Rəşid Hacılı: «Hökumətin buxov və basqılarından azad olmayan media ilə ədalətli seçki keçirə bilməzsən»
Seçki kampaniyası başa çatmaq üzrədir. Məhdud imkanlara baxmayaraq seçki prosesinə qoşulan demokratik qüvvələr qısa müddət ərzində cəmiyyətdə siyasi aktivliyi artıra bildi. Bunu Milli Şuranın paytaxtda, əyalətlərdə keçirdiyi mitinqlər, təşkilatın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin teledebatlarına olan maraq da sübut edir. Müsahibimiz Media Hüquqları Institunun rəhbəri, Milli Şuranın üzvü Rəşid Hacılı söhbətimizə müxalifətin seçki kampaniyasına münasibət öyrənməklə başladıq.
– Qısa zamanda aparılması mümkün olan ən effektiv kampaniya oldu. Azad və ədalətli, sağlam yarış ortamının olmadığı bir durumda çox uğurlu seçki kampaniyası idi. Bu uğurlu marafonun hərəkətverici qüvvələri müxalif partiyaların, gənclər təşkilatlarının təcrübəli və fədakar üzvləriylə yanaşı müstəqil media, sosial media və ayrı-ayrı blogerlər oldular.
Amma etiraf edirəm ki, biz dəyərli ziyalı, araşdırmaçı alim, ləyaqətli və etibarlı insan kimi tanıdığım Cəmil Həsənlini hamımız yenidən kəşf etdik. Məhz onun qısa zamanda çox sərrast və cəsarətli çıxışları, debatlarda iqtidarın ştatlı namizədlərinin ləyaqətsiz hücumlarına baxmayaraq öz mesajlarını çəkinmədən, aydın çatdıra bilməsi kampaniyanın uğurunu qat-qat artırdı. Ilham Əliyevin debatlara gəlməməsinə, oradakı namizədlərin sayının çoxluğuna, debat vaxtının çox qısa olmasına baxmayaraq Cəmil Həsənli bu debatları Cəmil Həsənli-Ilham Əliyev çəkişməsinə çevirə bildi.
Milli Şuranın və Cəmil Həsənlinin uğurlarından biri də o idi ki, avtoritar rejimin bütün qanunsuz və ədalətsiz cəhdlərinə, dirənişinə, xof mühiti yaratmasına baxmayaraq yalnız etirazçı elektoratı yox, həm də bəzən tərəddüd edən orta təbəqəni də tərəfinə çəkməyə nail oldu. Hakimiyyətin seçki yarışmasına hər vəchlə radikallıq qatmaq səylərinə baxmayaraq, Cəmil Həsənli ustalıqla bundan yayınaraq siyasi hakimiyyətin onsuz da az olan legitimliyinə ciddi zərbə vurdu.
Ən başlıcası, Cəmil Həsənlinin bu kampaniyası hökumətin uzun illərdir hər vəchlə siyasətdən, seçkilərdən, ictimai məsələləri diqqətdən uzaqlaşdırmağa, usandırmağa çalışdığı çoxsaylı təbəqələrdə yenidən inam aşılaya bilməsi, onları marginallaşmaqdan qoruya bilməsi oldu. Cəmil Həsənli bununla quracağı hakimiyyətin nazir kreslolarına söykənib ictimai resursları tar-mar etməklə varlanan kiçik qrup oliqarxlara, qanunsuz pullardan pay alan klan və qruplara yox, polisi, xüsusi xidmət orqanlarını qanunsuzluğa təhrik etməklə siyasi mübarizədə opponentlərinə və xalqa qarşı dəyənəyə çevirməyə yox, cəmiyyətin bütünlükdə inkişafında maraqlı olan, hər bir islahatın və inkişafın hərəkətverici qüvvəsi olan geniş siyasi qüvvələrə arxalanacağını göstərdi.
