Cəmil Həsənli seçki kampaniyasının yekunları ilə bağlı mətbuat konfransı keçirdi VİDEO
“Xalqın iradəsini zorlayan hakimiyyət qala bilməz. Biz xalqın seçki haqqını özünə qaytaracağıq”
Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi professor Cəmil Həsənli dünən Müsavat Partiyasının qərargahında seçki təşviqatının yekunları ilə bağlı mətbuat konfransı keçirib. Əvvəlcə Milli Şuranın Mətbuat Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Cəmil Həsənlinin Seçki Qərargahının seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabatını səsləndirib. Onun sözlərinə görə, Seçki Qərargahı prezident seçkisinin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçilirib.
Oqtay Gülalıyev bildirib ki, geridə qalan seçki mərhələsi seçicilərin məlumat mənbələrinə çıxış imkanlarının məhdudlaşdırılması, rejimin siyasi opponentlərinə güc vasitəsilə təzyiqi, Cəmil Həsənliyə qarşı böhtan və təhqir kampaniyasından istifadə edilməsi və cəmiyyətdə siyasi qarşıdurmanın artırılması şəraitində keçib.
Azərbaycanın Şimali Koreyadan heç bir fərqi yoxdur
Daha sonra çıxış edən Cəmil Həsənli bildirib ki, seçki kampaniyası Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün demokratik mühitin olmadığını üzə çıxardı. Cəmil Həsənlinin fikrincə, hakimiyyətin nəinki demokratik seçki keçirmək, ümumiyyətlə seçki keçirmək niyyəti yoxdur: “Ötən müddət Ilham Əliyev rejiminin seçki görüntüsü yaratmaq cəhdini bütün çılpaqlığı ortaya qoydu. Bunun birinci təsdiqi odur ki, prezident seçkisi kimi vacib bir kampaniyanın keçirilmə müddəti iki dəfə qısaldılıb. Məlum olduğu kimi 2008-ci il də daxil olmaqla seçki kampaniyasının müddəti 4 ay idi. Bunun 60 günü təşviqat kampaniyasına ayrılmışdı. Bu gün seçki kampaniyası 2 aya endirilib. Təşviqat kampaniyası isə vur-tut 21 gündür. Beləliklə seçkinin vacib bir hissəsi olan təşviqat kampaniyasının limiti 3 dəfə aşağı salınıb. Əslində bu demokratiya limitinin aşağı salınmasıdır”.
Cəmil Həsənli deyib ki, təşviqat kampaniyası dövründə bölgələrdə keçirdiyi görüşlər zamanı Ilham Əliyevin yeritdiyi repressiya siyasəti və polis idarəçiliyi özünü qabarıq şəkildə biruzə verib: “Ilham Əliyevin yeritdyii repressiya siyasəti və polis idarəçiliyi o həddə çatıb ki, yol boyu kafe və restoranlar müxalifətçilərə xidmət göstərməyə cəsarət etmirlər. Bir nəfər belə cəsarətdə bulunmuşdu, süfərəyə çay gətirmişdi. Amma hardansa gələn komanda əsasında bir də gördük ki, bütün qapılar bağlandı, aşpaz qaçırıldı. Çay pulunu verməyə restoranda adam tapa bilmədik. Azərbaycanda real mənzərə belədir.
Azərbaycandakı bu günki siyasi idarəçiliyin Şimali Koreyadakı idarəçilikdən heç bir fərqi yoxdur. Ölkədə də tək hakimiyyətlilik, tək partiyalılıq təbliğ edilir. Digər siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır. Bu adamlar hakimiyyəti qanunsuz yolla ələ keçirdikləri kimi müxalifəti də özləri təyin etmək istəyirlər. Hakimiyyətin imkanları böyükdür. O çox şey edə bilər. Amma hakimiyyətin bir imkanı yoxdur: Özünə müxalifət təyin etmək. Kiçik istisnalarla bu gün müxalifət adı ilə parlamentdə oturdulan, debatlara çıxardılan o namizədlərin hamısı hakimiyyət nümayəndələridir. Onlar Ilham Əliyevin iddia etdiyi 1 milyon 100 min iş yerindən bir neçəsidir. Bu adamlar namizəd kimi yox, Ilham Əliyevin vəkili statusunda çıxış edirlər”.
Seçicilərlə keçirdiyi görüşlərdən danışan Cəmil Həsənlinin sözlərinə görə, istisnasız olaraq bütün rayonlarda YAP-ın tapşırığı əsasında təxribatla üzləşiblər: “Desktruktiv, pozucu adamları bizim görüşlərə göndəriblər. Amma buna baxmayaraq bütün rayonlarda möhtəşəm görüşlər keçirmişik”.
