«Bakı kəndlərinin əksəriyyəti Cəmil Həsənliyə səs verəcək, ona böyük inam var»
Məşədi Natiq Kərimov: «Cəmil Həsənli yeganə namizəddir ki, insanların istədiyi dəyişiklikləri reallaşdıracağına söz verir»
Artıq bir neçə gündür ki, seçki təşviqatına başlanılıb. Hakimiyyət hər vəchlə seçki ab-havasının cəmiyyətdə duyulmamasına çalışsa da toplumda seçkiyə maraq hiss olunmaqdadır. Müsahibimiz Nardaran Ağsaqqallar Şurasının sədri, Milli Şuranın üzvü Məşədi Natiq Kərimovla söhbətimizə Bakı kəndlərində seçki fəallığının hansı səviyyədə olduğu ilə bağlı suala cavab almaqla başladıq.
– Bakı kəndlərində seçki ilə bağlı söhbətlər artıq əhali tərəfindən geniş müzakirə olunur. Demək olar ki, əhalinin toplandığı bütün məkanlarda qarşıdan gələn seçkilərlə bağlı müzakirələr aparılır. Belə gördüm ki, əhalinin əksəriyyətində Cəmil Həsənliyə böyük inam var. Çünki Cəmil Həsənli cəmiyyətin narazı kəsiminin sözünü deməyə gəlib. Əhali namizədlərin çıxışlarından kimin onların maraqları üçün çalışdığını açıq şəkildə gördü. Ona görə mən belə düşünürəm ki, Bakı kəndlərinin böyük əksəriyyəti Cəmil Həsənliyə səs verəcək. Insanlar artıq dəyişiklik istəyir. Çıxışlarda isə Cəmil Həsənli yeganə namizəddir ki, insanların istədiyi dəyişiklikləri reallaşdıracağına söz verir.
– Nardaran kəndi Bakı kəndləri arasında spesefik xarakterə malik bir kənddir. Bu kənd əksər seçkilərdə seçki prosesindən kənarda qalmağa üstünlük verib. Bu dəfə nardaranlıların seçimi necə olacaq?
– Nardaranda iki dövr bələdiyyə seçkiləri keçirilməyib. Axırıncı dövrdə də seçkilər keçirilsə də insanların böyük əksəriyyəti ona qatılmadı. Amma mən ümid edirəm ki, budəfəki seçkilərdə əhali fəal olacaq və Cəmil Həsənliyə səs verəcək. Nardaran vaxtilə Naxçıvanla yanaşı SSRI-nin saxlanmasına “yox” deyən yeganə məkandır. Baxmayaraq ki, o zamanın dövlət rəhbərliyi ilə Nardaran əhalisinin münasibəti yaxşı idi.
– Artıq ilk televiziya çıxışları edildi. Bu teleçıxışları necə dəyərləndirmək olar?
– Maraqlıdır ki, yalnız bir neçə namizəd dilinə “mən prezident olmaq istəyirəm” kəlməsini gətirir. Amma teleçıxışlardan açıq görünür ki, namizədlərin böyük əksəriyyəti Milli Şuranın namizədinə qarşı təbliğat aparmaq üçün televiziyaya çıxıb. Mən bunu pis qiymətləndirirəm. Namizədlər konkret proqramla çıxış etməlidirlər. Xalq bilməlidir ki, onlar seçiləcəyi təqdirdə hansı problemləri həll edəcəklər. Namizədlər bir-birinə qarşı təbliğat aparmamalıdırlar. Iqtidarın borcudur ki, həm seçkiləri düzgün formada keçirsin və Azərbaycanın reytinqi növbəti dəfə saxta seçkilərə görə hədəfə düşməsin. Müxalifətə qarşı kampaniya aparan digər namizədlər prezident olmaq istəmirlər. Bu onların çıxışlarından da hiss olunur. Əvvəlcədən məlum idi ki, seçkilərdə əsasən iki qüvvə mübarizə aparacaq. Əgər seçkilər düzgün keçirilərsə, hamı görəcək ki, real mübarizə Ilham Əliyev və Cəmil Həsənli arasında gedir. Qalan namizədlər sadəcə olaraq görüntü yaratmağa xidmət edir. Nəticədə efir vaxtı boş yerinə məşğul edilir. Debatda müəyyən dərəcədə Cəmil Həsənli ilə yanaşı bir qədər Iqbal Ağazadə hakimiyyətə müəyyən mesajlar verdi. Qalan namizədlər isə Cəmil Həsənlini hədəf seçdilər. Əksinə, iqtidarı hədəf seçmək lazımdır. Çünki Azərbaycandakı vəziyyətin ən başlıca səbəbkarı iqtidardır.