“Müxalifət xeyli uğurlar əldə etdi”
– Budəfəki seçki kampaniyası kimə nə verdi? Ondan hakimiyyət və real müxalifət necə istifadə edə bildi?
– Siyasi legitimlik dairəsi uğrunda mübarizədə müxalifət xeyli uğurlar əldə etdi. Uzun illərdir ağır şərtlər daxilində mübarizə aparan, avtoritar rejimin total hücumlarına baxmayaraq siyasi mübarizə meydanını qoruyub saxlamağa müvəffəq olan müxalifətin yanında tamamilə yeni qüvvələr düzülməyə başladı. Özlərinə bu meydanda yer elədilər, öz varlıqlarını və aydın siyasi iddialarını ortaya qoya bildilər. Bu, siyasi inkişafın yeni keyfiyyət dönəminə daxil olması deməkdir. Bu, avtoritarizmin irəliləyişinin dayandırılması, totalitarizmə doğru sürüşmənin qarşısının kəsilməsi və avtoritar həmlənin xeyli geri otuzdurulması deməkdir.
– Hazırda seçki dövründə dünyanın Azərbaycanda diqqət göstərdiyi əsas sahələrdən biri də medianın vəziyyətidir. ABŞ-ın ATƏT-dəki səfiri, ABŞ dövlət katibinin müavini Melianın da açıqlamaları bunu sübut edir. Onlar seçkinin nə dərəcədə demokratik keçirildiyinin və beynəlxalq səviyyədə tanınmasının medianın durumu ilə bağlı olduğunu söyləyiblər. Avropa Birliyinin iki komissarı Ştefan Fülə və Ketrin Eştonun da seçki ilə bağlı açıqlamaları kifayət qədər sərt olub. Hazırda ölkədəki medianın vəziyyəti, söz və mətbuat azadlığının durumu seçkilərin demokratik mühitdə keçirildiyini deməyə əsas verirmi?
– Demokratiyadan uzaq olan və ya uzaqlaşmağa çalışan ölkələrin hamısında hakimiyyətdə olan rejimlərin boğmağa, məhv etməyə çalışdığı bir neçə mühüm institutlar və azadlıqlar var. Bunlar söz və media azadlığı, dini azadlıqlar, qanunun aliliyi və müstəqil və ədalətli məhkəmə hakimiyyəti deməkdir. Belarusda, Türkmənistanda, Özbəkistanda, Iranda, Səudiyyə Ərəbistanında, Şimali Koreyada, Rusiyada da rejimlər bu və ya başqa dərəcədə və intensivliklə buna çalışırlar.
Azərbaycanda söz və media azadlığı problemi hər zaman var. Seçki dönəmində bu daha qabarıq xarakter aldı. Gerçəkdən müstəqil, hökumətin buxov və basqılarından azad olmayan media ilə ədalətli seçki keçirə bilməzsən. Bütün televiziyaları və radioları yalnız və yalnız bir namizədin təbliğatına, onun opponentinin isə əleyhinə işlətmək ən azı siyasi şərəf anlayışı baxımından yolverilməz sayılır. Bunun qarşısında boyun əyənlər tapmaq olar, amma inananlar, etibar edənlər tapmaq mümkün deyil. Azərbaycanda demokratiyanın, söz azadlığının, azad və ədalətli seçkilərin keçirilməsində maraqlı olan beynəlxalq institutların belə kəskin bəyanatları təbiidir. Bu gün 10 jurnalist və bloger saxta ittihamlarla həbsdədir. Əvəz Zeynallı, Ilkin Rüstəmzadə, Pərviz Həşimli, Sərdar Əlibəyli, Hilal Məmmədov, Fərəməz Allahverdiyev və başqaları. Əslində bir çox siyasi şəxslər də məhz kəskin tənqidi ifadələri səbəbindən həbsə atılıblar.
