Bu seçki teledebatlarından hərə özü üçün bir şey götürür. Mənim isə diqqətimi maraqlı bir detal cəlb edib. Prezidentliyə namizədlərin çoxu hakimiyyətin siyasi peykləridir.
Düşünürəm ki, bunu deməklə qeyri-adi bir yenilik açıqlamıram – hamı görür, eşidir və hamı da güman ki, bu fikirlə razılaşar. Əslində, hamıya bəlli olan fikirləri qabartmağın da mənası yoxdur. Amma nə edəsən ki, çox vaxt özümüz də gördüklərimizin fərqində olmuruq.
Deməli, hakimiyyət yönümlü namizədlər hər dəfə çıxışını bitirəndən sonra mənalı şəkildə Ilham Əliyevin səlahiyyətli nümayəndəsinə baxır. Sanki bu baxışla əmin olmaq istəyirlər ki, onlara həvalə edilən işin öhdəsindən gələ bilirlər, ya yox…
Elə bil bu baxışlarda bir sual həkk olunub: “Necə dedim?” Onlara adamın əvvəlcə acığı tutur, çünki bizim hər birimiz özümüzə yüksək qiymət versəydik, indi tamam başqa bir siyasi sistemdə yaşayırdıq, tamam başqa hakimiyyətin idarəçiliyi altında olardıq.
Ona görə də bəraət yoxdur və burada istəsək də, istəməsək də, bir fikirlə barışmalıyıq. O fikir də elə budur ki, bütün cəmiyyətlər onlara layiq olan quruluşlarda yaşayırlar.
Sözsüz ki, hər cəmiyyətdə qəhrəmanlar olur. Amma bəzən onlar o qədər az olur ki, bizim qara sifətimizi ağartmaq iqtidarında, əyilmiş başlarımızı, bükülmüş bellərimizi dikəltmək gücündə olmurlar. Bəli, hətta onlar da bunu bacarmırlar.
Amma mənim həmişə bir prinsipim olub: ya hamı haqqında yazmağa gücün və imkanın olmalıdır, ya da heç kim haqqında yazmamalısan. Ona görə də böyük ittihamlar səsləndirməyəcəm.
Düşünürəm ki, bu gün hamının əvəzində bir adam sorğu-suala çəkilməli, bir adam hesabat verməlidir. O da Ilham Əliyevdir! Amma o, debatlara qoşulmur, bəlkə də öz iqamətgahında oturub həmin debatları ləzzətlə seyr edir, özünün rəsmi və qeyri-rəsmi nümayəndələrinin çıxışlarını dinləyir.
Bəlkə də normal quruluş olsaydı, bu gün hakimiyyətə vəkillik edənlərin çoxunun siyasi seçimi başqa ola bilərdi, onlar tamam başqa şey danışardı. O səbəbdən də mən onları çox qınamıram.
O adamların birgə sərvəti, malik olduqları var-dövlət Ilham Əliyevin sərvətilə müqayisədə bəlkə də dəryada bir damladır. Amma onlar bu gün həmin o damlanın əsirinə çevriliblər.
Azacıq sərvəti olan onu qorumaq üçün dəridən-qabıqdan çıxır, olmayanlar isə bu hakimiyyətdən nəsə qopartmaq üçün tər tökürlər.
Bəlkə də bu gün onlara da əl uzatmaq lazımdır ki, bu bataqlıqdan imtina etsinlər. Bəlkə onlara da müəyyən təminatlar vermək lazımdır ki, onlar heç də düşünməsinlər ki, taleləri bu hakimiyyətlə bağlıdır.
Yox, mən zərrə qədər də bu insanların günahını kiçiltmək istəmirəm, çünki bizim hamımızın böyük ehtiyaclarımız var, bəzilərimiz bu ehtiyacların ağırlığı altında sınmır, bəzilərimiz isə əyilirik, kiçilirik.
Amma mən özüm dəfələrlə yazmışam ki, insanların heç də hamısı qəhrəman olmur. Bu, həqiqətdir. Bütün cəmiyyətlərdə belədir.
Üstəlik, cəmiyyətin özü də tamam bataqlığın içindədirsə, “Kimin yanında olmalı?” sualı əksəriyyət üçün birmənalı məzmun kəsb edir. Insanlar ən güclünü seçirlər, çünki böyük əksəriyyət “yuxarı”ların artığını “aşağı”ların sədəqəsindən üstün tutur. Ona görə də ən asanı qınamaqdır, ittiham etməkdir.
Bir də qınaqla ittiham, suçla günah tamam başqa şeylərdir. Adamların əksəriyyətinin payına qınaq və günah düşür. Bir neçə nəfər var ki, onların qisməti ittiham və suç olmalıdır.
Mən də o fikirlə razıyam ki, milli barışığa yol nə vaxsta ümumi amnistiyadan keçəcək. Bu, amnistiya bir neçə nəfərdən başqa hamıya şamil olunmalıdır.
Ona görə ki, bu siyasi sistem sosial şikəst istehsal edən sexə bənzəyir. Sosial şikəstlərin özlərini ittiham etməyin mənası yoxdur, yetər ki, bu sexin sahiblərini cinayət məsuliyyətinə cəlb edəsən, ittiham edəsən.
Bu gün onlar hakimiyyətə yarınmaq məsələsində yarışırlar. Heç fərqində də deyillər ki, adamlar buna baxır, ya da ki, baxmır.
Bu ölkənin siyasəti bir neçə adamın sayəsində şüşə qırıntıları səpələnmiş meydançanı xatırladır. Bu meydançada rəqs etmək əmr olunub. Onlar da rəqs edirlər. Qınayaqmı? Bilmirəm.
Bir az əvvəldə dedim ki, qınamaq olar, amma ittiham etmək düzgün deyil, çünki ittihamları bir neçə nəfər üçün saxlamaq lazımdır.