlə prezidentə müraciətlərdən sonra o ifadəni çıxartdılar. Nə intihar etmək, nə də ölkədən getmək fikrim yoxdur. Mübarizəni sonadək aparıb sübut edəcəyəm ki, məni şərləyiblər. 10 aydır 8 yaşlı uşağım 4 min tələbə-valideynin qanını içən adama görə qapılarda qalıb, mən türmədə çürüyürəm. Kimsə mənim imkanlarımın Sevincdən, Elşaddan az olduğunu düşünürsə, yanılır. Mən də istəsəydim, ABŞ-dan, Fransadan sığınacaq ala bilədim. Elşad Abdullayev Avropa Şurasının qarşısında şəkil çəkdirir, mən isə o binanın hər qarışını gəzmişəm.
“İşgəncənin buynuzu olur?”
Prokuror deyir ki, ifadə verərkən təzyiq olmayıb. Xeyr, mənə həm fiziki, həm də psixoloji təzyiq olub. Onkoloji xəstə olan yoldaşımı bir otağa salıb saxlayıblar, məni də bir otağa, 36 saat ac-susuz qalan adam necə davrana bilərdi? Nümayəndəmin qolundan tutub atdılar bayıra. Təzyiqin, işgəncənin buynuzu olur? Neftçilər xəstəxanasına getdim, müalicə eləməkdən imtina elədilər ki, jurnalistlər tökülüb gələcək. Ona görə müalicəyə Gürcüstan parlamentinin üzvü olan koordioloqun yanına gedirdim. Qazaxda bir qadının çamadanından alt paltarlarını açıb-töküb kişiləri çağırmaq nə deməkdir? Adını da qoydular ki, guya, nə isə disk axtarırlar. Nəyisə danışanda Allahı görün başınızın üstündə.
Bu arada, Elşad Abdullayevə də təşəkkür edirəm ki, mənim üçün endirim eləyib. Əvvəl 2 milyon aldığımı deyirdi, indi 1 milyona düşüb. Görünür, Fransız şərabından içib, kefinin yaxşı vaxtına düşüb endirim eləyib. Sağ olsun.
Məhkəməyə məktubunda qardaşının oğurlanmasından yazır. Bu məsələnin mənə aidiyyəti yoxdur. Amma fikrimi demək istəyirəm. Adam oğruları o qədər ağılsızdılar ki, KQB-nin mayorunu oğurlasınlar? Elşaddan pul almaq istəsəydilər, elə onun öz uşaqlarından birini oğurlayardılar da… Bu məsələ o qədər gülüncdür ki, “bişmiş toyuğun gülməyi gəlir”. Zaman gələcək, qardaşıyla bağlı məsələ də açılacaq. Oğurluqdan söhbət gedə bilməz.
O ki qaldı vəsatətlərə nə qərar versəniz, Allah göydən baxır”.
Məhkəmə isə vəsatətlərin heç birini təmin eləmədi. Iş üzrə məhkəmə baxışı oktyabrın 28-nə təyin olundu.
Aytən Məmmədova