Əli Kərimli: “Azərbaycan xalqı hər hansı ünvandan kömək gözləmədən seçki kampaniyasına hamılıqla qoşulsa, o zaman situasiya kökündən dəyişər”
AXCP sədri, Milli Şuranın üzvü Əli Kərimli sentyabrın 13-də “Media forum” saytının suallarını cavablandırıb.
– Mərkəzi Seçki Komissiyasının Milli Şuranın namizədi Cəmil Həsənlini qeydiyyata alıb-almayacağına müəyyən şübhələr, tərəddüdlər vardı. Amma Cəmil Həsənli qeydə alındı…
– Hökumət artıq bir dəfə Milli Şuraya çox ciddi problem yaradıb, şuranın əvvəlcə müəyyənləşdirdiyi namizəd Rüstəm İbrahimbəyovun müxtəlif bəhanə və vasitələrlə qeydiyyata alınmamasını təmin edib. İkinci dəfə də Milli Şuranın namizədinin qeydə alınmaması, ona problemlər yaradılması bütün hədlərin aşılması olardı.
Açığı, biz Cəmil Həsənlinin qeydə alınmayacağından çox da narahat deyildik. Hesab edirəm ki, hökumət müxalifətə bu seçki kampaniyasında, qeydiyyat mərhələsində yarada biləcəyi maneəni yaradıb. Bundan daha artıq problem yaratmaq və Milli Şuranı bütövlükdə seçkidən kənarda qoymaq seçkinin alternativsiz keçiriləcəyini indidən bəyan etmək olardı. Hökumət də buna risk edə bilməzdi. Ona görə də Cəmil Həsənlinin namizədliyinin qeydə alınmasına maneə yarada bilməyəcəkləri gözlənilən idi.
– Seçkinin təbliğat-təşviqat mərhələsində mitinq və görüşlərin keçiriləcəyi yerlər açıqlanıb. Ayrılan yerləri qənaətbəxş sayırsınızmı?
– Bu yerlərin ayrılmasının özü konstitusiyanın və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun birbaşa pozulması deməkdir. Azərbaycan Konstitusiyasında və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda göstərilir ki, mitinqlərin, nümayişlərin, yürüşlərin keçirilməsi üçün yeri, vaxtı, şüarları vətəndaşlar, təşkilatçılar müəyyənləşdirir. Hökumətin, icra hakimiyyətinin həmin yerləri seçməyə, müəyyənləşdirməyə, bununla bağlı qərar verməyə səlahiyyəti yoxdur. Hakimiyyət məhdudiyyətlər müəyyənləşdirə bilər ki, harada olmaz. Bu məhdudiyyətlər də çox müstəsna hallarda olmalıdır. Qalan yerlərin hər birində mitinqlər keçirilə bilər – qanun belə tələb edir. Əslində hökumətin atdığı son addım onun etirafı oldu ki, Azərbaycanda istər konstitusiyanın sərbəst toplaşmaq azadlığını təmin edən maddəsi, istərsə də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun kağız parçasıdır, bunların hüquqi qüvvəsi yoxdur. Azərbaycanda ümumiyyətlə hüququn aliliyi olmadığına görə avtoritar rejimin başçısı müəyyənləşdirir ki, hansı qanun tətbiq edilməlidir, hansı yox. Deməli, bu qanunlar Azərbaycanda arzuolunmaz, təsdiq olunmayan qanunlardandır. Bu birinci məsələdir.
İkincisi, nəzərdə tutulan yerlər kütləvi aksiyalar üçün olduqca əlverişsizdir. Bu yerlərin mütləq əksəriyyəti yaşayış massivlərindən, şəhərin mərkəzindən kənardadır, seçicilərin bir araya gəlməsi, kütləvi görüşlərin keçirilməsi üçün uyğun deyil. Rayonlarda ayrılan yerlər də çox əlverişsizdir.
Hazırkı mitinqlər seçicilərlə görüş məqsədi daşıyır. Namizəd seçicilərin ayağına getməlidir. Amma hər rayon mərkəzindən beş-on kilometr kənarda, insan yaşamayan ərazilərdə yer ayırıblar. Yəni hökumət yeri elə ayırıb ki, seçici namizədin ayağına getsin. Bu, görüşlərin keçirilməsinə əngəl yaratmaqdır. Hökumət hətta seçki kampaniyasının 21 günlük müddətində də sərbəst toplaşmaq azadlığına şərait yaratmamaq qərarına gəlib. Özlərinə əmin deyillər. Hətta bu qısa müddətdə də müxalifətin güclü kampaniya aparmasını istəmirlər, bundan ehtiyatlanırlar. Bu da özünə güvənməməkdən irəli gəlir. Hakimiyyət özünü heç bir ədalətli rəqabətə hazır saymır.
