“Azərbaycanlılar onlara aid sərvətin göyə sovrulmasından qəzəblidirlər”
“İlham Əliyev öz repressiv rejimini gücləndirmək və Avropanın sükutunu satın almaq üçün ölkənin sərvətlərindən istifadə edir”
“Əliyevlər ailəsi 20 ildir saxtalaşdırılan seçkilər, müxaliflərin həbsi, etirazçıların döyülməsi və medianın boğulması hesabına hakimiyyətdədir”
Britaniya solçularının iki ayda bir dəfə çıxan populyar “Red Pepper” məcmuəsində Azərbaycanla bağlı məqalə dərc olunub. Məqlədə deyilir ki, Azərbaycanın avtokrat lideri İlham Əliyev öz repressiv rejimini gücləndirmək və Avropanın sükutunu satın almaq üçün ölkənin karbohidrogen sərvətlərindən istifadə edir.
Məqalənin müəllifi Emma Hughes yazır ki, Azərbaycan hökumətinin qaz istehsalına canatımı, Britaniyadakı yeni qaz-istilik stansiyalarını xilas edib.
Müəllif yazır ki, hökumət BP şirkətinin Şahdəniz yatağında 26 yeni qaz quyusu qazmasına dəstək verib, London və Brüsseldəki söz sahibləri isə artıq indidən Avropaya qaz gətirəcək nəhəng yeni kəmər layihəsi üçün maliyyə və razılaşmaları hazırlamaqla məşğuldurlar.
Məqalədə deyilir ki, təklif olunan kəmər, qazı BP-nin Səngəçal terminalından götürəcək və Gürcüstana, oradan isə əvvəlcə Türkiyə boyunca uzanan Transanadolu kəməri vasitəsilə Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql edəcək.
Emma Hughes yazır ki, nəqlin hər seqmenti müxtəlif adlar daşısa da, bunların hamısı vahid megakəmərin hissələridir.
Müəllif bildirir ki, bu kəmər həmçinin Türkmənistan, İraq və İran qazını da Avropaya gətirməyə iddialıdır.
Məqalədə qeyd olunur ki, belə bir kəmər ekoloji baxımdan fəlakətli görünür. Belə ki, əlavə olaraq 2048-ci ilədək daha 1,100 milyin ton karbon qazının atmosferə buraxılmasına səbəb olacaq. Bu isə kəmərlə əlaqədar olan 5 ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyanın iki il yarımda yaranan emissiyalarının həcminə bərabərdir.
Karbohidrogen diktatoru
Məqalə müəllifi yazır ki, hakim Əliyevlər ailəsi son iyirmi ildə saxtalaşdırılan seçkilər, müxalif namizədlərin həbsi, etirazçıların döyülməsi və medianın boğulması hesabına hakimiyyətdədir.
Bu da xatırladılır ki, hakimiyyəti 2003-cü ildə oğluna ötürmüş Heydər Əliyevin özü də çevriliş nəticəsində prezident olub.
Emma Hughes yazır ki, neftçilərin hüquqlarını müdafiə edən Mirvari Qəhrəmanlı ölkənin avtokratik rejimində BP şirkətini günahlandırır.
“O pulsuz kimdir ki? BP-nin pulu olmasaydı, onun pulu, polisi hardan olardı? Onlar BP-dən pullanıblar və nəticədə daha möhkəm hakimiyyətə malikdirlər” – deyir xanım Qəhrəmanlı.
Daimi tikinti
Emma Hughes məqaləsində Azərbaycanı daimi tikintiyə bənzədir. Bir yanda söküntü, toz-torpaqlı küçələr, bir tərəfdə isə heç vaxt bitməyən tikinti işləri.
Müəllif yazır ki, bu tikintidən ilk növbədə kimlərin qazandığını Azərbaycan jurnalistləri yaxşı bilirlər.
“Xədicə İsmayılova bu tikintilərin çoxunu prezident və onun ailəsi ilə bağlayır” – yazır Emma Hughes.
