Neft pullarını dağıtmaq üçün hər oliqarxa bir layihə ayrılıb
Azərbaycan hakimiyyəti neft pullarını talamaq üçün iri infrastruktur layihələr hazırlayıb. Iqtidar bu layihələri seçkidən sonra həyata keçirmək niyyətindədir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, həmin layihələrdə iqtidarda təmsil olunanlar əsas oliqarx-məmurlar nəzərə alınıb: “Əslində bu layihələr Ilham Əliyevin məmurlara hədiyyəsidir. Hər layihənin dəyəri 100 milyonlarla manat civarındadır”.
Məlumatlarda deyilir ki, yeni layihələrdə “Azərsu”, Mərkəzi Bank, Vergilər Nazirliyi, “Azal”, “Azərenerji” və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçün yeni inzibati binalar və Bakı Portunun tikilməsi nəzərdə tutulur. Bu “korrupsiya layihələri”nin bir hissəsidir. Bundan əlavə Boks Federasiyası üçün inzibati bina, Ilham Əliyev üçün yeni iqamətgah və s. bu kimi iri layihələr də var.
Məlumatlara görə, hakimiyyət qarşıdan gələn prezident seçkisini uğurla başa vursa, dərhal həmin layihələrin icrasına başlanılacaq.
Iddia olunur ki, bu layihələrin icrası offşor şirkətlər tərəfindən həyata keçirələcək. Bu fakt da layihələrin məhz korrupsiya məqsədilə düşünüldüyünü göstərir.
Məlumat üçün deyək ki, “Azərsu”, Mərkəzi Bank, “Azal”, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binaları heç də yararsız vəziyyətdə deyil.
Bu məlumatlar redaksiyamıza daxil olandan sonra apardığımız araşdırmalar nəticəsində həmin layihələrlə bağlı “urbika.com” saytında fotolar yerləşdirilib. Qeyd edək ki, bu saytda tikinti və memarlığa dair xəbərlər yayımlanır.
Xatırladaq ki, iri korrupsiya əməliyyatları həyata keçirmək üçün hakimiyyətin infrastruktur layihələrə önəm verməsi təzə xəbər deyil. Körpü-tunel tikintisi, yolların dəfələrlə yenidən təmiri, dövlət qurumları üçün dəbdəli inzibati binaların inşası Azərbaycana neft pullarının axmasından sonra dəb halını alıb. Nəticədə Azərbaycan hakimiyyətində təmsil olunan məmurlar korrupsiya yolu ilə əldə etdikləri vəsaitlər hesabına oliqarxa çevrilib.
Görünür, hakimiyyət seçkidən sonra bu siyasəti davam etdirmək niyyətindədir. Iqtisadçı ekspertlər hesab edir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün neft gəlirlərini qeyri-neft sektoruna yönəltmək lazımdır. Bu pulların infrastruk layihələrə sərf edilərək bu yolla mənimsənilməsi Azərbaycan iqtisadiyyatının məhvinə yönəlik addımdır.