– Bir neçə gündən sonra təbliğat-təşviqat kampaniyası başlanacaq. Milli Şuranın planları və hədəfləri nədir? Təbliğat işinin necə qurulacağı dəqiqləşibmi?
– Seçki ilə məşğul olan strukturlara Cəmil Həsənli rəhbərlik edir və onun özünün koordinasiyası ilə seçki qərargahı, Seçki Strateji Mərkəzi fəaliyyət göstərir, toplantılara çox vaxt Cəmil müəllim sədrlik edir. Planlaşdırma xarakterli mühüm qərarlar artıq qəbul olunub. Seçki qərargahı ölkə üzrə mitinqlərin, görüşlərin keçirilməsi üçün plan tərtib edir. Harada imkan olacaq, Cəmil Həsənli iştirak edəcək, mümkün olmayan yerlərə isə onun vəkilləri gedəcək.
Yeri gəlmişkən, Cəmil Həsənlinin kifayət qədər güclü vəkillər komandası olacaq. Onlar ölkənin hər yerində namizədi təmsil edəcəklər. Təəssüf ki, İctimai Teleradioda təşviqat üçün çox az vaxtın olacağı gözlənilir. Namizədlərin sayının süni şəkildə artırılması ona xidmət edir ki, müxalifətin vahid namizədinin İctimai Teleradiodakı ödənişsiz efir vaxtından istifadə imkanları az olsun. O cümlədən ödənişli televiziya reklamları üçün fantastik qiymətlərin müəyyənləşdirilməsində, 1 dəqiqəyə görə 3 min manat tələb olunmasında da məqsəd budur. Belə bahalı efirdən istifadə etmək müxalifət üçün çətin olacaq. Ona görə pulsuz efir vaxtından istifadə ediləcək – bu efir vaxtı az olsa da. Yaranmış məhdudiyyətləri fəallarımızın çoxluğu ilə kompensasiya edəcəyik. Cəmil Həsənlinin bu kampaniyada ən böyük üstünlüyü odur ki, onu real siyasi partiyalar müdafiə edir. Minlərlə, hətta ola bilsin, on minlərlə insan bu prosesə qoşulacaq. Biz həmin institutların fədakarlığı sayəsində bütün ölkə boyu qapı-qapı gəzib Cəmil Həsənlini onlara təqdim etmək niyyətindəyik. Cəmil Həsənlini tanıtma materialları hazırlanır. Onlar yəqin ki, kampaniya başlanana qədər hazır olacaq. Bu materiallar vasitəsilə seçicilərə Cəmil Həsənlinin platformasından çıxarışlar paylanacaq, onun əsas mesajları çatdırılacaq. Cəmil müəllimin özü, tərcümeyi-halı haqqında ən mühüm materiallar veriləcək.
Kampaniyamızda əsas ağırlıq mərkəzi seçicilərlə Cəmil Həsənlinin üzbəüz təması olacaq. İmkanlarımız məhdud olsa da, hesablamışıq ki, zəruri materialları hazırlaya biləcəyik. Cəmil Həsənli haqqında materiallar hər bir evə, hər ailəyə çatdırılacaq.
Sosial şəbəkələrdə Cəmil Həsənlinin kampaniyasını aparmaqla bağlı xüsusi bir plan var. Artıq bəzi işlər görülür. Rəsmi kampaniya başlanandan sonra sosial şəbəkələrlə daha ciddi şəkildə iş aparılacaq. Çünki Azərbaycanda təkcə “Facebook”a üzv olanların sayı 1 milyon 200 min nəfərdən çoxdur. Bu təbəqə ilə aktiv işin qurulması planlarımıza daxildir. Eyni zamanda Cəmil Həsənlinin seçki qərargahında müxtəlif üslublu təşviqat materialları hazırlanır. Onların bir çoxu internet vasitəsilə video şəklində yayılacaq. Cəmil Həsənlinin təşviqat kampaniyasında ən müxtəlif vasitələrdən istifadə olunacaq.
“Əsas məsələ problemləri həll etmək bacarığıdır”
– Milli Şuraya daxil olan partiyaların liderləri Cəmil Həsənlinin rayonlarda keçirəcəyi mitinq və görüşlərdə iştirak, İTV-dəki pulsuz efir vaxtından istifadə edəcəkmi?