“Mülkiyyətlərə Eurovision 2012 Mahnı Yarışının keçirildiyi “Crystal Hall” və onun yaxınlığında, qiyməyti 38 milyon dollar olan “Bayraq meydanı” daxildir”, – deyə məqalədə qeyd olunur. Məqalədə deyilir ki, bu meydanın tikintisi üçün vəsaitin üçdə ikisi prezidentin ehtiyat fondundan və yerdə alan üçdə biri isə dövlət büdcəsindən ödənib. Bu tikintidən prezidentə bağlı şirkətlərin mənfəətləndiyi bildirilir.
“Əliyevlərə bağlı müəssisələrin siyahısı genişdir. – yazır müəllif, – bura mobil telefon şirkətləri, qızıl mədənləri və enerji infrastrukturu aiddir”.
O qeyd edir ki, Azərbaycanda böyük infrastruktur layihələri neft gəlirlərindən ibarət dövlət büdcəsindən maliyyələşdirilir və prezidentin özü də daxil olmaqla, yüksək vəzifəli rəsmilərə bağlı şirkətlərə verilir.
Məqalədə bu da qeyd olunur ki, yeni qanunlar bu kimi sahibkarlıq barədə məlumatı açılması mümkün olmayan dövlət sirri edir.
Emma Hughes yazır ki, jurnalist Xədicə İsmayılova bu cür sirləri faş etdiyinə görə şantajla üzləşib. Gizli kamera ilə onun intim həyatına görüntülər mənzilində çəkilib və internetə yerləşdirilib. Jurnalistin aldığı təhdid məktubunda onu xəbərdar ediblər ki, təhqiqatını dayandırmasa bütün videoteyp yayınlanacaq. Jurnalist təhqiqatını davam etdirib və video tamamilə internetə buraxılıb. Hakimiyyət “əxlaqsız qadın” kimi təqdim etməyə çalışsa da, ictimaiyyətin daha liberal olduğu və jurnalistə dəstək verdiyi üzə çıxıb.
“Azərbaycanda demək olar ki, müstəqil media yoxdur, qəzetlərin əksəriyyəti və bütün telekanallar hakimiyyətin nəzarəti altındadır” – deyilir məqalədə.
Gözləntilər ölkəsi
“Azərbaycanlılar onlara aid sərvətin göyə sovrulmasından qəzəblidirlər. Bakının mərkəzi hissəsinin dəbdəbəsinə baxmayaraq, əhali səhiyyə də daxil, ən adi xidmətlər üçün böyük məbləğlər xərcləməyə məcburdur” , – yazır Emma Hughes..
Məqalədə deyilir ki, gənc nəsil Facebook, bloqlar və flashmoblar vasitəsilə yeni mübarizə üsullarına yiyələnib və onlar artıq “Əliyev getsə yox, nə vaxt gedəcək” sualını qoyurlar.
Müəllifin fikrincə, bütün ölkə dəyişiklik gözləntisindədir.
“Demokratiya asanlıqla qazanılmayacaq. Əliyev ailəsinin hakimiyyətdən devrilməsi çətin proses olacaq. Bu prosesi, həm də hökumətin Qərb müttəfiqləri daha da çətinləşdirirlər”, – deyilir yazıda.
Müəllif vurğulayır ki, Brüsselə bu yaxınlardakı səfəri zamanı İlham Əliyev Avropaya 2 milyard kubmetr Azərbaycan qazı vəd edib və əvəzində Avropa Komissiyasının sədri Joze Manuel Barroso “ölkənin insan haqları və demokratiya sahəsində tərəqqisi”ni tərifləyib.
Bu yaxınlarda elan edilib ki, Şahdəniz konsorsiumu ilə Transadriatik kəməri arasında müqavilənin imzalanması oktyabrın ortalarına təsadüf edəcək. Müəllif qeyd edir ki, deməli, bu imzalama prezident seçkiləri ilə eyni vaxtda düşməklə Avropada Azərbaycanın siyasi məhbusları və saxta seçkiləri barədə danışmaq istəyənləri susduracaq (“Azaadlıq” radiosu).