Hakimiyyətə qarşı əsas ittihamların Qarabağ problemi və bir də korrupsiya ilə bağlı olacağı irəlicədən gözlənilirdi. Elə belə oldu. Namizədlərin seçki debatlarının əsas mövzularından biri korrupsiya oldu. Milli Şuranın namizədi də daxil olmaqla azsaylı müstəqil namizədlər üçüncü teledebatda bu mövzunun üzərində dayandılar.
Mövzu bizə də maraqlı göründü, çünki korrupsiya elə fenomendir ki, onun mövcudluğunu prinsipcə, hətta hakimiyyət də etiraf edir. Amma aralıqda bir fərq var, özü də çox ciddi.
Müxalifət bir qayda olaraq ən ali hakimiyyət strukturlarının özlərinin korrupsiyaya qurşandığını, korrupsiyanın mövcud siyasi sistemin mahiyyətindən törədiyini iddia edir, hakimiyyət isə korrupsiya faktının özü ilə razılaşsa da, onun miqyasları haqqında müxalifətin mülahizələrini bölüşmür və hətta ölkədə korrupsiyaya qarşı çox ciddi bir “mübarizə”nin aparıldığını iddia edir.
Bəs reallıq nə deyir? Siyasi sistemlərin tədqiqatçıları avtoritar idarəçiliyin əsas xüsusiyyətlərindən biri kimi həmişə korrupsiyanı xüsusi qeyd edirlər. Bu tədqiqatlar çoxillik müşahidələrə, müxtəlif dövlətlərin təcrübəsinə əsaslanır. Ona görə də onların nəticələrini inkar etmək çətindir.
Hakimiyyət həmişə fakt istəyir. Elə maraqlısı da budur ki, bu faktlar müxtəlif vaxtlarda səsləndirilib və indi də onlar təqdim olunur. Ölkədə həyata keçirilən irili-xırdalı layihələrin şişirdilmiş qiymətləri haqqında faktlar deyilir, hakimiyyət nümayəndələrinin, özü də ən yüksək dairələrə məxsus olan şəxslərin qeyri-qanuni mülkiyyətləri haqqında açıqlamalar verilir, amma bunların heç biri qəbul edilmir, inkar edilir.
Hələ bu, azmış kimi, siyasi çəkişmələrin nəticəsi kimi “vurulan” adamları hakimiyyət korrupsiyaya qarşı mübarizə faktları kimi qələmə verir. Amma insanlar heç də vakuumda yaşamır, ölkədəki vəziyyət onlara yaxşı bəllidir, çünki sərbəst şəkildə müqayisə apara bilirlər və bu müqayisələr bir qayda olaraq hakimiyyətin xeyrinə olmur.
Inkar etməyin də qaydası var. Teledebatlarda çıxış edən namizədlər haqlı olaraq faktların faktla inkarını tələb edirlər. Amma onlara filoloji cavab verilir, özləri isə böhtançı adlandırılırlar. Üstəlik, çalışırlar ki, belə ittihamlar, ümumiyətlə, efirdə səslənməsin.
Siyasi sistemin nəticəsi
Bir qədər əvvəldə korrupsiyanın ən əsas mənbəyinin – avtoritar idarəçiliyin adını qeyd etdik. Bütün digər amillər əslində bunun törəmə faktorlarıdır. Bu amil ölkənin siyasi, hüquqi və iqtisadi mühitini müəyyən edir.
Avtoritarizm bəzi insanları məsuliyyətdən kənarda qoyur, onlara siyasi immunitet, toxunulmazlıq verir. Amma misal var, deyirlər ki, balıq adətən öz başından korlanar.
Nə qədər ki, korrupsiyanın fundamental dayaqlarına toxunulmayacaq, ona aşığı səviyyəli məmurların təqsiri kimi baxılacaq bu fenomenin qarşısını almaq mümkün olmayacaq.
Gürcüstan prezidenti M.Saakaşvili çox az müddətdə korrupsiyanı xeyli cilovlaya bilmişdi. Ondan bunun yolunu soruşanda demişdi ki, mən özüm rüşvət almıram.
Ona görə də hər şey hakimiyyətin yuxarı eşelonundan başlamalıdır. Əgər “yuxarı”larda təmizlik, qanunçuluq yoxdursa, bunu “aşağılar”dan tələb etmək mənasızdır. Ona görə də müstəqil namizədlərin bu məsələ ilə bağlı tənqidləri birbaşa “yuxarı”lara ünvanlaması nəinki məntiqli, hətta ədalətlidir.
Kiçik məmurların ən çox sevdiyi fikir bilirsiniz nədir? Onlar deyir ki, biz “yuxarılar”a ötürürük, bizə yalnız nökərçilik qalır. Hər bir azərbaycanlı belə “etiraf”ı yəqin ki, nə vaxtsa, haradasa kiçik bir məmurla təmasda olarkən eşidib.
Məhz bu “ötürə-ötür” əməliyyatları ölkədə korrupsiya pilləkənini yaradır, onu bir zəncirə çevirir. Bu zənciri qırmaq böyük bir mexanizmin işini dayandırmaq kimi bir şeydir. Avtoritar idarəçilikdə isə heç kim bunu istəmir, sadəcə, bəzən bu zəncirin bir həlqəsini dəyişirlər və adına da deyirlər korrupsiya ilə mübarizə.
Qanundan yan keçməyə necə təhrik edirlər?
Amma korrupsiya təkcə məmurların iradəsi və istəyilə yaranmır. Hansısa mərhələdə cəmiyyətin böyük hissəsi bu prosesə cəlb edilir.
Bəs bu, necə baş verir? Azərbaycanda qanunlara əməl etməmək, qanunların üstündən aşmaq onlara əməl etməkdən daha sərfəlidir. Bəlkə də bunu qəsdən belə yaradılar ki, insanlar qanundan yan keçməyə, onu aşmağa məcbur olsunlar.
Iş adamları ilə söhbət edəndə bəziləri etiraf edir ki, qanun əsasında fəaliyyət göstərmək onlara sərf etmir, qanun onların fəaliyyətini bir neçə dəfə çətinləşdirir, bəzən qeyri-mümkün edir. Ona görə də onlar məcburdur ki, fəaliyyətlərini qanunları aşmaqla həyata keçirsinlər.
Beləcə, qanundankənar münasibətlər yaranır, korrupsiya formalaşır. Ən əsası isə bu yolla korrupsiya tibbdə deyildiyi kimi, “metastaz” yaradır, bir də baxıb görürsən ki, o, bir tor kimi bütün cəmiyyəti əhatə edib və hamı onunla bağlı susmağa üstünlük verir, çünki hamı bu prosesin içində olur.
Nəticədə elə bir şəbəkə yaranır ki, o, bəlkə də Siciliya mafiyasından da qorxulu bir bəlaya çevrilir. Bizim bütün dediklərimiz isə yalnız kölgələrlə döyüşmək olur, bəli, kölgələrlə döyüş…