İlham Əliyevin namizədliyi qanunsuzdur
Cəmil Həsənli Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsinə məsələsinə də toxunub. Milli Şuranın vahid namizədi ölkə başçısının bu addımını qanuna ziddi adlandırıb: “Azərbaycanda 1995-ci ildə qəbul olunmuş konstitusiyaya görə bir nəfər 2 dəfə prezident seçilə bilərdi. Ilham Əliyev 2003 və 2008-ci illərdə bu hüququndan istifadə edib. Ikinci dəfə prezident olandan sonra saxta referendum yolu ilə həmin maddəni dəyişdirib. Hətta bu halda da Ilham Əliyev 3-cü dəfə namizədliyini irəli sürə bilməz. Çünki o köhnə konstitusiya ilə hüququndan istifadə edib. Bu dəyişiklik isə bu il seçilən prezidentə şamil olunmalıdır. Bu dəyişikliyin Ilham Əliyevə aidiyyatı yoxdur.
Bundan başqa Seçki Məcəlləsinə görə qeydiyyata alındıqdan 24 saat sonra namizədin gəlirləri, mülkiyyəti və onların mənbəyi barədə bəyannaməsi açıqlanmalıdır. Dəfələrlə Mərkəzi Seçki Komissiyasına müraciət etməyimizə baxmayaraq Ilham Əliyevin bəyannaməsini açıqlamaqdan imtina edir. Bu qanuna ziddir. Və təkcə bu fakt elə bu dəqiqələrdə seçkinin dayandırılması və Ilham Əliyevin namizədliyinin ləğv edilməsi üçün yetərlidir. Bizdə məlumat var ki, Ilham Əliyevin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi bəyannamə gerçəkliyi əks etdirmir. Əliyev ailəsinə aid olan mülkiyyət həmin bəyannaməyə daxil edilməyib. Prezident olmaq istəyən şəxsin həyatı şəffaf olmalıdır. Bu şəffaflığı Mərkəzi Seçki Komissiyası təmin etməlidir. Amma bu baş vermir. Və bu Ilham Əliyevin, onun ailə üzvlərinin mənimsədiyi vəsaitilərin gizlədilməsinə xidmət edir”.
Cəmil Həsənli daha sonra qeyd edib ki, seçkiyə start verildiyi gündən indiyə qədər televiziyalarda Ilham Əliyevin təbliğatı gedib: “Hər gün 3-5 saat Ilham Əliyev televiziyalarda təbliğ olunub. Belə arqument gətirirlər ki, o fəaliyyətdə olan prezidentdir, buna görə onun görüşləri barədə məlumat verilməlidir. Prezident kimi Ilham Əliyevə 20-30 saniyə vaxt ayırmaq olar. Amma hər gün 3-5 saat onun hansısa obyektin açılış mərasimində iştirakından reportajlar vermək təbliğatdır və bu qanuna ziddir. Çünki o namizəddir və bütün namizədlərə şamil olunan qaydalar ona da şamil olunmalıdır. Bu azmış kimi seçki ərəfsində əmək haqqları və pensiyaları artırıb. Biz əmək haqlarının və pensiyaların artırılmasının əleyhinə deyilik. Bu artım 8 ay əvvəl, yəni yanvar ayında olmalı idi. Amma 8 ay ərzində artırılmalı olan 10 faizi mənimsəyib, seçki ərəfəsində bu barədə sərəncam vermək Ilham Əliyevin dövlətin resurslarından öz təbliğatı üçün istifadə cəhdidir”.
Ölüm təhlükəsi də məni debatdan çıxara bilməzdi
Milli Şuranın vahid namizədi debatlara da toxunub. Cəmil Həsənli bildirib ki, təkcə o yox, Milli Şura, bütövlükdə Azərbaycan xalqı və ölkəmizlə əməkdaşlıq edən bir sıra dövlətlər təhqir olunub: “Bu debatlarda hər cür tərbiyəsizlik və hətta fiziki hücumla üzləşdik. Bunlar elə adamları namizəd etdilər ki, cəmiyyətdə ikrah hissi yarandı. Deməli, hər cür tərbiyəsiz, hər cür yaltaq, ləyaqətsiz adamlar prezidentliyə namizəd ola bilərmiş. Mən əminəm ki, xalq heç vaxt elə adamlara 40 min imza verməzdi.