– Bu suallar birbaşa Cəmil Həsənliyə aiddir. Amma mən belə hesab edirəm ki, pulsuz efir vaxtı onsuz da çox az olacaq. Düzgün olar ki, Cəmil Həsənli özü bu vaxtdan istifadə eləsin, Azərbaycan vətəndaşlarına maksimum çox mesaj çatdırsın. Mən, İsa Qəmbər, Cəmil Həsənliyə dəstək verən başqa siyasətçilər mesajımızı seçicilərə çatdırmaq üçün başqa vasitələr tapa bilərik. Hesab edirəm ki, daha təsirli vasitədən Cəmil Həsənli özü istifadə eləməlidir. Çünki ilk növbədə səs ona verilir. Mitinqlərlə bağlı da səlahiyyət tamamilə Cəmil Həsənlidə olacaq. Hansı tədbirdə iştirakımızı məqsədəuyğun saysa, o tədbirdə iştirak edəcəyik. Hansı mərhələdə, hansı işdə ehtiyac duyulsa, biz orada olacağıq. Hansı işi başqa səlahiyyətli nümayəndələrin görməsi məqsədəuyğun görülsə, ona hörmətlə yanaşacağıq.
– Milli Şurada təmsil olunan bütün siyasi partiyalar, hərəkatlar, ayrı-ayrı şəxslər seçki prosesində tam potensialları ilə iştirak edirmi? Çünki qeydiyyat üçün lazım olan imzaları AXCP və Müsavat Partiyası topladı. Şura üzvü olan digər qurumların qarşıdakı mərhələdə fəal iştirak edəcəyini gözləyirsinizmi?
– Seçkinin təbliğat-təşviqat mərhələsi hələ başlamayıb. Təşviqat kampaniyası dövründə bilinəcək ki, hansı partiyanın, qurumun Cəmil Həsənliyə töhfəsi nədən ibarətdir. Cəmil Həsənlinin şəxsi hesabına pul toplanmasına nə qədər ürəkdən yardım edəcəklər, seçkidə onun haqqının tapdanmaması üçün seçki məntəqələrinə nə qədər müşahidəçi cəlb edəcəklər, Cəmil Həsənlinin təşviqat materiallarının evlərə, ailələrə çatdırılması üçün nə qədər könüllü fəal səfərbər edə biləcəklər, keçirilən kütləvi aksiyalara həm Bakıda, həm rayonlarda nə dərəcədə dəstək verəcəklər – bunun hamısı təşviqat kampaniyası dövründə aydınlaşacaq.
İmzalarla bağlı məsələ bir qədər spesifik idi. Biz qarşılıqlı razılıq əsasında bu prosesdə ağırlığın böyük bir hissəsini əvvəlcədən yaxşı hazırlaşmış, müəyyən daxili seminarlar keçmiş Xalq Cəbhəsi və Müsavat fəallarının üzərinə qoyduq. Çünki vaxt çox az idi, hər hansı gözlənilməz bir səhvdən ehtiyatlanırdıq. Əksəriyyət razılaşdı ki, imza toplama kampaniyasını cəbhəçilər və müsavatçılar həyata keçirsin. Bu o cür qiymətləndirilməməlidir ki, Milli Şurada olan digər partiyalar imza toplamaq istəmədilər. Məsələ elə deyildi. Ona görə imza toplama kampaniyası haqqında mən heç nə demək istəmirəm. Amma bundan sonra gözlənilir ki, təşviqat dövründə Milli Şurada təmsil olunan bütün siyasi partiyalar tam potensialları ilə, ürəkdən Cəmil Həsənlinin müdafiəsində iştirak etsinlər.
– Milli Şurada bir neçə dəfə ciddi narazılıq olub. Liberal, Açıq Cəmiyyət partiyaları, EL hərəkatı indi də narazılıqlarını davam etdirir. Şuranın üzvü olan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev, demək olar, hər gün bir açıqlama yayır, Cəmil Həsənlinin namizəd olmasına etiraz bildirir, onun səs toplaya bilməyəcəyini deyir. Hazırda Milli Şuranı monolit təşkilat saymaq olarmı? Böhran vəziyyəti aradan qalxıbmı?
– Biz gərək unutmayaq ki, Milli Şura böyük bir koalisiyadır. Milli Şura hər hansı partiya deyil ki, daxildə olan fikir ayrılıqları dərhal böhran kimi qiymətləndirilsin. Bu, uzun illər ərzində bir araya gəlməmiş, uzun illər bir-birinə neqativ münasibəti olan siyasi qüvvələrin ümumi məqsədlər naminə bir araya gəlib yaratdığı koalisiyadır. Koalisiyalarda bizim öz təcrübəmiz o qədər çox olmayıb. Bizdə ümumiyyətlə siyasi meydan yoxdur ki, vətəndaşlar da siyasəti müşahidə etsin, nəticədə siyasi mədəniyyətimizi də genişləndirək. Amma başqa ölkələrin təcrübəsindən vətəndaşlar yəqin görürlər ki, harada koalisiya varsa, orada vaxtaşırı problemlər meydana çıxır. Koalisiyalarda problemlərin ortaya çıxmamasını arzulamaq yaxşıdır, amma real deyil. Əsas məsələ problemləri həll etmək bacarığıdır.