Müstəqil jurnalistlər daimi təqib hədəfləridirlər. Tənqidi yazılarına görə öldürülmüş Elmar Hüseynovun və Rafiq Tağının qatilləri tapılmır ki, tapılmır. Eləcə də, Seymur Həzini oğrlayıb döyənlər, Idrak Abbasovu, Əfqan Muxtarlını döyənlər, Xədicə Ismayılovanın şəxsi həyatına müdaxilə edənlər, onu hədələyənlər “tapılmır”.
Üzeyir Cəfərova, Emin Hüseynova ağır xəsarətlər vurulmasından, Həkimeldostu Mehdiyevə işgəncə verilməsindən, Ilqar Nəsibovun döyülməsindən 5-6 keçir, bu işlərə artıq Avropa Məhkəməsində baxılır. Amma Azərbaycan hökuməti əlini-əlinin üstünə qoyub oturub. Jurnalistləri döyənlərə “gözün üstə qaşın var” deməyə həvəs göstərmir.
Bu yaxınlarda Varşavada ATƏT Demokratik Təsisatlar və Insan Haqları Bürosunun illik toplantıları zamanı həm Dunya Miyatoviçlə, həm də Tomas Melia ilə görüşlərimiz oldu. Onlar Azərbaycanda ifadə azadlığının vəziyyətindən ciddi narahatlıqlarını bildirirdilər. Rəsmi bəyanatlarında ifadə oluna biləcəyindən də daha ciddi və dərin. Tomas Melia həm də bütünlükdə insan haqları sahəsindəki ağır vəziyyəti, xüsusilə siyasi məhbuslar və prezident seçkiləri ilə bağlı gəlişmələri diqqətdə saxladığını bildirdi. Onunla ifadə azadlığı, toplaşma azadlığı, dindarların sıxışdırılması, məhkəmələrin siyasi sifarişlərdən imtina edə bilmək gücündə olmaması və s. ilə bağlı söhbətlərimiz oldu. Düşünürəm ki, Ketrin Eşton və Stefan Fülenin bəyanatlarındakı narahatlığı da qaynaqlandıran seçkiqabağı vəziyyətin çox narahatedici və bunun gözardına alınmasının mümkünsüz olmasıyla bağlıdır.
– Seçki gününə az qalmış namizədlərin reytinqləri ilə bağlı müxtəlif rəy sorğuları keçirilir. Sosial şəbəkələrdəki sorğularla yanaşı bununla obyektivliyinə şübhə olmayan təcrübəli qrumlar da məşğul olur. “ADAM” sorğu təşkilatının, “Azadlıq” radiosunun və “Zerkalo” qəzetinin keçirdiyi sorğularda Cəmil Həsənli liderliyini qoruyur. Sizcə, real seçki olarsa, saxtalaşdırma baş verməzsə, nəticələr necə ola bilər?
– Düzgün və şərəfli səsvermədə 55-60% səs yığacağına əmin olan hökumət heç vaxt seçicilərin pulla alınması, məmurların, müəllimlərin, JEK işçilərinin, “Azəriqaz”, “Azərsu” kimi dövlət şirkətlərini, polisi, xüsusi xidmət qurumlarını səfərbər etməklə, seçki komissiyalarını kontrol altına almaqla saxtalaşdırma aparmaq kimi yollara əl atmaz. Əgər bu sadaladıqlarım baş verirsə, əgər onbaşı, yüzbaşı sistemiylə adamları pulla ələ almaq mexanizmi qurulursa, səslərin saxtalaşdırılmasına hazırlıqlar görülürsə, bu ən azı ondan xəbər verir ki, hökumət özü şərəfli yarışmada qalib gələcəyinə inanmır. Cəmil Həsənli indiki hakimiyyətin fəaliyyətini bəyənməyənlərin, onun dəyişməsini istəyənlərin vahid, parlaq və layiqli namizədidir. Bugünkü hakimiyyəti çoxlarımı sevir, sizcə? Sevənlərmi çoxdur, yoxsa sevməyənlər?