Ikinci debatda bizə hücum cəhdi bilavasitə hakimiyyətin yuxarı dairələri tərəfindən təşkil olunmuşdu. Ictimai Televiziya da burada təşkilatçı kimi çıxış edirdi. Bunu onunla sübut etdik ki, birinci debatda bizə plastik stəkanlarda su verildiyi halda, ikinci debatda masanın üstündə butulkalar peyda oldu. Debat başlamışdan əvvəl orada soruşuldu ki, butulkaları bura niyə qoymusuz, dava salmaq üçün? Buna baxmayaraq yığışdırmadılar. Hafiz Hacıyev də o qədər həyəcanlı idi bir butulka suyun hamısını içib qurtarmışdı. Debat gedə-gedə onun qarşısına növbəti bir butulka gətirildi. Bu mənə atmaq üçün nəzərdə tutulmuşdu. Bunlar belə düşünürdülər bizi təhdid, təhqir etməklə canlarını qurtaracaqlar. Mən ora Milli Şuranın qərarı, millətin iradəsi ilə getmişdim. Missiyamı sona qədər aparmalı idim. Ölüm təhlükəsi də məni debatdan çıxara bilməzdi”.
Saxtakarlıq olsa da bu hakimiyyət gedəcək
Daha sonra Cəmil Həsənli hakimiyyətin seçki saxtakarlığına hazırlıqlarından danışıb: “YAP-ın deyəsən bir balaca tarixdən xəbəri var. Monqol ordusunda olan onbaşılar, yüzbaşılar, minbaşılar sistemini tətbiq etməyə başlayıblar. Onbaşının əl muzdu 250 manat, dəstəsinə daxil olan hər bir nəfərin əl muzdu isə 30 manatdır. Bütün evlər, bloklar, orada yaşayan ailələrin say tərkibi, səs verən ailə üzvlərinin sayı, onları seçkiyə gətirən cavabdeh şəxslərin adları daxil olmaqla siyahılar tutulub. Beləliklə monqol feodal dövlətinin onbaşı və yüzbaşı sistemi ilə xalqın azad səsvermə hüququnu əlindən alırlar. Bu faktlar Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Amma nəticə yoxdur. Çünki həmin komissiyada müxalifətin, Milli Şuranın bir nəfər də nümayəndəsi təmsil olunmur.
Əhali arasında xof yaradılır. Insanlara deyilir ki, səsvermə prosesi lentə alınacaq. Kim Ilham Əliyevə səs verməsə ona pis olacaq. Bundan başqa bizə məlumat daxil olub ki, Bakıda və digər iri şəhərlərdə dövlət və idarələrə göstəriş verilib ki, oktyabrın 9-da işdə olsunlar. Baxmayaraq ki, həmin gün qeyri-iş günü elan edilib. Müəllimlərə deyilib ki, özlərilə bir neçə dəst paltar gətirsinlər. Səs verdikdən sonra libaslarını dəyişib yenidən səs versinlər.
Bəla burasındadır ki, intellekti, yüksək idarəçilik mədəniyyəti, demokratik düşüncəyə sayğısı olmayan bu adamların seçki saxtakarlığı istiqamətində nə qədər böyük yaradıcılıq qabiliyyətləri var. Azərbaycanda müxtəlif dövrlərdə, müxtəlif hakimiyyətlərdə bir və ya bir neçə zəif adam olub. Amma bu qədər intellektsiz, milli düşüncədən uzaq adamların eyni hökumətdə eyni zamanda təmsil olunduğu vaxt olmayıb.
Beləliklə hakimiyyət seçkini saxtkalaşdırmağa hazırlaşır. Bu barədə faktlar yetərlidir ki, seçkilər dayandırılsın. Demokratik seçki mühiti yaradıldıqdan sonra yeni seçkilər keçirilsin.
Bununla belə sizi əmin edirəm ki, bu hakimiyyət gedəcək. Saxtakarlıqdan asılı olmayaraq bu hakimiyyət gedəcək. Xalqının iradəsini zorlayan hakimiyyətlərin qalmağa haqqı yoxdur. Biz bu diktaturanın qarşısında varıq, biz bu xalqın seçki haqqını özünə qaytaracağıq”.
Xalqın küçəyə çıxaraq etiraz etmək haqqı var
Sonda Cəmil Həsənli jurnalistlərin suallarını cavablandırıb.
Milli Şuranın vahid namizədi saxtakarlıq olacağı təqdirdə atılacaq addımlar barədə deyib ki, bütün tədbirlər qanun çərçivəsində görüləcək: “Biz qanundan kənar, qeyri-konstitusion addım atmaqdan uzağıq. Xalqın hər hansı siyasətə küçəyə çıxaraq etiraz etmək haqqı var, lazım gələrsə xalq bu haqqından istifadə edəcək”.