Hər halda son hadisələr göstərdi ki, Milli Şurada birləşən qüvvələr üçün onları birləşdirən dəyərlər, məqsədlər daha mühümdür. Fakt faktlığında qalır ki, bütün qurucu siyasi partiyalar Milli Şurada fəaliyyətini davam etdirir, hamısı bəyan edib ki, seçkidən sonra da Milli Şuranı tərk etmək niyyətində deyillər. Məncə, bu, kifayət qədər uğurlu nəticədir. Mübahisələrin olmasını, təbii ki, istəməzdim. Bəzi hallarda bu mübahisələr çox məyusedici olur. Amma görünür, biz bu mərhələləri keçməliyik. Bütövlükdə xalqımızın dəstəyini və mesajını qəbul edərək hamımız kompromislərə hazır olmalıyıq. Kompromislərə getmədən, emosiyaları cilovlamadan birliyi qoruyub saxlamaq olmaz. Mən inanıram ki, bu böyük birliyi qoruyub saxlamaq əzmindəyik.
– İndiyə qədərki proses 9 oktyabr seçkisinin necə keçiriləcəyini göstərir?
– Təəssüf ki, seçki kampaniyası əvvəlki seçkilərdə olduğu formada davam edir. Belə görünür ki, Azərbaycan hakimiyyəti bu dəfə də demokratik seçki keçirmək niyyətində deyil. Seçki komissiyaları tam olaraq hökumətin nəzarətindədir. Hökumət var qüvvəsi ilə inzibati resurslardan istifadə edir. Dövlətin bütün resursları artıq İlham Əliyevin təbliğatına istifadə olunur. İlham Əliyev qeyri-qanuni təbliğata artıq başlayıb. O cümlədən dövlət resurslarından istifadə etməklə, bu ilin yanvarında artırılmalı olan maaşları sentyabrda artırmaqla əslində seçicilərin satın alınmasına müəyyən bir təşəbbüs göstərib. Bunların hamısı qanun pozuntusudur və Azərbaycan hökumətinin demokratik seçkilərə hazır olmadığını göstərir.
Amma hələ vaxtımız var. Bu situasiyanı dəyişə biləcək çox mühüm bir faktor var. Azərbaycan cəmiyyətində indiki hakimiyyətdən, üçüncü dəfə prezidentliyə namizəd olmuş İlham Əliyevdən böyük bir narazılıq hökm sürür. Müxalifət isə birləşib. Ən müxtəlif çevrələrdə Cəmil Həsənliyə münasibət pozitivdir. Əgər biz – müxalifət düşərgəsi, Milli Şura öz kampaniyamızı yaxşı qura bilsək və Azərbaycan xalqı da hər hansı bir ünvandan kömək gözləmədən, özünə güvənərək, özünə arxalanaraq bu kampaniyaya hamılıqla qoşulsa, o zaman situasiya kökündən dəyişər. Biz çalışırıq ki, məhz bu baş versin. Bizim əsas resursumuz xalqımızın gücüdür, xalqımızın dəyişiklik arzusudur. Xalqımızın dəyişiklik arzusu təzahür edəcəksə, onun qarşısını heç kim ala bilməyəcək.
– Mərkəzi Seçki Komissiyası REAL hərəkatının sədri, məhbus İlqar Məmmədovun namizədliyini qeydə almayıb. Bunu necə qiymətləndirirsiniz və hərəkat üzvlərinə hansısa müraciətiniz varmı?
– İlqar Məmmədovun qeydə alınmamasına çox təəssüflənirəm. Hesab edirəm ki, bu, MSK-nın növbəti səhv addımıdır. İlqar Məmmədovun həbs olunması da, namizədliyinin qeydə alınmaması da qeyri-qanunidir. Biz ilk gündən İlqar Məmmədovun hüquqlarını müdafiə etmişik, bundan sonra da onun hüquqlarını müdafiə edəcəyik. Milli Şura müstəvisində REAL hərəkatı ilə kifayət qədər təmasımız olub. Hesab edirəm ki, bundan sonra atılan addımları da kollegial qaydada müzakirə edərək öz istəklərinə, məqsədlərinə, planlarına uyğun qərarlar verəcəklər. Mən onların qərar vermə prosesinə müdaxilə etmək istəmirəm. Əsas odur onlar bilir ki, biz REAL hərəkatında birləşmiş insanları yüksək qiymətləndiririk. Milli Şuranın təşəbbüskarları dəfələrlə onlarla söhbət edib. Biz onları vaxtında hətta Milli Şurada görmək istəmişik. Milli Şura ilə münasibətlərdə hansı məsafəni seçəcəklər, bu artıq REAL-çıların müstəqil çıxarmalı olduğu qərardır.