“Cəmil Həsənliyə hücumlar onun gücünü artırdı”
– Hakimiyyət təmsilçiləri Milli Şuranın namizədinin səsləndirdiyi tənqidlərə dözməyərək, debatda əxlaq normalarından kənar addımlara yol verdilər. Bunu necə dəyərləndirirsiniz?
– Debatlar çox sərt üslubda getdi. Bunun birinci növbədə ölkədə fərqli siyasi qüvvələr arasında dialoq və qarşılıqlı maraqların uzlaşdırılması siyasətinin yox, bütün fərqli düşünənləri əzmək və hakimiyyətdən maksimum sui-istifadə siyasəti doğurur. Ənənəvi müxalifəti radikallıqda, dialoq aparmaq istəməməkdə təqsirləndirməyə çalışan hakimiyyət əslində özünün azacıq fərqli düşüncə və tənqidlərə dözümsüzlüyünü Ziyalılar Forumuna, Real hərəkatına, Gənclərin NIDA Vətəndaş Hərəkatına, Azad Fikir Universitetinə və başqa qurumlara münasibətində göstərdi. Cəmil Həsənli hər şeydən əvvəl tanınmış ziyalıdır. Ünsiyyətdə bütün psixoloji və əxlaqi davranış normalarını tam gözləyən bir şəxsdir. Uzun illər həm alim kimi, həm də siyasi sahədəki fəaliyyətində göstərib ki, ən fərqli fikirli adamlarla, ən fərqli mədəni və siyasi qrupa məxsus adamlarla dil tapmağa, opponentlərinə hörmətlə yanaşmağa bacarığı olan şəxslərdən biridir. O hətta fərqli siyasi fikirlərin daşıyıcısı olsa da qarşı tərəfdə olan siyasi şəxslərə, o cümlədən indiki hakimiyyətin başında duran şəxslərə münasibətdə xoş sözlərini əsirgəməyən bir şəxsdir. Bu gün hətta hakimiyyətin vəkillərin bunu ona irad tutmağa çalışırlar. Həqiqətdə isə bu onun hər kəslə, siyasi opponentlərlə sağlam, mehriban ünsiyyətə açıq şəxs olduğunun göstəricisidir. Hakimiyyət isə belə bir şəxsə qarşı hansı üsullara daha əl atmadı. Kimləri ona qarşı ləyaqətə sığmayan üsullarla çamur atmağa göndərmədi. Nəticədə, təbii olaraq bu, hakimiyyətin əleyhinə işlədi. Cəmil Həsənli hücumlardan öz gücünü artırmaq üçün məharətlə istifadə edə bildi.
– Teledebatlarda prezidentliyə namizədlərdən 7-si daha çox Ilham Əliyevin vəkili kimi çıxış etdi. Həmin namizədlərin çıxışları sizdə hansı təəssüratı yaratdı?
– Bugünkü vəziyyətdə seçki marafonuna kimi buraxıb-buraxmamaq məsələsini təəssüf ki, qanun, MSK yox, siyasi hakimiyyət həll edir. Məsələn, Ilqar Məmmədovu bu yarışmaya buraxmayan hökumət gör kimlərin namizəd etmişdi. Jurnalistlərin həmin şəxslərin mitinqlərindən reportajları bu mitinqlərə adam yığmaqda hökumətin resurslrından istifadə olunduğunu aydın göstərirdi.
Hökumət bu adamlardan sadəcə Cəmil Həsənliyə qarşı istifadə etməyə çalışmırdı. Hökumət bununla habelə insanları siyasi meydanın kirli bir yer olduğu, ləyaqət və adi insani davranış ölçülərindən aşağı səviyyədə durduğunu aşılamaq, bununla insanları siyasi fəallıqdan çəkindirmək məqsədinə xidmət edirdi. Təəssüf ki, bu şou aşağı mənəviyyat, axmaq davranış, şərəf və ləyaqət dəyərlərinin ayaq altına atılmasını aşılayırdı. Cəmil Həsənli bunun heç də siyasi ləyaqət olmadığını, məqsədli qurulduğunu nümayiş etdirməklə həm də siyasətə, siyasi fəaliyyətə inamı bərpa etməyə, qoruyub saxlamağa nail ola bildi.