Mitinqlərdən danışarkən Cəmil Həsənli Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinin Hafiz Hacıyevin mitinqinə aparılmasını rüsvayçılıq adlandırıb: “Görün bizim cəmiyyət nə yerə gəlib çıxdı ki, elm məbədində çalış müəllimləri, dekanları Hafiz Hacıyevin mttinqinə göndərirlər. Görün mənəvi cəhətdən bu rejim nə qədər çürüyüb”.
“Nə qədər səs alacağınıza ümid edirsiniz?” sualına cavabında isə Milli Şuranın vahid namizədi deyib: “Bir sıra müstəqil mətbuat oraqnları, təşkilatlar sorğular keçirib. Məsələn, ”Zerkalo” qəzetinin sorğusuna görə 63 faiz mən, 26 faiz Ilham Əliyev səs toplayıb. AzadlıqRadiosunun sorğusuna görə isə 78 faiz məni, 16 faiz isə Ilham Əliyevi seçib.
Nəhayət, ANS televiziyası keçirdiyi sorğu zamanı özü də bilmədən real rəqəmi elan etdi. Real rəqəm elan olunandan sonra ayıldılar və mənim adıma yazılan 39 faizi, 0.39 faiz elədilər. ADAM sorğu mərkəzinin keçirdiyi sorğuya görə respondentlərin 53 faizi Milli Şuranın vahid namizədinə səs verib. Hakimiyyət də hansısa şərtlər daxilində ordan-burdan xarici təşkilatlar gətirib. Təəssüf edirəm ki, demokratik ölkələrdən gətirilən bu təşkilatlar antidemokratik hakimiyyətə dəstək verirlər. Amma onların rəyi əsas deyil və seçkinin nəticəsinə təsir edə bilməz”.
Nə Heydər Əliyev, nə də Ilham Əliyev haqqında əsərim var
Cəmil Həsənli Heydər Əliyev haqqında kitab yazması barədə ittihamlara da aydınlıq gətirib: “Mənim nə Heydər Əliyev, nə də Ilham Əliyev haqqında əsərim var. Onlar haqqında nəinki kitab, heç məqalə yazmamışam. Xalq Cümhuriyyəti haqqında kitab yazmışam. Heydər Əliyev də Cümhuriyyətin 80 illiyi ilə bağlı sərəncam verib. Mən də obyektivlik naminə kitabımda buna toxunmuşam. Yaxud Topçubaşov haqqında monoqrafiya yazmışam. Onun nəvəsinin Heydər Əliyevə məktubu var. Bu mənim xoşuma gəlsə də, gəlməsə də bir tədqiqatçı kimi bunu verməliyəm. Heydər Əliyev haqqında hansısa kitabım varsa buyurub adını desinlər.
Ümumiyyətlə, mənim mövqeyim heç vaxt dəyişməyib. Cəmiyyətə yanlış məlumat verirlər. Mən yeganə parlament üzvü olmuşam ki, hakim ailənin zülm aparatına rəhbərlik edən Cəlal Əliyevi yerində oturtmuşam. Demişəm ki, özünü normal apar, bizi başqaları ilə səhv salma. Bir də belə tərbiyəsiz, səviyyəsiz söhbətlər etsən dediyin kimi də cavabını alacaqsan. Bundan başqa deputat olanda bildirmişəm ki, Ilham Əliyev korrupsiyaya münasibətini açıqlamalıdır. Əks təqdirdə onun da korrupsiyanın içində olduğu aydınlaşacaq. Təəssüf ki, sonunda biz dediyimiz kimi oldu”.
Cəmil Həsənli hakimiyyətə gəldiyi təqdirdə peşəkar məmurların işdən çıxarılmayacağını deyib: “O məmurlar ki, peşəkardır heç bir halda onlara toxunula bilməz”.
Milli Şuranın namizədi beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı verilən suala cavabında Avropa Şurasından narazılıq edib: “Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid var idi ki, bu qurum Azrbaycanı öz dəyərlərinə uyğunlaşdıracaq. Lakin Azərbaycan Avropa Şurasını öz dəyərlərinə uyğunlaşdırdı. Qardaş ölkədən Mövlud Çavuşoğlunun Avropa Parlamentinin rəhbərliyinə gətirilməsi Azərbaycana baha başa gəldi. Avropa Şurası avtoritarizmə beynəlxalq dəstək verən təşkilata çevrildi”.
Vidadi Məmmədov