Liviya diktatoru xalqa qarşı qətliamı davam etdirir
Liviyada gərginlik davam edir. Müəmmər Qəzzafiyə bağlı əsgərlərin Tunislə həmsərhəd bir şəhəri ələ keçirməsindən sonra müxalifət təmsilçiləri Qərb ölkələrindən konkret addım atmağı tələb edib. Onlar 42 il ölkəni dəmir yumruqla idarə edən diktatora qarşı sui-qəsd törədilərək qətlə yetirilməsi təklifini irəli sürüb.
“Qəzzafini öldürün”
Benqazidə Qəzzafi əleyhdarlarının qurduğu müvəqqəti keçid hökumətinin sözçüsü Mustafa Geriyanin sözlərinə görə, müxalifət təmsilçiləri bu və digər tələblərini bazar ertəsi Parisdə ABŞ dövlət katibi Hillari Klinton və Fransa prezidenti Nikola Sarkozi ilə görüşdə də səsləndiriblər.
Liviya diktatoruna sadiq hərbçilər və Afrika ölkələrindən gətirilən muzdlu əsgərlər müxalifətin nəzarətində olan Zuvara şəhərinə havadan zərbə endirib. Nəticədə 4 nəfər müxalifətçi həlak olub. Qəzzafi tərəfdarları irəliləməyə davam edərkən müxalifətin qalası olan Benqazi şəhərində həyəcan siqnalı verilib. Liviya diktatoruna sadiq qüvvələr xüsusilə Benqazinin qarşısında önəmli strateji nöqtə olan Əcdəbiyyə şəhərini havadan bombardman edib.
Liviyanı daha dəhşətli günlər gözləyir
Müvəqqəti keçid hökumətinin təmsilçisi Əbdül Cəlil Qərbə müraciət edərək bildirib ki, Liviya hava sahəsi uçuşa yasaq bölgə elan edilməzsə, Suriyadan silah gətirdiyi iddia edilən Müəmmər Qəzzafinin gəmiləri yoxlamadan keçirilməzsə, ölkədə böyük fəlakət yaşanacaq.
Ingiltərənin xarici işlər naziri Uilyam Hoque isə Qəzzafinin ölkəyə nəzarəti ələ keçirməsinin liviyalılar üçün kabus olacağını söyləyib.
Böyük səkkizlik razılığa gəlmədi
Böyük Səkkizlik (G8) Liviyadakı vəziyyətin qarşısını almaq məqsədi ilə hərbi müdaxilənin həyata keçirilməsi istiqamətində yekun razılığa gələ bilməyib. Məsələ ilə bağlı Fransanın xarici işlər naziri Alen Jyupe “Avropa-1″ radiostansiyasına açıqlamasında bildirib.
Barak Obama: “Qəzzafi legitimliyini itirib”
Bu arada ABŞ prezidenti Barak Obama Müəmmər Qəzzafinin legitimliyini itirdiyini söyləyib. Ağ evdə görüşdüyü Danimarkanın baş naziri Lars Lökke Rasmussen ilə birgə mətbuat konfransı keçirən Obama Liviya diktatorunun iqtidardan getməsi məsələsində həmfikir olduqlarını dilə gətirib.
ABŞ prezidenti NATO, BMT və beynəlxalq ictimaiyyətlə birlikdə Liviya xalqı üçün daha yaxşı nəticə əldə etmək istiqamətində fəaliyyətləri davam etdirəcəklərini vurğulayıb.
Danimarkanın baş naziri də Müəmmər Qəzzafinin legitimliyini itirdiyini və beynəlxalq birliyin Liviya xalqını qorumaq üçün bütün alternativləri müzakirə etməsinin önəmli olduğunu bildirib.
Qəzzafinin medallar verdiyi general üsyançıların tərəfində
1969-cu ildə Müəmmər Qəzzafinin Liviyada iqtidarı ələ keçirməsində önəmli rol oynayan general Əbdül Fətah-Yunis üsyançıların tərəfinə keçərək Benqazidəki müxalifətə liderlik edir. 67 yaşlı general hələ də yaxasında Qəzzafinin verdiyi medalları daşımasına baxmayaraq hazırda Liviya müxalifətinin strategiyasını müəyyənləşdirir.
Benqazidəki “Tibesty Otel” mehmanxanasında jurnalistlərə açıqlama verən general Fətah-Yunis Liviya ərazisini əhatə edən bir xəritə üzərində qeydlər edərək Benqazi şəhərinə iki saatlıq uzaqlıqda yerləşən Əcdəbiyyədə nəzarətin təmin olunması üçün hücum planının hazırlandığını bildirib. Onun sözlərinə görə, Benqazinin gələcəyi baxımından Əcdəbiyyədə nəzarətin bərpa olunması önəmlidir.
İnformasiya şöbəsi