– Cəmil Həsənlinin tənqidlərindən sonra prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı yeni qanun layihəsinin işlənməsi nəzərdə tutulub. Burada məqsəd nədir?
– Prezidentin şərəf və ləyaqəti ilə bağlı qaldırılan söhbətlər debatlarda səsləndirilən tənqidi faktlarla bağlıdır. Bəziləri bu təşəbbüsü irəli sürməklə yaranmış şəraitdə prezidentə yarınmaq, onun qayğısına qalan şəxs kimi özünə diqqət çəkmək istəyirlər. Əslində isə bu, “ayı xidməti”ndən başqa nəyəsə yaramayacaq. Birincisi, belə qanun var, Cinayət Məcələsinin 323-cü madəsi. Ondan daha sərtini, ağırını düşünmək olmaz. Ikincisi, prezident özü bütün dünyaya bəyan edir ki, cinayət difamasiyası qanunlarından istifadə etməyəcək. Hökumət həm də bəyan edib ki, Difamasiya haqqında qanun qəbul edəcək, onu Avropa Məhkəməsi standartlarına uyğunlaşdıracaq. Avropa Şurasının Nazirlər Kabinetinin 26 sentyabr qətnaməsi də məhz Azərbaycanın bu öhdəlikləri ilə bağlı idi və yetərincə sərt idi. Həm də nəzərə alaq ki, Azərbaycan 6 aydan sonra bu qurumda sədrliyi qəbul edəcək. Sədrliyə isə belə qanunlarla gəlmək çətin olacaq.
– Seçki ərəfəsində hakimiyyətin siyasi aktivliyi aşağı salmaq məqsədi ilə repressiv addımlarını gücləndirib. Gənclərin həbsi, həbsdə olan gənclərin təzyiqlərə məruz qalması bunu sübut edir. Bu günlərdə səhhətində ciddi problemlər olan Daşqın Məlikova Ilham Əliyevə dəstək məktubu yazdırdılar. Hakimiyyətin 37-ci ilin metodlarına müraciət etməsini necə dəyərləndirirsiniz və bu addımlar bir nəticə verə bilərmi?
– Kimliyindən asılı olmayaraq həbsdə olan adam kövrək durumda olur. Daim həbsxana rəhbərliyinin nəzarəti altında. Ağrısan, həkim onlardır. Acsan, yeməyini onlar verir. Yatağını onlar verir. Acıqlansalar, karserə salarlar. Biri sənin xətrinə dəysə, hakimliyi onlar edəcəklər. Evdən yemək gətirəndə onlar qəbul edəcəklər. Az qala havanı da onlar verir və s. Belə psixoloji pressinq altında olan şəxsdən dəstək məktubu alıb onu elan etmək düşməndən hərbi əsir götürülmüş şəxsin qorxu altında əsir olduğu ölkəyə sevgi izhar etməsindən çox da fərqlənmir. Üstəlik, bu da əxlaqi və mənəvi ölçülərə sığmır və şərəf gətirmir.
Bu gün çoxlu gənclər həbsdədir. NIDA kimi müasir düşüncəli, Azərbaycanı çoxlarından çox-çox sevən, intellektli, yüksək təhsilli, demokratik düşüncəli gəncləri birləşdirən quruma qarşı repressiyalar. Rəşadət Axundov, Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədov. Biz gələcəyimizi saxta ittihamlarla həbsə atmışıq. Bu çox ağrılıdır. Nəyin naminə? Nədən qorxuruq? Gələcəkdənmi? O onsuz da gələcək.
Xəyal