«Kifayət qədər islamçı Milli Şuranın namizədini dəstəkləyir»
Azərbaycan Islam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov prezident seçkilərini boykot etdiyini açıqlayıb. Bu barədə onun vəkili Anar Qasımlı məlumat yayıb. Qeyd edək ki, AIP sədrinin namizədliyi ilə bağlı müraciəti MSK qəbul etməyib. Sentyabrın 6-da isə Islam Partiyası prezidentliyə namizəd Ilyas Ismayılovun namizədliyini dəstəkləməklə bağlı qərar qəbul edib.
Eyni zamanda Islam partiyasının bir çox üzvləri Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyini bildirib və bu şəxslər Milli Şurada təmsil olunur. Milli Şuranın sentyabrın 28-də keçirdiyi mitinqdə də islamçılar fəal iştirak edirdi, köynəklərinə Tale Bağırzadənin, Hacı Abgülün və digər həbsdə olan dindarların şəkillərini yapışdırıb, şüar söyləyirdirlər. Aydın görünür ki, islamçıların əksəriyyəti Milli Şuranın namizədini dəstəkləyir.
Islam partiyasının Ali Məclisinin üzvü Natiq Kərimov bildirdi ki, partiyanın Ali Məclisinin iclasında “Vətən” blokuna dəstək verməyi qərara almışdılar və bu qərara partiyanın 4 komitəsi bitərəf qalmışdı, 1 komitə isə etiraz etmişdi: “Islamçıların bir çoxu əvvəl gündən Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və bu şəxsin yeganə alternativ olduğuna inanıb. Biz Ilyas Ismayılovu da, Mayis Gülaliyevi də tanıyırıq, hörmətimiz var. Ancaq ölkədəki korrupsioner rejimə qalib gəlmək üçün yeganə ümid Milli Şura və onun namizədidir. Partiyada bunun əksinə qərar verilsə də, partiya sədrinin razılığı haqda bizdə konkret məlumat yox idi. Bu günlərdə isə məlum oldu ki, Mövsüm Səmədov seçkiləri boykot edir və hər kəsə uğurlar arzulayır. Istənilən halda bizim namizədimiz Cəmil Həsənlidir və kifayət qədər islamçı Milli Şuranın namizədini dəstəkləyir”.
İlham Hüseyn