«Rəsmilər açıq, səmimi şəkildə çıxış edib kim olduqlarını ortaya qoyurlar»
Leyla Yunus: «Nə qədər çox belə çıxışlar etsələr, o qədər yaxşıdır»
Prezident seçkilərindən sonra beynəlxalq aləmin sərt təpkisi ilə üzləşən hakimiyyət ənənəsinə uyğun olaraq nüfuzlu təşkilatların və Qərb dövlətlərinin üzərinə hücuma keçmək taktikasını seçib. Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi mətbuata açıqlamasında da təhqiramiz formada ABŞ, Avropa Birliyi və ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunu hədəfə alıb.
ABŞ-ı “qırmızı xətti” keçməkdə günahlandıran PA rəsmisi Avropa qurumlarını qərəzli olmaqda ittiham edib. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunu aşağılamaq məqsədi ilə bundan sonra onu sadəcə büro adlandıracağını deyən N.Məmmədov Azərbaycanda keçiriləcək növbəti seçkilərə onların dəvət edilməyəcəyini bildirib. O, həmçinin Qərbin idarəolunmaz xaos yaratmaqda maraqlı olduğunu bildirib.
PA rəsmisinin bu isterik açıqlaması əslində hakimiyyətin beynəlxalq aləmlə münasibətlərdə “körpüləri yandırmaq” cəhdi kimi qiymətləndirilə bilər. Rəsmi Bakının bu münasibəti əslində hardasa başadüşüləndir. Çıxılmaz duruma düşən hakimiyyət hücuma keçməkdən başqa yol görmür. Bu metod iqtidarın köməyinə çatacaqmı?
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus rəsmilərin son açıqlamalarına ironiya ilə yanaşaraq bu çıxışları çox bəyəndiyini deyir: “Novruz Məmmədovdan əvvəl Elnur Aslanov, Ramiz Mehdiyev, Səfər Əbiyev çıxış elədi. Sözün düzü, bu çıxışlar mənim çox xoşuma gəlir. Nə qədər çox belə çıxışlar etsələr, o qədər yaxşıdır. Çünki biz bu rejimin mahiyyətini, avtoritar xislətini, qeyri-sivil olduğunu bilirik. Indi beynəlxalq aləm də bunu bir daha görəcək. Rəsmilər açıq, səmimi şəkildə çıxış edib kim olduqlarını ortaya qoyurlar. Indi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə heç kim mənə deməyəcək ki, Azərbaycanda yaxşılığa doğru hansısa dəyişikliklər var, biz bu dəyişikliklərin olacağına inanırıq. Çox şadam ki, bu söhbətlər artıq qurtaracaq”.
L.Yunus rəsmi Bakının eyni vaxtda həm Qərb, həm də Rusiyaya qarşı ittihamlar irəli sürməsini də əslinlə müsbət hal kimi dəyərləndirdi. Çünki bu hakimiyyətin vəziyyətini bir qədər də çətinləşdirdi: “Həm Qərbə, həm də Rusiyaya qarşı belə çıxış etməklərini çox bəyənirəm. Hətta istərdim Türkiyəyə, Islam ölkələrinə qarşı da çıxış etsinlər. Hamı ilə düşmən olub tək qalsınlar. Əslində Novruz Məmmədov və digərləri öz çıxışlarında çox səmimidirlər. Özlərinin kim olduqlarını ortaya qoyurlar”.
Fizzə