Not 1 – Əli Əhmədov xalqın vahid namizədi Cəmil Həsənlinin sərt tənqidlərlə, ifşaedici faktlarla dolu çıxışlarına münasibət bildirərkən deyib: “O, bununla siyasi xal qazanmaq istəyir”.
Bu, ciddi etirafdır. Etirafdır ki, xalqa tərifbazlar, məddahlar lazım deyil, xalq belələrini dinləmir, vecinə almır, onlardan iyrənir. Etirafdır ki, xalq rejimin ünvanına yalnız sərt tənqidlər arzulayır, ifşaedici faktlar istəyir. Əksi olsaydı, belə çıxışlar onların müəllifinə “siyasi xal” qazandıra bilərdimi?!
Not 2 – Siz allah, ironiyaya baxın: Qəmbərə “Qəmbərov”, Həsənliyə “Həsənov”, Kərimliyə “Kərimov” deyənin özünün soyadı Hacıyev, ona bunu dedirdənlərinki isə Əliyev, Əhmədov, Mehdiyev, Heydərovdur.
Ilk baxışda xırda detaldır, amma bəzən böyük həqiqətlər elə bu cür xırda detallarda gizlənir.
Not 3 – Bilmirəm, fikir vermisiniz, ya yox, əvvəlki seçki kampaniyalarından fərqli olaraq, rejim namizədinin təbliğatında “Heydər Əliyev siyasi kursunun davam etdirilməsi zərurəti” barədə taftalogiyaları çox az eşidirik, hətta yeni yollar, təzə körpülər bu ənənəvi “arqument”dən daha çox səslənir.
Maraqlıdır, görəsən, niyə? Olmaya özləri də fərqindədirlər ki, xalqda həmin “siyasi kurs”la bağlı heç bir xoş fikir, müsbət gözlənti qalmayıb, bu xeyrə yox, ziyana işləyir?!
Bu, bir siyasət olub!
Srağagün “facebook”da tarixçi Altay Göyüşovun paylaşdığı bir statusu gördüm. Çox ciddi, ağrılı və aktual mövzuya toxunduğundan dərhal öz “facebook” səhifəmdə paylaşdım, indi isə elə buradan – qəzet səhifəsindən də paylaşmaq, tirajlamaq istəyirəm.
Altay bəy yazır: “Biz bayramları ”qeyd edirik”. Bu rus dilindəki “otmeçat” sözünün hərfi tərcüməsidir, sövet dövründə daxil edilib dilimizə.
Halbuki, XX əsrin əvvəllərinin Azərbaycan qəzetlərini oxuyan istənilən adam sizə deyər ki, biz də o dövrlərdə cəmi türklər kimi “qutlayırdıq”, güneydəkilər isə elə indi də “qutlayır”. Indi qutlamaq sözü bizə qəribə gəlir. Əslində isə qəribə olan “qeyd etmək”dir. Çünki ibarəli desək, rus dilindən ərəb dilinə tərcümədir”.
Altay bəy düşünür ki, bu, məqsədli olub və bir siyasət idi.
Mən də belə düşünürəm.
Və sizi də bu haqda düşünməyə dəvət edirəm.
“Anar” adı
Dəyərli oxucular!
Növbəti dəfə yazımda xalqsız xalq yazıçımızın adını görüncə diksinməyin. Bu dəfə məsələ başqadır.
Oxuyunca siz də mənə haqq verəcəksiniz.
Bu günlərdə internetdə tam təsadüfdən tarixçi Firudin Cəlilovun (Ağasıoğlunun) “Azəri xalqı” kitabından bir parça çıxdı rastıma.
Ərinmədim, üşənmədim, oxudum.
“Ərinmədim, üşənmədim” deyirəm, çünki bir qayda olaraq, iri həcmli bədii və elmi mətnləri monitordan oxumağa hövsələm çatmır. Hövsələm çatsa belə, ondan nə zövq ala bilirəm, nə də bilgi.
Amma bu dəfə sanki sirli bir səs “sonadək oxu” dedi.
Oxuyunca da bir məqam diqqətimi çəkdi. Firudin bəy Islandiyada Snorri Sturlusonun 1222-1225-ci illər arasında qədim saqalardan (epik mahnılar) istifadə edərək qələmə aldığı bir əsərə istinad edib. Həmin əsərdə Sturluson, Azərbaycan türklərinin də formalaşmasında müstəsna yer tutduğu deyilən as boyu haqqında yazarkən onlardakı bəzi insan adlarından danışır: Atlı, Qamlı, Yekul, Eqil, Erp, Eyrik, Qanqleri, Buri, Qunn, Qunlauq, Eynar, Elli, Aslauq, Asdis, Anar…
Bəli, bəli, məhz Anar!
Halbuki, indiyədək belə bir mif vardı ki, bu adın ilk daşıyıcısı bizim xalqsız xalq yazıçısı Anardır, hətta bu “atası Nigar, anası Rəsul” deməkdir.
Amma gəl gör ki, bu adın minillərcə yaşı varmış. Sonradan Avropaya qədər gedib çıxan aslara məxsus ad imiş.
Indi bilmirəm, Anar müəllim buna sevinəcəkmi, yoxsa üzüləcəkmi, amma hər halda, bundan sonra onun adı haqda məlum mifə nöqtə qoymaq zamanı gəlmişdir.