Bu gün Axır çərşənbədi. Doğmadan-doğma, qədimdən-qədim bayramımız. Bu bayram gecəsi əsas ritual tonqal üstdən atlanmaqdı. Atılarkən biz tərəflərdə deyirlər: “Azarım-bezarım bu üzdə qalsın”. Yəni ilin geridə qalan hissəsində.
Bizim nə azarımız-bezarımız var? Xəstə cəmiyyət, xəstə dövlət, xəstə hakimiyyətin ucbatından canımızda can qalmayıb. Şəkər, ürək, əsəb… nə qədər desən. Yüz köşəlik xəstəlik siyahısı. Ancaq bunlar nəticədi. Nəticənin aradan qaldırılması bəzən bir ağrıkəsici dərmanla da mümkün olur. Bəs səbəb!?. Gəlin, od üstdən atlananda hamımız ürəyimizdə o səbəbləri tutaq, “bu üzdə qalsın”,- deyək. Qoy bu azğın rejim odda yansın, bu ildən o ilə adlamasın. Barı od üstdən atlananda inqilabçı olaq. Həmin gün hamı ürəyindəkiləri dilinə gətirsin, oda söyləsin. Gerisini görəcəksiniz.
Təbiət də, Tanrı da demokrat düşüncəlidi. Azlığı dinləmir. Gəlin, ey canından, şirin həyatından bezmiş vətəndaşlarım, hamılıqla deyək: “Yapım-mapım bu üzdə qalsın!..”. Onsuz da formasına görə olmasa da, məzmununa görə bu hakimiyyət, onun ən körpə üzvü belə, Orta çağlara məxsusdu.
Əslində Novruz sevgi bayramıdı. Insanla təbiətin qarşılıqlı sevgisinin bayramı. Iş təkcə təbiətə qalsa, o, insana nə vermir ki? Suyunu, havasını, qidasını… Ən vəhşi təbiət belə diktaturalardan rəhmli, ədalətlidi.
Bu bayramda gənclər yalnız sevgi haqda düşünməliykən, tam olaraq nifrətə kökləniblər. Fəvvarəli meydanda sevgililəri ilə arın-arxayın qol-qola gəzib gəncliklərindən həzz almaq yerinə qollarında qoşa-qoşa polis görürük. Məgər həyatdı bu? Səbəbkar Əliyev və onun komandası barı bir kərə düşünüblərmi ki, bu gənclər, bu qocalar nə istəyir? Axı dedikləri yalanlara özləri də inanmırlar. Ay xarici qüvvələr belə gəldi, ermənilər elə getdi. Axı çökməkdə olan bütün diktatorlar öz xalqına sonda həmişə bu böhtanı atırlar, heç olmasa o diktatorların dediyini təkrarlamamaqla diktator xislətini, zehniyyətini gizlətmək olmazdımı? Yox, olmazdı, çünki, bu elə xəstəlikdi ki, onun simptomları hər bir diktatorda eyni cür zühur eləyir.
Mənimçün şəxsən bu bayramda ən gözəl hədiyyə biləsuvarlı bir gəncin 12 mart mitinqində Kamal Vəlişova söhbəti oldu. Mən gənc qardaşımın polis qardaşımla dialoqunu son zamanların şedevri hesab eləyirəm. Tam bir novella idi. Oxuduqca adama elə gəlir ki, Kamal qardaşımız məsələni çürüdəcək, gənc qardaşına iş tapacaq və ən dəhşətlisi, üz qızardası olay olacaq – gənc razılaşacaq şərtlə və sən də bu millətdən olduğuna görə ölüb yerə girəcəksən. Ama dedim ya, bu şedevrdi. Belə sarsaq sonluqla bitə bilməz. Qardaş qardaşa deyir: “Mənə ya iş verin, ya da həbs edin”. O, bu hakimiyyətdən çox şey istəmir – gündə cəmi 10 manat maaş. Kamal qardaş isə deyir: – Sən de “Ilham Əliyevə eşq olsun!”, sənə 15 manatlıq iş tapıram.
Baxın, bunların bütün mahiyyəti bundadı. Demək, hər kim gündə onca manat almaq istəyirsə, bu sehrli kəlmələri işlətməlidi: “Ilham Əliyevə eşq olsun!”. Indi görün, günə çuval-çuval qazananlar nələr deyir… adamın həyadan üzü qızarır!
– Mən Ilham Əliyevə niyə eşq deməliyəm? Bu çörəyi yalvarıramsa sənə, çörəyi yalvara-yalvara istəyirəmsə, niyə deməliyəm? Haçan mənə iş düzəldər…
– Bir dəqiqə dayan. Işə düzələndən sonra, bu dövlət sənə çörək verəcək e, o dövləti dəstəkləyəcəksən?
– Bu dövlətdə haçan azadlıq, demokratiya bərqərar olsa, həmin vaxt ürəyim…
– Görməmisən? Onu görməmisən ki? Ə, götürün bunu burdan…
Mən hər iki qardaşımızı – biləsuvarlı gənci də, Kamal polisi də bağrıma basıram – biri xalqımızın gerçəkdən böyük, biri hakimiyyətin nə qədər zavallı olduğunu göstərdiyinə görə. Bax, Böyük Xalq Günü budur! Alındı, rəis…