22 sentyabrda meydana çıx, ailənə, dövlətinə, əməyinə, haqqına sahib ol
Seçkiyə bir neçə gün qalır. Əliyevlər dünyanın qara siyahılarındakı liderlikdən əl çəkmirlər. Siyasi vəziyyətin çox gərgin və qeyri-müəyyən olduğu vaxtda Milli Şuranın namizədi Cəmil Həsənli ölkə əhalisi üçün vəziyyəti xeyli asanlaşdırdı. O, Ilham Əliyevi təkcə korrupsiyada ittiham etmədi, həm də dövlət başçısını xalqa hesabat vermək üçün özü ilə polemikaya çağırdı. Ilham Əliyevin bu polemikaya gəlməməsi üçün heç bir texnoloji əsas ola bilməz.
Yəni o əvvəllər deyirdi ki, özünə rəqib görmədiyi üçün debata çıxmır. Amma indi vəziyyət başqadır. Cəmil Həsənli hakimiyyətin bir neçə birbaşa və dolayı namizədini sıradan çıxardı. Ilham Əliyevin bu cinayətkar və korrupsiyaçı sistemin başında durduğunu bəyan elədi. Dubay mülklərini, Vircin adalarını, Panama şirkətlərini dilə gətirdi və dedi ki, bütün bu faktlar deyilməlidir. Ilham Əliyev həm də üçüncü dəfə namizəddir, onun xalqın qarşısına çıxmadan üçüncü dəfə namizəd olması əslində açıq-aşkar xalqı saymaması deməkdir. “Nazirlərinin arxasınca danışan prezident” imici Ilham Əliyev ətrafında lətifələr yaratmağa başlayır. Məsələn, belə bir lətifə də var: “Bərdədəki köçkün şəhərciyində sakinlərlə görüşən Ilham Əliyevə şikayət edirlər. Ramiz Mehdiyevdən tutmuş icra başçısına qədər hər kəsin adını çəkirlər, deyirlər ki, ölkə talanır. Ilham Əliyev həyəcanla gözləsə də, adı çəkilmir. Maşına minib qayıtmaq anında yanındakılardan birinə əyilib deyir, gördün, mən yaxşıyam, sadəcə ətrafım pisdir.
Məhşur deyimi yəqin ki, xatırlayırsız, xalq öz problemlərindən lətifələrlə ayrılır. Amma indi təkcə lətifələr bəs eləmir.
22 sentyabr dönüş günü
Əslində bu tarixi bir şansdır. Şansı taleyə çevirmək bizim əlimizdədir. Niyə biz evdən çıxa bilmirik? Niyə Bakının mərkəzində “Inşaatçılar” metrosunun yanında mitinqə qoşulmayaq? Əgər bu mitinq bizim uşağımızın boğazındaki son tikəyə göz dikənlərin yediyini tikan edəcəksə, qanımızı zəli kimi soranlara duzlu məlhəm olacaqsa, qolumuzdakı, ruhumuzdakı qandalları qırıb atmaq üçün bir təkan olacaqsa, biz niyə tərpənməyək? Biz özümüz üçün Bakının bir yerindən durub başqa yerinə getməyi borc, vəəzifə, ləyaqət işi bilmiriksə, onda biz başqalarından nə gözləyək? Ümumiyyətlə, biz niyə başqa kimdənsə nəsə gözləməliyik? Bu mitinq Əliyevlərə daha bir zərbə ola bilər. Amma bu günə qədər vurulmamış zərbə. Doğma zərbə. Xalqın bağrından qopan etiraz. Bütün hakimiyyətdəkilərin anladığı dildə, on minlərin etirazı bu hakimiyyəti silkələyə bilər. Bu zərbəni hamı birlikdə vursa, heç bir əzilən olmayacaq. Ölkəmizin taleyi demokratik yolla dəyişəcək. Saxtakarlığa imkan olmayacaq. Varmısan, bu işdə? Buna yox demək, daha beş ili Əliyevlər ailəsinə bağışlayıb sonra gileylənmək deməkdir. “Varam” demək insan kimi var olmaq, özünə inanmaq, körpələrin gələcəyinə bir təbəssüm hədiyyə eləməkdir. Bu gün alınan haqqınızı qaytarmaqdır. Əlinizin qabarına, beyninizin gücünə hörmət etməkdir. Özünü insan kimi uca tutmaqdır. Gəl və millətini, ailəni ucalara qaldır. 22 sentyabrda səninlə birlikdə olmaq bizim üçün qürurdur!
Seymur Həzi