Ölkə başçısının Barak Obama ilə görüşmək istəyi baş tutmayıb
Prezident Adminstrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri, PA rəhbərinin müavini Novruz Məmmədovun Türkiyə səfərilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, ötən sayımızda Novruz Məmmədovun seçkidə Türkiyə hökumətindən dəstək almaq üçün qardaş ölkəyə üz tutduğunu yazmışdıq.
Lakin iqtidardaxili mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Novruz Məmmədovun səfəri yalnız seçki ilə bağlı olmayıb. Şöbə müdiri həm də ABŞ-la Azərbaycan hakimiyyəti arasında vasitəçi olmağı xahiş edib. Məsələ burasındadır ki, Ilham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) sessiyasında iştirak etmək niyyətində olub( sessiya sentyabrın 24-dən oktyabrın 2-dək davam edəcək). Lakin o yüksək səviyyədə qarşılanmasını istəyib. Hətta bəzi məlumatlara görə, ölkə başçısı ABŞ prezidenti Barak Obama ilə görüşməyi arzulayırmış. Bu məqsədlə ABŞ-da danışıqlar aparılıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibinin müavini Uilyam Börnslə konkret olaraq bu məsələ barədə fikir mübadiləsi aparılıb. Lakin Məmmədyarov Börnsdən müsbət cavab almayıb.
Həmin ərəfədə Novruz Məmmədovun Türkiyəyə səfər etməsi bu məsələdə Ankaradan yardım istəmək olub. Lakin məlumatlara görə, Məmmədovun cəhdləri də uğursuzluqla nəticələnib.