“Çalışmalıyıq ki, Azərbaycan çiçəklənən dövlətə çevrilsin”
– Bakı kəndlərinin əhalisi seçki kampaniyası dövründə Cəmil Həsənli ilə yanaşı hansı siyasi liderlərlə görüşmək istəyərdi?
– Milli Şurada kifayət qədər intellektual adamlar var. Milli Şurada həm siyasi partiya liderləri, həm də Ziyalılar Forumundan ziyalılar təmsil olunublar. Bakının hər kəndinin öz xüsusiyyətləri var. Bəzi kəndlərdə hakimiyyət müəyyən şirnikləndirici vədlər verib. Bütün mənzərə seçki mühitində tam aşkar olunacaq. Əminəm ki, Bakı kəndləri Cəmil Həsənli başda olmaqla Milli Şuranın bütün intellektuallarını görmək istəyər. Əhali Milli Şuranın uzunmüddətli planlarını da bilmək istəyir. Əhali dəyişikliyi reallaşdırmaq istəyir. Hacı Allahşükür Paşazadənin bir sözü var.”Haqqın haqlıya verilmə vaxtı”. Bu seçkidə haqqı haqlıya verməyin zamanı çatıb. Düzdür, bu fikri şeyx başqa mənada deyib. Çalışmalıyıq ki, Azərbaycan çiçəklənən bir dövlətə çevrilsin.
– Sentyabrın 17-də jurnalist, hüquq müdafiəçisi, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli qondarma ittihamlarla həbs olundu. Ekspertlər hesab edir ki, seçki dövründə baş verən bu olay cəmiyyətdə siyasi aktivliyin qarşısının alınması məqsədi daşıyır…
– Əlbəttə, bu həbs cəmiyyətdə xof yaratmaq üçün atılıb. Pərviz Həşimli gənc, namaz qılan, istedadlı gənclərimizdəndir. MTN-nin baş verənlərə bu cür yanaşması təəssüf doğurur. Bu vaxta qədər əsassız həbsə atılan xeyli jurnalist, dindar, müxalifət fəalı var. Onların əksəriyyətinə oxşar ittihamlar irəli sürülür. Illərdir insanları zindanlarda çürütmək sistemin mahiyyətindən irəli gəlir. Ona görə sistemi dəyişmək lazımdır. Bu sistemin davam etməsi, bu cür repressiyaların davam etməsi deməkdir. Tanınmış bir jurnalistə bu cür qondarma ittihamlar irəli sürmək absurddur. Mən bu ittihamları qəbul etmirəm və etirazımı bildirirəm.
– Cəmil Həsənli ilk teleçıxışında Ilham Əliyevin debatlara qatılaraq xalq qarşısında hesabat verməli olduğunu bildirdi. Çünki Ilham Əliyev təkcə namizəd deyil, o, son on il ərzində ölkəyə rəhbərlik edib və son zamanlar Azərbaycan hakimiyyəti barəsində beynəlxalq mediada gedən informasiyalara aydınlıq gətirməlidir…
– Tamamilə düzgün yanaşma və tələbdir. Çünki əgər dövlət başçısı da namizədliyini irəli sürübsə, o, prezidentlik səlahiyyətlərini bir müddət dondurmalı və bütün namizədlərlə yanaşı teledebatlara qatılmalıdır. Debatlara qatılan zaman isə Ilham Əliyev çıxış etməklə yanaşı prezidentliyi dövründə baş verən müsbət və mənfi məqamlara da münasibət bildirməlidir. Amma Ilham Əliyevi teledebatlarda Siyavuş Novruzov, Əli Əhmədov kimi şəxslərin təmsil etməsi onun reytinqini daha da aşağı salır. Namizədlikləri qeydə alınanlar rəsmən 40 min imza toplamış şəxslərdir. Onlara da hörmət qoyulmalı və dövlət başçısı gəlib teledebatlarda iştirak etməlidir. Bütün namizədlər bir yerdə debatda iştirak edərək insanları narahat edən məsələlərə toxunmalıdırlar. O cümlədən beynəlxalq mətbuatda yazılanlara münasibət bildirilməlidir. Siyavuş Novruzov və Əli Əhmədov bu məsələlərə cavab verə bilməzlər.
“Sistem özü yanlış olduğundan problem həll edə bilməz”
– Dövlət başçısı Ilham Əliyev seçki kampaniyasında 10 vədlə çıxış edib. Onlardan ikisi xüsusilə maraq doğurur. Belə ki, ötən müddət ərzində Azərbaycanın insan hüquq və azadlıqlarının pozulmasına görə lider ölkə olmasına rəğmən Ilham Əliyev bəyan edib ki, növbəti prezidentliyində insan haqlarını yüksək səviyyədə qoruyacaq. Digər vəd isə növbəti beş ildə Qarabağın erməni işğalından azad olunacağı ilə bağlıdır. Bu vədlərin reallaşması nə dərəcədə mümkündür?
