Hüseyn Zülfüqari razılaşdırılmış proqramı pozub; Elçin Quliyev onunla mübahisə edib
İran Islam Respublikası Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqarinin Azərbaycana sentyabrın 16-17 tarixlərində baş tutan iki günlük rəsmi səfəri zamanı görünməmiş qalmaqal baş verib. Bu barədə AzPolitika.info-ya hökumətdəki etibarlı qaynaqlardan məlumat daxil olub.
General Zülfüqari Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəsmi dəvəti ilə Bakıya səfər edib. Zülfüqari iki günlük səfər zamanı azərbaycanlı həmkarı Elçin Quliyev və digər rəsmilərlə görüşlər keçirib.
Rəsmi məlumata görə, səfərdə məqsəd iki ölkə arasında sərhədlərin təhlükəsizliyinin təmin olunması və narkotiklərlə mübarizə məsələlərinin gücləndirilməsinin müzakirəsi olub.
Lakin məlumatlara görə, yüksək rütbəli Iran generalının Bakıya rəsmi səfərinə damğasını vuran hadisə qonaqla azərbaycanlı həmkarı arasında baş verən mübahisə olub. Belə ki, general Hüseyn Zülfüqari protokola salınmasına baxmayaraq, səfərin ilk günündə Heydər Əliyevin məzarını ziyarət eləməkdən imtina edib. Qonaq bununla bağlı heç bir izahat verməyib və sadəcə olaraq Fəxri Xiyabana, ardınca isə Şəhidlər Xiyabanına getməkdən imtina edib. Baxmayaraq ki, bir daha qeyd edirik, Iran səfirliyi ilə əvvəlcədən razılaşdırılmış səfər proqramında Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarəti öz əksini tapıbmış.
Məlumatda deyilir ki, Iran generalının bu hərəkəti böyük qalmaqala səbəb olub. Elçin Quliyevin Hüseyn Zülfüqari ilə birbaşa danışıqları da nəticə verməyib. Bundan sonra Azərbaycan Sərhəd Xidmətinin rəisi səfər proqramının razılaşdırıldığı Iran səfirinə şikayət edib və proqrama əməl olunmasını tələb edib. Deyib ki, məni prezidentin qarşısında pis vəziyyətə qoyursunuz. Lakin səfir Möhsün Pak Elçin Quliyevin diqqətinə çatdırıb ki, böyük ağaların işinə qarışmaq, onlara təsir etmək səlahiyyəti yoxdur.
Belə olduqda səfər proqramına dəyişiklik edilib və Heydər Əliyevin məzarının, həmçinin Şəhidlər Xiyabanının ziyarəti ordan çıxarılıb. Buna baxmayaraq, nümayəndə heyətləri arasında gərginlik 2 günlük səfər ərzində davam edib və nəticədə Hüseyn Zülfüqarinin Azərbaycan Sərhəd Xidmətinin Akademiyasına nəzərdə tutulan ziyarəti də baş titmayıb.
Bütün bu məlumatlar Hüseyn Zülfüqarinin Bakıya səfəri ilə bağlı KIV-in məlumatlarından da təsdiqini tapır. Bu məlumatlarda qonağın Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdiyinə dair heç bir qeyd və fotofakt mövcud deyil.
Məlumatla bağlı AzPolitika.info-nun sorğusuna Azərbaycan Sərhəd Xidmətinin mətbuat xidməti qısa cavab verib.
“Iran Sərhəd Qoşunları komandanının Azərbaycana səfəri proqrama uyğun keçirilib. Bu barədə DSX-nın mətbuat üçün açıqlaması da olub”, – deyə bildirilib.
Azərbaycana gələn rəsmi qonaqların Heydər Əliyevin məzarının ziyarət etməsi 2004-cü ilin əvvəllərindən protokola daxil edilib. Azərbaycan tərəfi səfər proqramları razılaşdırılarkən bu müddəaya xüsusi diqqət yetirir və nadir hallarda güzəştə gedib.