– Mən bu vədləri on ildir eşidirəm. Qarabağın həlli xeyli çətinləşib. Vaxtilə bu problemi antiterror əməliyyatları həyata keçirərək həll etmək olardı. Amma bu problemi o qədər böyütdülər ki, beynəlxalq bir problemə çevrildi. Indi Qarabağ probleminin həlli xalqın və hakimiyyətdə təmsil olunan siyasi qüvvənin iradəsindən asılıdır. Vaxtilə rəhmətlik “qara polkovnik” Fətulla Hüseynov Qarabağda antiterror əməliyyatının həyata keçirilməsini istəyirdi. Amma problemi həll etmək əvəzinə onlara qarşı çıxıldı. Indi Qarabağın azad olunmasıyla bağlı söylənilənlər yaxşı fikirlərdir. Amma bu məsələlər reallıqdan uzaqdır. Artıq sistem özü vəziyyəti o həddə gətirib çıxarır ki, insanlar etirazlarını ifadə edirlər. Bu fikrə isə Azərbaycanda dözümsüz yanaşılır və bu üzdən siyasi məhbusların sayı durmadan artır. Ona görə hər iki vədi dövlət başçısının şişirdərək söylədiyini düşünürəm. Ötən müddət ərzində heç kim dövlət başçısının qarşısını almamışdı ki, deyilən müddətdə Qarabağı azad etsin. Bizim güclü ordumuz və xaricdə təhsil almış zabitlərimiz var. Heç kim mane olmurdu ki, hakimiyyət bunu növbəti beş ilə saxlasın. Hamı canını Qarabağ torpağı uğrunda verməyə hazırdır. Belə bir çağırış edilərək insanlara hansı addımları atmalı olduqları deyilməli idi. Ona görə dövlət başçısının bu vədlərinə inamsızlığım var.
– Milli Şuranın 22 sentyabr aksiyasından gözləntiləriniz nədən ibarətdir?
– Mənim təmasda olduğum bütün şəxslər Milli Şuranın qarşıdan gələn aksiyasına hazırlaşdıqları ilə bağlı qəti mövqelərini ifadə ediblər. Əhali qarşıdan gələn aksiyaya sadəcə bir mitinq kimi yanaşmır. Bu, insanların öz fikirlərini ifadə etmək yoludur. Bu görüşlərdə insanların müqəddaratı həll olunur. Ona görə insanlar bu mitinqlərdə fəal iştirak etməlidirlər. Budəfəki aksiyanın məkanı olduqca əlverişli yerdə yerləşir.
– Hakimiyyət də artıq seçki görüşlərinə başlayıb. Amma maraqlısı odur ki, hakimiyyətin təşviqat görüşlərinə maksimum 100 nəfər qatılırsa, Kəmaləddin Heydərovun Zaqatalaya səfəri zamanı 5 mindən artıq şikayətçi onu müraciət etmişdi. Bu nəyin görsənişidir?
– Bu, sovet dövründən qalma siyasətdir. Nazirlərin hazırda rayonlara problemləri həll etmək üçün ezam edilməsi bu siyasətin davamıdır. Hakimiyyətin təşkil etdiyi görüşlərdə əvvəlcədən öyrədilmiş, əl çalmağa xidmət edən adamlar iştirak edir. Bu əsl görüş deyil. Əsl görüş əhali ilə kütləvi şəkildə görüşərək, onların problemlərini həll etməkdir. Nazirlər problemləri həll edən olsaydı, Kür daşqınları, Zaqatala zəlzələsi zamanı həll edərdi. Bu fəlakətlərin nəticələri hələ də göz önündədir. Bu problemləri məmur həll edə bilməz. Çünki onun xidmət etdiyi sistem düzgün deyil. Düzgün olmayan sistemdə problem həll edilə bilməz. Ona görə köklü dəyişikliklər lazımdır. Əminəm ki, insanlarımız bu dəyişiklikləri arzuladıqlarından gəlib seçkilərdə iştirak edəcəklər. Hakimiyyətin mənbəyi xalqdır. Cəmiyyət bunu unutmamalı və seçkiyə qatılmalıdır. Xalq seçkiyə gələrək layiqli namizədə səs verməli, dəyişikliyi özü reallaşdırmalıdır. Bizim dövlətimiz kasıb deyil. Bizim dövlətimiz istəsə insanlarımızı dünyanın ən xoşbəxti edə bilər.
Xəyal